"Bakıda tıxac maşınların sayına görə yaşanmır"

Natiq Cəfərli: "Şəhərdə qeyri-effektiv idarə sistemi var"

Tıxac məsələsi Bakının əsas problemlərindən birinə çevrilib. Sıxlıq yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatında yaranır. Dəfələrlə bu barədə mətbuatda, sosial şəbəkələrdə yazılıb, müzakirələr aparılsa da dəyişən bir şey yoxdur. Hətta şəhərin hansısa bir yolunda qəza baş verərsə, bu, demək olar ki, bütün yollardakı hərəkətə təsir edir, sıxlıq yaradır. Mütəxəssislərə görə, tıxacların əsas səbəbi avtomobil sayının artması, parklanma yerlərinin azlığı, marşrutlararası intervalın çox olması və s. amillərdir. Lakin bəzi ekspertlərin fikrincə, paytaxtda tıxacların başlıca səbəbi avtomobil sayından daha çox, yol infrastrukturunun düzgün qurulmaması ilə bağlıdır. 

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, Bakıda tıxac problemi maşınların sayında deyil, qeyri-effektiv idarəetmə sistemindədir. Onun sözlərinə görə, problem maşın sayında deyil, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır:

 “2020-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür. Keçmiş “SSRİ” respublikaları arasında bu göstəriciyə görə biz 12-ci yerdəyik. Bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir. Ölkə avtomobil parkının 60 faizi 20 yaş və daha köhnə maşınlardır. Bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur. Gömrük rüsumlarının yüksək olması ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə mane olur”. 

N.Cəfərli bildirib ki, şəhərin baş planı olmadan tikinti meydançasına çeviriblər:

 “Küçələr dar, körpülər mənasız, alt keçidlər azdır. Bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Cürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır. Belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək.  Çıxış yollarından biri şəhərin boşaldılmasıdır. Universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. 

Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir”.