Yenə dəniz, yenə boğulma...! – Nə etməli? – ƏTRAFLI  İZAH 

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümünün açıq elan edilməsi gözlənilir. Bakı Şəhəri İcra Hakimiyyəti çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib. Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlər aparılır. Monitorinqlər Xəzərin Bakı, Abşeron rayonunun cənub və şimal hissələrində yerləşən çimərliklərində həyata keçirilir. Məqsəd Xəzər dənizində olan antropogen təsirlərin müəyyən edilməsi, eyni zamanda, çimərlik ərazilərindəki dəniz suyunun çirklənmə səviyyəsinin təyin olunmasıdır. Əlbəttə, istirahət gözəldir, amma bunun özü ilə problemlər gətirəcəyi qaçılmazdır. Söhbət ərazinin təmiz saxlanılması və təhlükəsizlik məsələlərindən gedir. 

Hər il onlarla insanın təhlükəsizlik qaydalarını pozduğu üçün bətbəxt hadisələrin qurbanı olduğunu deyən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, yalnız müvafiq qurumlar tərəfindən yararlı hesab edilən çimərliklərdən istifadə olunmalıdır:

"Çimərliklərə gedərkən ilk növbədə hava şəraiti nəzərə alınmalıdır. Küləyin sürəti saniyədə 15 metri keçərsə,yaxud günün qızmar vaxtı olarsa, suya girmək məsləhət deyil. 

Azyaşlı uşaqlar valideynlərin nəzarətində olmalı və sahilə parelel üzməlidir. Spirtli içki qəbul edib dənizə girmək,orada yarış təşkil etmək və qadağan olunmuş zolağı keçmək yolverilməzdir. Çimərlik sahilində istirahət zamanı tullantıları ətrafa atmaq öz sağlamlığımız və ekoloji baxımdan risk təşkil edir. 

Hər il mövsümün başlamasından öncə insanlar arasında maarifləndirmə işləri aparılır. Biz insanların bu qaydalara riayət etmələrini tövsiyə edirik".

Nihat Müzəffər