“Maarifçi” proqramı karyera imkanları yaradır

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Məqsəd tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq və gənclərə peşəkar vərdişlər qazandırmaqdır

 
 Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına II seçim turunda uğur qazanmış namizədlərlə görüş keçirilib. Görüşdə I “Maarifçi” proqramının nazirlikdə işə başlayan uğurlu təcrübəçiləri də iştirak edib. Proqram çərçivəsində Gəncə-Daşkəsən və Mil-Muğan regional təhsil idarələri, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə keçəcək tələbə və məzunlar görüşə onlayn qaydada qatılıblar. Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli gəncləri salamlayaraq onlara proqramla bağlı məlumat verib və proqram çərçivəsində həyat üçün vacib təcrübə qazanacaqlarını vurğulayıb. Aparat rəhbəri gənclərin təcrübə dövründə verəcəkləri töhfə ilə bütövlükdə ölkə təhsil sistemində dəyər yaratmış olacaqlarını qeyd edib. Proqrama yeni qəbul olunan namizədləri fəal olmağa çağıran Mətin Kərimli hər birinə uğurlar arzulayıb. Tədbirdə iştirak edən I "Maarifçi" tələbə-məzun təcrübə proqramının nazirlikdə çalışan iştirakçıları da öz təəssüratlarını bölüşüb və yeni iştirakçılara uğurlar arzulayıblar. Qeyd edilib ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramına II mərhələdə 37 nəfər təcrübəçi seçilib. 3 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etməklə gənclərə peşəkar vərdişlər qazandırmaqdır. 
  Qeyd edək ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramı ötən ilin oktyabrından icra olunur. Proqram Elm və Təhsil Nazirliyi, həmçinin Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın təqdimatı zamanı “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədləri, hədəf qrupu, gözlənilən nəticələr və fəaliyyətinin təşkili barədə məlumat verilib, proqram barədə fikir mübadiləsi aparılıb, tələbələrin suallar cavablandırılıb. Bildirilib ki, “Maarifçi” proqramının məqsədi məzun və tələbələrə Elm və Təhsil Nazirliyi və qurumlarında təcrübə imkanları yaratmaq, elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, iştirakçıların sahəvi bilik və bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. Azərbaycan vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqram iştirakçısı ola bilər. Namizədlərin müraciət etmələri üçün elektron ünvan yaradılıb. Proqram çərçivəsində tələbə və məzunlar təcrübə keçməklə yanaşı, nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar. Proqramın ilk mərhələsi 3 ay davam edib. Müraciət edənlər arasından seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçiblər. İştirakçılar onlar üçün təşkil olunmuş təlimlərdən yararlanıb, onlara sosial bacarıqlarını inkişaf etdirmək imkanı yaradılıb. Proqram çərçivəsində iştirakçılar Gəncə, Şamaxı, Sabirabad, Salyan, Şəmkir rayonlarında olublar. 2024-cü il iyul ayının 1-də başa çatan proqramın 25 nəfər iştirakçısı olub. Proqram barədə məlumat verən elm və təhsil naziri Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün anlaması, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və proqramı bitirənlərə uğurlar arzulayıb. Çıxış edən proqram iştirakçıları da öz növbəsində proqram sayəsində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını dilə gətiriblər. “Maarifçi”lərin proqram müddətində fəaliyyətləri, onların ictimai iştirakçılığın təmin olunmasında rolu, gənclərin karyera inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb, həmçinin təkliflər dinlənilib. Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib. Qeyd edilib ki, 3 ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib. 
  
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Sherg.az"a açıqlamasında “Maarifçi” proqramının faydalarından danışdı: 

- Proqramın məqsədi tələbə və yeni məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır. Bu proqramın iştirakçısı həm bakalavrlar, həm magistrlər, həm də məzunlar - 3 il əvvəl ali məktəbi bitirmiş məzunlar ola bilər. Bakalavriat pilləsində isə sonuncu kursda  təhsil alanlar müraciət edə bilir. Bu, ona görə belə təşkil edilir ki, bakalavriat pilləsinin sonuncu kursunda təhsil alanlar istiqamətlərini daha aydın mqüəyyənləşdirə bilsinlər. 3 il ərzində müəyyən nəzəri biliklər əldə ediblər, sonuncu kursda bu biliklər təcrübədə tətbiq edilsin. Məzunlar üçün də iş əldə etmək imkanı yaradılır. “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. Kim ki məhz elm və təhsil sahəsində karyera qurmağı hədəfləyir, bu sahənin inkişafına töhfə vermək istəyir, bu sahə üzrə çalışmaq istəyir, özünü məhz bu sahədə görür, onlar müraciət etməli və proqramın yaratdığı imkanlardan bəhrələnməlidirlər. Qeyd edim ki, “Maarifçi” proqramı ildə 2 dəfə olmaqla 3 ay müddətində həyata keçirilir. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar  da verilir. Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, Nazirliyə tabe qurumlar, regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edirlər. Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar Nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə iştirak edirlər. Bu, tələbə və məzunlara geniş təcrübə qazandırır. Əldə etdikləri təcrübə gələcək işlərində, karyera əldə etməkdə onlara çox kömək edəcək. Tələbə və məzunlar proqramdan maksimum dərəcədə faydalanmağa çalışmalıdırlar.