"Bizim Kəlbəcərə getməyimiz bir növ təbliğatdır"



Bloger Aliyə Hümmətova: "Heç bir sutka tamam deyildi paylaşdığımız, artıq 450 minə yaxın baxış sayı görünürdü"

"Təşəbbüs olsa, bütün azad olunan rayonlarımıza gedib ermənilərin məhv etdiyi abidələri, dağıtdığı evləri çəkib izləyicilərimizlə paylaşmaq istəyirdik"

   Bu yaxınlarda bir neçə bloger Kəlbəcərə səfər edib. Onlar dövlət xətti ilə işğaldan azad olunmuş əraziyə yollanaraq  çəkilişlər edib, görülən işlərlə tanış olublar. 
Nədənsə, blogerlərin diplomatik korpusla Kəlbəcərə getməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Narazı təbəqə hesab edir ki, bu, doğru strategiya deyil. Kəlbəcərə yazıçılar, rejissorlar, jurnalistlər getməlidir. 

Səfər təəssüratlarını “Şərq”lə bölüşən “Azone Agency”nin sahibi Aliyə Hümmətovanın sözlərinə görə, bu səfərlər Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında təşkil edilir. Məqsəd Ermənistanın işğal dövründə Azərbaycan topraqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmalarına şərait yaratmaqdır.

- Kəlbəcərə necə getdiniz, səfər necə keçdi?

 - Diplomatik korpusun 9-cu səfəri çərçivəsində Kəlbəcərə  4 influenserlə birgə getmişdik. Səfərdə 50-dən çox ölkə, 10-dan çox təşkilatdan 80 nəfərə yaxın diplomat və hərbi nümayəndə iştirak edirdi. 
 Biz bu səfər müddətində neçə-neçə milli sərvətlərimizin, qaynar bulaqlarımızın Vətənimizin dilbər guşələrinin  düşmən tərəfindən 30 ilişğal atlında saxlanılmasının  fərqinə vardıq.  Təbii ki, tarixdən bunu bilirdik, amma o yeri canlı görmək adamda tamam başqa hisslər oyadır.  Onu deyim ki,  Kəlbəcər səfəri qürurlu və bir o qədər də  sevincli bir hadisədir. Sanki sehirli bir aləmə düşmüşdük. 
Əsgərlərimizin döyüşdüyü yerlərdə olmaq, o torpaqlara ayaq basmaq qürurlu olduğu qədər də həssas bir haldır. Kövrəlmədən keçmək mümkün deyil.  
 Biz Ömər aşırımından keçərək Kəlbəcərə getdik.  Ərazinin çətin relyefi və təhlükəsizlik məsələlərini nəzərə alaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisinə keçən ilin yay ayından başlanılıb. Tunelin təməlqoyma mərasimində Prezident İlham Əliyev şəxsən iştirak edib. Səfər çərçivəsində biz  Lev çayı  (çayın uzunluğu 20 km- Ş.B) üzərində “Kəlbəcər-1” kiçik su elektrik stansiyasına da baxış keçirdik.  Ermənilər tərəfindən tamamilə dağıdılaraq məhv edilən stansiya yenidən qurularaq yenilənir. İstisuya getdik. Minerallarla zəngin olan İstisu 58.8 C temperaturdadır.
Orda olarkən bizi hətta Kəlbəcər balına da qonaq etdilər.  Kəlbəcər çörəyi ilə  yeyib, kəklikotulu çay içdik. Yəqin ki, həyatımda yediyim ən dadlı çörək, ən dadlı çay olaraq dadı uzun müddət damağımda qalacaq.

- 2-ci Qarabağ müharibəsinə qədər Kəlbəcərin azad ediləcəyi  bizim üçün o qədər də real deyildi.   3 il əvvəl kimsə sizə “Kəlbəcərə gedib, vlog çəkəcəksən” desə nə reaksiya verərdiniz?

- İnanırsız,  hələ müharibədən əvvəl internetdə Kəlbəcərin şəkillərinə baxırdım. Dağlıq bir bölgə olduğu üçün qayalıqların arasındakı yollara, sıx meşəliklərə baxmaq  mənə xoş gəlirdi.  Amma həmin qayalıqlarda erməni qızlarının şəkillərini görəndə çox böyük sarsıntı, qarışıq hisslər keçirirdim. Hətta paxıllığım da tuturdu ki, gör bizim dədə-baba torpaqlarımızda kimlər yaşayır. Hələ işğal zamanlarında da hər zaman bu torpaqlara getməyin, gəzməyin arzusunda olmuşam. Çox şükür ki, diləyimiz gerçəkləşdi. Bizə bu sevinci yaşatdığı üçün Ali Baş Komandana və Azərbaycan Ordusuna sonsuz təşəkkür edirəm. 

- Kəlbəcərə getmək təşəbbüsü kimdən gəldi? 

- Sözsüz, işğaldan azad olunan rayonlarımıza getmək, gəzmək arzumuz vardı, amma bu məsələ bizim istəyimizlə bağlı bir şey deyil. Kəlbəcər işğaldan azad olsa da, hələ də bir çox yerlər minalıdır. Özbaşına ora getmək təhlükəli bir haldır. Budəfəki səfərdə media nümayəndələri ilə bizim getməyimiz tövsiyə olundu. Səfər protokoluna bizim adımızın salınması isə  getdiyimiz yerlərin fotolarını paylaşaraq gənc nəslin marağını cəlb etmək, ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliyi öz vloglarımız vasitəsilə nümayiş  etdirmək və ən əsası ərazidəki təmir- bərpa işlərini göstərməkdən ibarət idi. 

- Blogerlərin Kəlbəcər səfərinə münasibət  birmənalı olmadı. Əksəriyyət  bunun doğru strategiya olmadığını yazıb Kəlbəcərə yazıçıları, rejissorları aparmağın daha faydalı ola biləcəyini düşünürdü? 

- Haqqımızda yazılanların bir qismini mən də oxudum, 
tənqidi fikirlərlə tanış oldum. Əvvəla onu deyim ki, bizim hədəf auditoriyamız qlobal dünya yox, öz gənclərimizdir. 90-ci illərin uşaqları olaraq heç birimiz Kəlbəcəri görməmişik. Ancaq ki, oxuduğumuz kitablar, baxdığımız köhnə kadrlardan tanıyırdıq Kəlbəcəri. Biz ora rəsmi qurumların vəsitəsi ilə getmişdik, çəkiliş aparıb paylaşmaq və gələn diplomatlarla söhbət etmək üçün.
Bilirsiniz ki, indiki gənclik bir az tənbəldir. Nələrisə araşdırmaq, oxumağa həvəsli deyillər. Biz də  influenser olaraq  getdiyimiz yerlərdə videolar çəkib həmin yerlər haqqında informasiyalar vermişik. Hər halda təşkilatçılar gənclər üçün  blogerlərin işğaldan azad olunmuş ərazilərə getməsi, oradan şəkil, video paylaşmasının daha  diqqətçəkən olduğunu düşünüblər. Kimin üçünsə bu, strateji metod hesab olunmaya bilər, amma bizim ora getməyimiz də bir növ təbliğat metodudur. Çünki influenserlərin  instagramda böyük, fərqli təbəqələrdən olan izləyici kütlələri var.

- Bəs, gənclərin diqqətini cəlb edə bildiniz ? İzləyici sayından hiss olunardı?

- Əlbəttə, reaksiyalar çox idi. Hətta bizimlə gedən influenserdən birinin izləyicisi fotolar arasında nənəsinin evini tanıyıb. 

Demək blogerin paylaşdığı fotoda düşən evi görən izləyici tanıyıb və həmin xanımla  əlaqə saxlayaraq tanış mənzərəni görəndə çox duyğulandığını deyib. 
Həmin ev gənc userin nənəsinin evi olub və işğaldan öncəyə  aid həmin evin şəkli də olub onlarda. Qız həmin fotonu  bolgerə göndərib ki, sizin paylaşdığınız fotodakı ev budur. Bundan əlavə paylaşılan storilərə baxıb ağlayan, təsirlənən gənclərimiz də çox olub. Ümumiləşdirmə aparsaq, bizim Kəlbəcər səfərimiz gənc izləyicilərimiz tərəfindən alqışlandı. Heç bir sutka tamam deyildi paylaşdığımız, artıq 450 minə yaxın baxış sayı görünürdü. 

 -Bu qədər maraq varsa, niyə sizin getməyiniz bir çoxlarında qıcıq doğurdu? 

- Deməli, bir neçə rəy oxudum ki, influenserlərdənsə, yaşlı insanları, Kəlbəcərdən olan sakinləri aparsalar daha effektiv olar. Mən buna qarşı deyiləm. Hər kəsin haqqıdır Kəlbəcərə getmək, o yerlərin sehrinə canlı şahid olmaq. İnşallah, bütün vətəndaşlarımıza bu cür səfərlər qismət olar. Amma indiki halda yaşlı nəslin Kəlbəcərə getməsi o qədər də məqsədəuyğun deyil. Yollar  çox dik və daşlıdır. 
Kəlbəcər relyefinə görə  çox çətin bir regiondur. 30 yaşım var, gecə evə  çatanda gəzməkdən ayaqlarım şişib, bədənim  tamamilə yorğun düşmüşdü. Biz Bakıdan Gəncəyə, Gəncədən Toğana kəndinə, oradan isə  Kəlbəcərə yollandıq. Yollar  qayalıq daşlıq, işıq dirəkləri yoxdur. Əraziyə ancaq xüsusi maşınlarla qalxmaq olur. Bütün yollar ancaq aşırımdır. Kəlbəcərə getmək üçün xüsusi hazırlıq lazımdır. Həm relyefi sərtdir, həm də ölkə başçısının göstərişi ilə təmir-bərpa işləri həyata keçirilir. İnanıram ki, təmir-bərpa işləri başa çatdıqdan sonra artıq vətəndaşlarımız fərdi qaydada gedib-gələ biləcəklər. 

- Sizə əvvəlcədən xüsusi  təlim keçildi?

- Aşırımları avtobuslar qalxa bilmədiyi üçün bizi xüsusi maşınlar apardılar. Gedəndə səhər idi, amma qayıdanda artıq hava qaralmışdı və işıqsız qayalıqlarda aşırımları  düşmək çox çətin idi. Sözsüz ki, bu barədə bizə əvvəlcədən məlumat verilmişdi ki, yollar təhlükəlidir və hər şeyə hazırlıqlı olun. Hansısa bir narahatlığı, qorxusu olanlar səfərdən imtina edə bilər. Amma bizim neçə illərdir həsrətində olduğumuz torpaqları görmək istəyimiz bütün təhlükələrdən daha  üstün idi.  Bizim mərd qızlarımızın gözünü heç bir çətinlik qorxutmadı və dördümüz də məmnuniyyətlə bu səfərdə iştirak etmək istədik. 

- Bundan sonra hansı rayona getmək istəyirsiniz?

- Vətənimizin hər guşəsi bizim üçün əziz və doğmadır. Təşəbbüs olsa, bütün azad olunan rayonlarımıza gedib ermənilərin məhv etdiyi abidələri, dağıtdığı evləri çəkib izləyicilərimizlə paylaşmaq istəyirdik. Getmək istədiyimiz rayonlar arasında Şuşa ilk sırada gəlir. Vaxtı ilə Paşinyanın yallı getdiyi “Cıdır düzü”ündə öz ilfluenserlərimizlə yallı gedib gənclərimizə o qürur hissini yaşatmaq istərdik.

- Gəzdiyiniz-gördüyünüz yerlər fonunda gənclərə nə kimi tövsiyələriniz var?

- Əvvəla, hər kəsə Kəlbəcərə getməyi tövsiyə edərdim.  Tək Kəlbəcərə deyil, işğaldan azad olunan digər torpaqlarımıza laqeyd qalmasınlar. Getsinlər gəzsinlər. Gördükləri yerləri paylaşıb təbliğ etsinlər. İnşallah, tez bir zamanda işğaldan azad edilmiş torpaqlarımız bərpa edilər. Hər kəsin gedə biləcəyi bir yerə çevrilər.