Məktəblərdə “İnsan və cəmiyyət” fənninin tədrisinə ehtiyac var

Sosioloq hesab edir ki, şagirdlərin maraq dairəsi hazırlanan proqramlarda mütləq nəzərə alınmalıdır

   Son dövrlər orta məktəblərdə yaşanan xoşagəlməz hallar, şagirdlərlə müəllimlər arasında yaşanan gərginliklər fonunda Azərbaycan məktəblərində “Psixologiya” və “İnsan və cəmiyyət” fənninin təkrar tədrisi təklif olunur. Qeyd edək ki, əvvəllər orta məktəblər arasında  tədris olunan fənlər arasında “İnsan və cəmiyyət” də yer alırdı. Hazırda isə təhsil ocaqlarında bu fənnin tədrisi dayandırılıb. Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, orta ümumtəhsil müəssisələrində  “İnsan və cəmiyyət” fənninin tədrisi  ləğv olunduqdan sonra   insanlıqdan da, normal cəmiyyət olmaqdan da uzaqlaşdıq. Təcili və təxirəsalınmaz addım kimi “Psixologiya” və “İnsan və cəmiyyət” fənlərinin tədrisinə razılıq verilməlidir. 

Bir çox ekspertlər də o fikirdədir ki, orta məktəblərdə psixologiya dərslərinin keçirilməsi şagirdlərdə müsbət keyfiyyətlərin formalaşmasına xidmət edir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Kamilə Əliyevanın “Şərq”ə verdiyi açıqlamada deyib ki, son zamanlar məktəblərdə şagirdlərin müəllim və sinif yoldaşlarına qarşı xoşagəlməz davranışlar nümayiş etdirməsi, belə halların sosial şəbəkələrdə operativ şəkildə yayılması təəssüf hissi yaradır. 

 Kütləvi informasiya vasitələri və sosial mediada orta məktəblərdə bir sıra  xoşagəlməz halların baş verdiyinə dair videofaktlar görür və çox təəssüflənirik. Təhsil müəssiəsələrində belə hadisələrin baş verməsi çox yanlışdır.  Şagirdlər arasında intihar hallarının artması kimi üzücü proseslər də var hələ. Orta məktəblərdə psixoloq ştatları  olsa da, bu sahədə  ciddi axsamalar var. Ölkə məktəblərində şagirdlər psixoloq dəstəyindən kifayət qədər yararlana bilmirlər. Halbuki, bütün dünyada məktəblilərə psixoloji yardım göstərilməsi, onların psixoloji sağlamlığının qorunması məsələsi aktualdır. Bizim məktəblərdə yaşanan xoşagəlməzliklərin əsas səbəbi məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır. Bu səbəbdən məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqramın işlənilib hazırlanması və həmin proqram əsasında şagirdlərə psixoloji yardım göstərilməsi zəruridir”. 

K.Əliyeva deyib ki, minlərlə şagirdi olan məktəblərdə cəmi bir psixoloq ştatı var. Şagird sayı çox olan məktəblərdə psixoloq ştatları artırılmalıdır. Ümumiyyətlə isə psixoloqların fəaliyyəti formal xarakter daşımamalıdır: 

“Məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaqların  psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, pedaqoji kollektivə  köməklik göstərməkdən ibarətdir. Söhbət təbii ki,  məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir”.

Millət vəkili “Psixologiya” və “İnsan və cəmiyyət” fənlərinin orta məktəblərdə əsas dərs vəsaiti kimi tədrisinin məqsədəuyğun olmadığını deyib: 

“Amma yuxarı sinif şagirdləri üçün əlavə dərs kimi tədris oluna bilər. Sadəcə olaraq bu sahənin mütəxəssisləri ayda bir-iki dəfə şagirdlərlə görüşüb mühazirələr oxuya bilər.  Ayrıca bir fənn kimi tədris edilməsinə ehtiyac yoxdur. Məktəblərdə psixoloji xidmətlər yaş kateqoriyalarına uyğun təşkil olunmalı, şagirdlər üçün hər yaş kateqoriyasını nəzərə alan psixoloji seminarlar təşkil edilə bilər". 

Sosioloq Ağasəlim Həsənov  isə hesab edir ki,  “İnsan və cəmiyyət” fənninin orta məktəb şagirdlərinə tədris olunması Azərbaycan üçün xüsusi  aktuallıq kəsb edir. Ekspert eyni adla olmasa da bu və ya digər formada eyni mahiyyətli fənnin tədrisinin çox vacib olduğunu vurğulayıb:

 “Təhsil institutu cəmiyyətin ailə, din və digər sosial institutları kimi əsas funksiyanı yerinə yetirir. Təhsil üzərinə düşən funksiyanı yerinə yetirə bilmədikcə çoxlu problemlər ortaya çıxır. Bu proses təkcə elmi biliklərin şagirdlərə çatdırılmasından ibarət deyil. Şagird yüksək nəticələr göstərə bilər, amma onun məktəbdə şəxsiyyət kimi formalaşdırılmasını şərtləndirən amillər var. İnsanın bu dünyada yeri və rolu, fərdin şəxsiyyət kimi formalaşması, fərdlərarası sosial münasibətlər, dünya görüşünün formalaşması həm də təhsil institutu ilə bağlıdır”.  
Sosioloq qeyd edib ki, cəmiyyət inkişaf etdikcə dəyərlər, baxışlar, ictimai fəaliyyətdə dəyişiklik baş verdikcə tədris proqramı günün tələblərinə uyğun dəyişir və yenilənir. “Bu gün virtual reallıq formalaşıb və tədris onlayn şəkildə keçirilir.  Cəmiyyətdə virtual reallıq hakimdirsə, “İnsan və cəmiyyət” dərsliyi hazırlanarkən şagirdlərin maraq dairəsi nəzərə alınaraq bu mövzuda aktuallıq kəsb edən məqamları onların qavrayacağı səviyyədə proqrama daxil etmək olar”.