“Dövlət Gömrük Komitəsi ləğv olunmalıdır”

“Onun yerində vergi xidmətinə anoloji olaraq xidmət yaradılmalı və onunla birgə fəaliyyət göstərməlidir”


Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir. Bakupost.az xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.

Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində Komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət içinin açılacağı gözlənilir. Bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirilir. 


Gömrük sahəsində aparılan yeniləmə işləri ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, gömrük orqanları hər zaman ən çox regionçuluğun, yerlibazlığın, qohumbazlığın, həmkəndliliyin və  digər mənfi tendensiyaların konsentrasiya olduğu bir qurum kimi gündəmə gəlib:

“Eyni zamanda, müxtəlif sahibkarlar  gömrük orqanlarının fəaliyyəti ilə bağlı dəfələrlə şikayətlər edib, qurumların qarşısında nümayişlər, tətillər keçirib. Sahibkarlar əsasən gömrük orqanlarının  qeyri-qanuni şəkildə bəyannamə qiymətlərini artırması ilə bağlı şikayətlər edib. Çünki bu “neomonopoliya”nın yeni bir növüdür. Hesab edirəm ki, gömrük orqanları bəri başdan vergi xidmətinin mandatını mənimsəyib.  Onlar  bəyannamə qiymətlərini artıraraq süni qiymət artımı yaradırlar. Bunlarla bağlı dəfələrlə şikayətlər olub, videokonfranslar, mətbuat konfransları keçirilib. Buna baxmayaraq, gömrük orqanları plan və proqnozları artıqlaması ilə yerinə yetirməsi haqqında raportlar veriblər. Nəticə etibarilə, daxili istehsalı qorumaqla bağlı  gömrük orqanlarının qarşısına qoyulmuş məqsədə çatılmayıb. Çünki idxaldan toplanan əlavə dəyər vergisinə baxsaq, son illərdə həcminin 2,7 dəfə artdığını müşahidə edərik. Bu o deməkdir ki, biz ölkə olaraq daha çox idxaldan asılı ölkəyik və getdikcə bunun dinamikası artır”.

İqtisadçı onu da əlavə edib ki, bu təkcə gömrük orqanlarının günahı deyil:

“ Bu həm də ümumi iqtisadi idarəetmənin fəsadıdır. Düşünürəm ki, gömrük orqanlarında təkcə bir-iki nəfərin həbs olmasıyla məsələ bitməməlidir. Təmizləmə sədrin dəyişilməsi ilə yekunlaşmamalıdır. Əslində  gömrük komitə kimi ləğv olunmalı, onun yerində vergi xidmətinə anoloji olaraq xidmət yaradılmalı və onunla birgə fəaliyyət göstərməlidir. Çünki fiskal siyasətinə cavabdeh olan iki qurumun vahid iqtisadi siyasət yürütməyi və vahid mərkəzdən idarə olunması çox vacibdir. Qeyd edim ki, Gürcüstandan tutmuş, ABŞ-a qədər bütün ölkələrdə belədir. Gömrük və vergi xidmətləri departamentlər şəkilində maliyyə nazirliyinin tərkibindədir. Bizdə keçid olaraq İqtisadiyyat Nazirliyinin yanında vergi və gömrük xidməti  birlikdə fəaliyyət göstərə bilər. Gələcəkdə isə onlar Maliyyə Nazirliyinin tərkibində olmalıdır. Çünki bütün dünyada olduğu kimi dövlət büdcəsinin xərclənməsi və ora toplanan vəsaitlərin koordinasiyası ilə bir qurum məşğul olmalıdır. Sahibkarlara və fiziki şəxslərə nümunəvi xidmət göstərilməlidir. Bir nəfərin dəyişməsi ilə heç nə dəyişən deyil. Ümumilikdə baxış konsepsiyası dəyişməlidir”.