Ekspert hiddətləndi!- Bu hərbçilərə ağır cəza verilsin”- Dərs olsun!

Ötən gün Azərbaycanda 7 hərbi qulluqçu və 1 nəfər Bərdə rayon sakini həbs edilib, daha 1 nəfər axtarılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib.Baş prokuror tərəfindən qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Həbs olunan DSX hərbçiləri haqqında “Sherg.az”a danışan ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, faktın DSX tərəfindən açıqlanması məqamını nəzərə almaq lazımdır:

“Dövlət sərhədlərinin müdafiə və mühafizəsinə DSX birbaşa özü cavab verir. Ona görə də hadisənin aşkarlanması və sözügedən şəxslərin həbs olunmasının təşəbbüskarı DSX-nin rəhbərliyidir. Bu qurumun özünün istintaq idarəsi var. Yəni, onlar bu faktı özləri ictimailəşdiriblər ki, bir daha belə  xəyanətkarlıq yaşanmasın. Buna görə DSX-ya  təşəkkür etmək lazımdır. Çünki onlar bu haqda heç danışmaya bilərdilər, sakitcə araşdıra da bilərdilər”.

Ü.Cəfərov qeyd edib ki, 44 günlük savaşda da Dövlət Sərhəd Xidməti çox böyük işlər görüb: 

“Vətən müharibəsinin qəhrəmanları sayılan generallardan ikisi DSX zabitidir. Onlardan biri DSX-nin rəis müavini, general-leytenant İlham Mehdiyevdir. O cümlədən  digər müavin, general-leytenant Əfqan Nağıyev də döyüşlərdə qəhrəmanlıq göstərib, “Qarabağ” ordeni ilə təltif olunub. Bu xidmətlə bağlı hər hansı bir narazılıq yoxdur. Onlar böyük iş görürlər. “Təmizləmə” işi bütün qurumlarda aparılmalıdır.

 Məhz bu cür prinsipiallıq və ləyaqətlə hər kəsə layiq olduğu qiymət verilməlidir. Doğru atılmış addımdır və bu addımı alqışlayıram. Sözügedən  şəxslərə kimliyindən asılı olmaraq, sərhədlə bağlı məsələlərdə öz şəxsi mənafelərini güddüklərinə görə ağır cəzalar verilməlidir. Qoy digərlərinə dərs olsun”.

Qeyd edək ki, hazırda kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.