Azərbaycanda dini etiqad azadlığı üçün hər cür şərait yaradılıb


Millət vəkili: "Aşura mərasimində insanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər"

  Dünən Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib. Aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, idarə əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər. Tədbirdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib ki, dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir. İlahiyyatçının sözlərinə görə, xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Şahin Həsənli bildirib ki, Aşura günündə insanların özünə xəsarət yetirməsi, qan çıxarması dinimizi gözdən salan, dinimizin qadağan etdiyi əməldir: “Ona görə də bu əməlin əvəzinə insanlara qanvermə aksiyaları keçirmək təklif olunur və məscidlərdə və tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunur. Yəni dinimizin buyurduğu kimi, bir insana həyat vermək bütün bəşəriyyəti diriltmək kimidir. Bu elə Kərbəla hadisəsinin amalları ilə də üst-üstə düşür və məntiqə də uyğundur. Aşura günündə inanclı insanlar qanvermə aksiyalarında geniş iştirak edir. Hər dəfə biz müraciət edirik ki, insanlar Aşura günü bu xeyirxah əməldə birlikdə iştirak etsinlər”. 
  Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Deputat vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğı hər zaman yüksək olub: “Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dini etiqad və vicdan azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsi, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin tərkib hissəsinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı. Qısa müddətdə Azərbaycanda dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu. Sonrakı dövrdə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirdi. Prezident dini dəyərlərimizə yüksək diqqət və qayğı göstərir. Ölkəmizdə məscidlərin, dini ibadət yerlərinin və ziyarətgahların bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atır. Bu gün dünyada Azərbaycanın dövlət-din münasibətləri təqdir olunur, nümunəvi model kimi təqdim olunur. Azərbaycanda dini etiqad azadlığı üçün hər cür şərait yaradılıb. Hər il ölkəmizdə bütün dini mərasimlər, o cümlədən Məhərrəmlik mərasimləri yüksək səviyyədə qeyd olunur. Aşura islam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər, haqq və ədalət uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. Heç şübhəsiz ki, islam peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi Həzrət Hüseynin övladları və yaxınları ilə birlikdə şəhid olması İslam tarixində dərin iz buraxıb. Bu mənada Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində həm də şəhidlik salnaməsidir”.
  C.Məmmədov qeyd edib ki, hər il Aşura mərasimləri ölkəmizdə yüksək səviyyədə qeyd edilir: “Bu anım mərasimləri və əzadarlıqla yanaşı, qanvermə aksiyaları da keçirilir. Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən hesab olunur. Bu gün ayrı-ayrı ölkələrdə bu mərasimlər baş yarmaq və qan çıxarmaqla qeyd olunur. Amma Azərbaycan bununla bağlı nümunəvi modelini ortaya qoyaraq qanvermə aksiyası ilə bu aksiyalara öz töhfəsini verib. Yəni insanlar qan çıxarmaq yerinə qanlarını bağışlayaraq bu aksiyalarda fəal iştirak edirlər. İmam Hüseynin mübarizəsi haqq və ədalətin bərpası, vətənə, torpağa sədaqətin nümunəsi idi. Burada bizim çıxaracağımız bir çox dərslər var. Bu hadisələr Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Bu gün hər birimiz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. 
  Heç şübhəsiz ki, Azərbaycanın qəhrəman oğulları 44 günlük müharibədə bu prinsiplərə sadiqlik nümayiş etdirərək vətən torpaqlarını göz bəbəkləri kimi qorudular, onun yolunda canlarından keçdilər, yeni qəhrəmanlıq salnaməsi yazdılar”. 
  Parlament üzvü vurğulayıb ki, bu baxımdan Kərbəla hadisələrinə təkcə tarixi kontekstdən deyil, həm də şəhidlik məktəbi kimi baxmalıyıq: “Bu prinsip və dəyərlərə sadiqliyimizi daha çox xeyir və savab əməllərlə ifadə etməli, şəhidlərimizin xatirəsini hər zaman uca tutmalıyıq. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu qələbəsini təmin etdi. Bu qələbənin daimi və əbədi olması üçün hər birimiz səylə çalışmalıyıq”.