Gənclər informasiya müharibəsinin xüsusi təyinatlıları olaraq hazırlanmalıdır
Bu Mobil Qruplar vasitəsilə anındaca dünyanın ictimai-siyasi gündəmini Azərbaycanın mənafeyinə uyğun dəyişəcək fəaliyyətlər etmək olar
“Şuşa-270” Diaspor Gənclərinin III Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev layihənin uğurla başa çatması münasibətilə düşərgə iştirakçılarını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub və layihə çərçivəsində keçirilmiş intellektual oyunların qalibləri mükafatlandırılıb. Eyni zamanda, düşərgədə xüsusi fəallıq göstərən gənclər püşkatmada iştirak edərək hədiyyələr qazanıblar. Qeyd edək ki, Yay Düşərgəsi Komitə və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci il avqustun 2-8-də gerçəkləşdirilib. Möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Şərq”ə deyib ki, yay düşərgələrinin keçirilməsi xaricdəki gənclərin ictimai fəallığının və birliyinin gücləndirilməsi baxımından önəmlidir. Onun sözlərinə görə, bu tədbirlərdə artıq ikinci nəsil diaspor üzvləri də iştirak edirlər:
“Bu gənclərin valideynləri fəal diaspor üzvlərdir. Yəni onlar diaspor ailəsində böyüyüblər. Belə gənclərin təcrübəsi var və onların intellektual potensialından daha çox yararlanmaq olar. Yay düşərgələrində iştirak edən diaspor gənclərini mahiyyət etibarilə düzgün qruplaşdırıb səmərəli fəaliyyətlər göstərmək olar. Beləcə, onların fəaliyyət dairəsini də genişləndirmək mümkündür. Çünki xaricdəki gənclər hələ ki, yenilikçi ideyalarını lazımi səviyyədə tətbiq edə bilmirlər. Gənclərin Azərbaycanın milli maraqlarını xaricdə müdafiə etməsi üçün virtual platformalarda səmərəli fəaliyyətinin şahidi ola bilərik. Bu baxımdan informasiya müharibəsi üçün belə gənclərdən ibarət Mobil Qruplar hazırlamaq olar. Yay düşərgələrində bu mövzuda həmin gənclərə praktiki təlimlər keçmək faydalı olardı. Bir neçə region üzrə yaradılan Mobil Qrupları bir mərkəzdən koordinasiya etmək mümkündür. Belə gənclərdən ibarət qruplar yaradılıb daimi hazır vəziyyətdə saxlanılmalıdır. Bu gənclər bir növ informasiya müharibəsinin xüsusi təyinatlıları olaraq hazırlanmalıdır. Bu Mobil Qruplar vasitəsilə anındaca dünyanın ictimai-siyasi gündəmini Azərbaycanın mənafeyinə uyğun dəyişəcək fəaliyyətlər etmək olar. Qeyd edək ki, dünyada müxtəlif formalı belə təcrübələr var. Bir çox ölkələr informasiya blokadasından çıxmaqda və ya seçki kampaniyalarında belə Mobil Qrupların gücündən faydalanıblar. Hətta bəzi dünya liderləri özlərinin və ölkələrinin lobbiçiliyi üçün bu tip qruplardan yararlanıblar. Biz vətəndaş təşəbbüskarlığı olaraq Diaspor Gənclərinin I Yay Düşərgəsinin bir neçə gənci və yerli QHT üzvləri ilə birgə belə 20 nəfərdən ibarət Opertaiv Qrupla iş aparmışıq. Xüsusən, Vətən müharibəsi zamanı bu qrup güc birliyi nümayiş etdirərək gecə-gündüz Ermənistanın işğalçılıq siyasətini ifşa etmək baxımından effektiv iş gördü. Konüllü işləyən bu qrup üzvləri sayəsində, hətta ictimaiyyətə açıqlanması mümkün olmayan forma və metodlarla düşmənin informasiya bloklarına daxil olub uğurlu manevrlər edildi. Vətəndaş cəmiyyəti olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Lakin bu kimi fəaliyyətlər təkcə vətəndaş cəmiyyəti səviyyəsində olmamalıdır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları strateji fəaliyyət planı quraraq davamlı iş aparmalı, yeri gəlsə struktur formalaşdırılmalıdır”.
F.Hüseynzadə vurğulayıb ki, informasiya müharibəsi sonsuzdur:
“İldən-ilə bu müharibədə yeni-yeni trendlər meydana çıxır. Biz bu trendlərin önündə olmalıyıq. Erməni və ermənipərəst qüvvələr davamlı olaraq beynəlxalq sosial şəbəkə və media platformalarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edir, ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Xüsusən Vətən müharibəsindən sonra onlar ağlagəlməz şəkildə kəskin anti-Azərbaycan və anti-Türkiyə prioritetləri ilə çıxış edirlər. Erməni lobbi maşını artıq Azərbaycan və Türkiyəyə deyil, türk dünyasına qarşı mübarizəyə qalxıb. Onların hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə türk xalqlarının birliyini zədələməkdir”.
Fuad Hüseynzadənin fikrincə, bütün bunlara qarşı ənənəvi diaspor fəaliyyətləri, xüsusən tədbirçilik artıq istənilən nəticə vermir: “Biz, ümumiyyətlə başqalarına cavab vermək və addımları ilə ayaqlaşmağa köklənmiş fəaliyyətlərdən qaçmalıyıq. Uğur qazanmaq, real nəticə əldə etmək üçün yenilikçiliyə ehtiyacımız var. Azərbaycan həqiqətlərinin təbliğində yeni forma və metodların tətbiqi diaspor quruculuğu işini də keyfiyyətcə təkmilləşdirir. Fikrimizcə, xalqımızın tarixi, xüsusən Qarabağ həqiqətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün yeni mexanizmlərdən, dünyanın qəbul edəcəyi, ictimai həyata təsir edəcək taktikalardan istifadə etməliyik. Bunun üçün dünya azərbaycanlıları, eləcə də xaricdəki gənclər arasında iki və çoxtərəfli əməkdaşlıq qurulmalı, təcrübə mübadiləsi aparılmalı, azərbaycanlıların intellektual potensialı ümummilli mənafelər naminə səfərbər edilməlidir”.