QHT-lərə etimad və rəğbət artır

Azərbaycanda üçüncü sektorun inkişafında yeni mərhələ başlayıb

Müasir dövrdə qeyri-hökumət təşkilatları artıq vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Vətəndaş cəmiyyəti dedikdə cəmiyyətin xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi, hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş cəmiyyəti dövlət və hüququn tarixi inkişafında müəyyən bir mərhələni təşkil edir. Qeyri-dövlət münasibətlərinin məcmusu olan bu cəmiyyətdə azad vətəndaşların könüllü birləşmiş strukturları mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi qeyri-mümkündür. Vətəndaş cəmiyyəti insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni maraqlarının formalaşdığı, reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr sistemidir. Vətəndaş cəmiyyətinin formalaşması və inkişafında vətəndaş cəmiyyəti institutlarının xüsusi çəkisi var. Azərbaycanda müəyyən inkişaf yolu keçən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə yardımçı olur.

Bu gün ölkədə vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq istiqamətləri, ictimai nəzarətin təşkilində QHT-lərin rolu artmaqdadır. Qeyd edək ki, vətəndaş cəmiyyəti sivilizasiyanın inkşafının yeni mərhələsidir. Bu mərhələnin formalaşması və inkişafı üçün ilk növbədə fərdlərin birliyi olmalıdır. Fərdlərin birliklərinin ən rasional forması cəmiyyətin rifahı naminə çalışmaq məqsədini ortaya qoyan ayrı-ayrı şəxslərin birliyi olan QHT-lərdir. 

İnsanların sərbəst birləşməsi nəticəsində müxtəlif vətəndaş cəmiyyəti institutları yaranır. Vətəndaş cəmiyyəti institutları isə sosial cəmiyyətin inkişafında daha yüksək pillədir. Və bu institutlar cəmiyyət üzvlərinin bir-biri ilə əlaqə yaratmaq imkanlarını genişləndirir, sosial gərginliyin zəifləməsinə xidmət edir. Azərbaycanda da qeyri-hökumət təşkilatlarının yaranması və ictimai sektorun möhkəmlənməsi bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən amillərdəndir.

 Son illər bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimad və rəğbət qazanıblar. Vətəndaş cəmiyyəti institutları dövlət, bazar və ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında da mövcuddur. Vətəndaş cəmiyyəti təşkilatları fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verir. 

Bu təşkilatların fəaliyyəti ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, idarəetmədə və qərar vermədə əks mərkəzləşmə, yoxsulluğun azaldılması, ictimai iştirakçılığın təmin olunması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər, sağlamlıq, təhlükəsiz qida və ətraf mühitin formalaşmasına yönəlib. Son dönəmlər Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sərbəst və fəal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Müasir dövrdə qeyri-hökumət təşkilatları artıq vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun sivil tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir. QHT-lərin inkişafına yönəlmiş islahat və dəyişikliklər Azərbaycanda üçüncü sektorun inkişafında yeni bir mərhələ oldu. Hazırda ölkə QHT-ləri cəmiyyətlə dövlət orqanları arasında etimadlı münasibətlərin yaradılmasında körpü rolunu oynayan əsas institut və təsisatlara çevriliblər. 

Bu gün QHT fəaliyyətinin şəffaflıq, hesabatlılıq amilləri, onların həyata keçirdiyi layihələr haqqında cəmiyyət ətraflı məlumatlandırılır. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, uğurları ictimai və media müzakirələrinin predmetinə çevrilib. QHT-lərin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı məsələlər dövlət orqanları tərəfindən də vaxtaşırı qaldırılır və vurğulanır. Bu da üçüncü sektorun daha da inkişaf etməsinə yönəlib. Bunun nəticəsidir ki, günü-gündən ardıcıl, sistemli səylərdən sonra dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində müsbət nəticələr artmaqda davam edir. Heç şübhəsiz, mühüm məqamlardan biri də Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığıdır. Bu, çox vacibdir. Bu həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür. Sevindirici haldır ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi də Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına (ECOSOC) xüsusi məşvərətçi statuslu üzv qəbul olunub. 

QHT nümayəndələrinin sözlərinə görə, bu, Azəbaycan vətəndaş cəmiyyəti qurumlarının beynəlxalq təşkilatlara inteqrasiya etməsi sahəsində uğurlu bir nümunədir. 

   “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Huseynzadə bildirib ki, 2020-ci ildə BMT-nin əsas qurumlarından olan ECOSOC-a üzv olmaq üçün müraciət edilib. Davamlı olaraq bu istiqamətdə iş aparılıb:

 “Təşkilatın fəaliyyəti haqqında geniş məlumatlar təqdim etmişdik. Eyni zamanda təşkilata ECOSOC-un QHT idarəsindən də bəzi suallar və sorğular daxil olmuşdu. Üzvlüklə bağlı lazımi məlumatları, fəaliyyətimizlə bağlı informasiyaları və s. sorğuları dolğun şəkildə cavablandırdıq. Yaxın müddət üçün təşkilatımızın fəaliyyət strategiyasını təqdim etdik. ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Pandemiya ilə bağlı BMT və onun qurumlarının iclaslarının keçirilməsində müəyyən yubanmalar oldu. Nəhayət, ECOSOC-un QHT-lər üzrə Komitəsi 17 - 26 may 2022-ci il tarixli sessiyasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyini məşvərətçi statuslu üzvlüyə qəbul olunmasını BMT-nin İqtisadi və Sosial Şurasına tövsiyə etdi. Həmin sessiyada Ermənistan və Gürcüstandan da olan bir neçə QHT-nin müraciəti olsa da, həmin QHT-lər üzvlüyə tövsiyə edilmədi”.

  Təşkilat sədri qeyd edib ki, Məşvərətçi statusun imtiyazları və üstünlükləri, eləcə də məsuliyyət və öhdəlikləri var:

 “Məşvərətçi statuslu üzv olaraq QHT BMT-nin beynəlxalq konfrans və tədbirlərində iştirak edə bilər. Bu tədbirlərdə yazılı və şifahi bəyanatlar verə bilər. Üzv QHT həmin tədbirlər zamanı paralel tədbirlər təşkil edə bilər. BMT-nin binalarına daxil ola, şəbəkə qura, lobbiçilik fəaliyyətini həyata keçirə bilər. Üzv QHT eyni zamanda BMT-nin qurumu yanında dövri hesabatlar və digər öhdəliklər də daşıyır”. 

  Qeyd edək ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyası informasiya təşəbbüslərinə dəstək göstərməklə ictimai, sosial və humanitar sahədə davamlı inkişafın təmin edilməsinə yardım etməkdir. Təşkilatın sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılıqla bağlı bir neçə uğurlu layihələrin müəllifidir. Həm də “QHT.az” saytının təsisçisi və baş redaktorudur.