Jurnalistdən sərt tənqid! - “Qızım bağçada guya yıxılıb, başı əzilib” - "Baby Star"dan "star əməl"! 

İlkin Pirəli:“Hər yerdə kamera quraşdırılıb, amma bisetka tərəfə quraşdırılmayıb. Bu şübhəlidir”

“Əgər həmin vaxt əmin olsaydım ki, uşağı vurublar, dərhal hüquqi müstəvidə addımlar atardım, şəxsən özüm də cavablarını lazımınca verərdim”

“İnsanların dövlət bağçalarına inamı sarsılıb, özəl bağçalara üz tuturlar, sonu da belə olur”


Sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Mərkəzin direktoru Nuranə Hacızadə artıq Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

“Mehnur” da  baş verənlərdən sonra jurnalist  İlkin Pirəlinin “facebook” hesabında  azyaşlı övladının  bağçalardan birində işgəncə görməsi ilə bağlı paylaşımı diqqət çəkib. Həmkarımız  bu barədə ətraflı  “Sherg.az”a  danışıb:

 “ Qızım iki ay əvvəl bağçaya gedib, guya yıxılıb, başı əzilib. Amma kamera görüntüləri yoxdur. Hər yerdə kamera quraşdırılıb, amma bisetka tərəfə quraşdırılmayıb. Bu şübhəlidir. Bizi  inandırdılar, işin üstünə getmədik, “uşaq yıxılar da, əzilər də” prinsipindən yanaşdıq. Amma bir daha o bağçaya qoymadıq. “Bağçam” uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan "Baby Star"la bağlı dediklərim sırf özəl bağça məsələsinə diqqət çəkmək üçün olub. Tövsiyə edirəm ki, valideynlər özəl bağça seçərkən diqqətli olsunlar. Reklamlara, bər-bəzəkli binalara aldanmasınlar. Nə bilirsiniz, o binaların içərisində nələr baş verir? Biz aldandıq. Siz aldanmayın! Hələ guya biz hansı bağçanın daha yaxşı olduğunu öncədən araşdırmışdıq . Əgər həmin vaxt əmin olsaydım ki, uşağı vurublar, dərhal hüquqi müstəvidə addımlar atardım, şəxsən özüm də cavablarını lazımınca verərdim. Bir bağçanın əməkdaşının və rəhbərliyinin qarşısında aciz qalacaq deyiləm.  Bundan sonra onların cəzası ictimai qınaq olsun. Çünki xeyli müddət də keçib. Əsas odur, ictimailəşdirdik, tanıdılar, bildilər. Bir daha hər kəsi ehtiyatlı olmağa çağırıram. Digər bir vacib məqam özəl bağçalara dövlət nəzarətinin olması ilə bağlıdır. Göbələk kimi yayılıblar. Bakının hər rayonunda 10-15 özəl bağça var. Kim bunlara nəzarət edir? Monitorinqlər aparılmalıdır, müəllimlərin psixoloji durumları yoxlanılmalıdır, lisenziyalarına yenidən baxılmalıdır. İnsanların dövlət bağçalarına inamı sarsılıb, özəl bağçalara üz tuturlar, sonu da belə olur ”.