Xaricdəki bütün diplomatik korpuslarımızın təhlükəsizliyi ciddiyə alınmalıdır
Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılması ölkə ictimaiyyətinin narahatlığına və narazılığına səbəb olub. Çünki dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın prioritet məsələlərindən biridir. Ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri hesab edirlər ki, son zamanlar xarici ölkələrdəki erməni radikalları tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması təhlükəli tendensiyaya çevrilə bilər. Həmçinin, vurğulanır ki, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə bildirib ki, ABŞ-dakı diplomatik korpusumuza qarşı hücumlar yolverilməzdir. Partiya rəhbəri vurğulayıb ki, bu hadisə ermənilərin mütəmadi həyata keçirdikləri vandalizm aktlarının davamıdır:
"44 günlük Vətən müharibəsi dövründə və savaşdan sonra Amerikanın müxtəlif yerlərində, Los-Ancelesdə, Avropa ölkələrində Azərbaycan səfirliklərinə, konsulluqlarına qarşı demarş həyata keçirilməyə başlandı. Bu ilin avqust ayında Böyük Britaniyada, Londondakı səfirliyimizə hücum olmuşdu. Hadisənin dini radikal qruplar tərəfindən törədilməsi görüntüsü yaradılsa da, bunun kökündə erməni izi var idi. Sentyabr ayında ard-arda Vaşinqtonda, Parisdə və Brüsseldə diplomatik nümayəndəliklərimiz önündə aksiyalar keçirildi. Dəfələrlə həmin ölkələrə nota verilsə də, gördüyümüz kimi nəticə ürəkaçan deyil".
A.Əlizadə vurğulayıb ki, ötən əsrin 70-ci illərində Avropanın bir sıra ölkələrində Türkiyə səfirliklərinə qarşı sui-qəsd həyata keçirilib. Nəticədə 24 türk diplomatı qətlə yetirilib: "O baxımdan indiki hadisələr bizi çox narahat edir. Gələcəkdə xarici ölkələrdəki səfirlərimiz, daimi nümayəndələrimiz də teraktlara məruz qala bilərlər. 1961-ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyası var və adıçəkilən ölkələr də həmin sənədə imza atıblar. Konvensiyaya uyğun olaraq istənilən dövlət etimadnaməsini qəbul etdiyi ölkənin diplomatlarının təhlükəsizliyinə təminat verməlidir. Görünən odur ki, kifayət qədər nüfuzlu ölkələr bizim diplomatların təhlükəsizliyini qoruya bilmirlər. Nəticədə səfirliyimizin təmsilçiləri öz gücləri hesabına diplomatik nümayəndəliyi qorumaq məcburiyyətində qalırlar. Əgər həmin ölkələr diplomatların təhlükəsizliyini təmin etmək iqtidarında deyilsə, bilərək, yaxud bilməyərək bu sahədə boşluq yaradırlarsa, o zaman Azərbaycan hökuməti diplomatların təhlükəsizliyini gücləndirməlidir. Nəzərə alaq ki, biz terrorçu bir toplumla üz-üzəyik. Ermənilər illərdir terrorçu təşkilatlar formalaşdırıb və terroru dövlət siyasətinə çeviriblər".