Yazıçı ifaçıya “dərs” keçdi“...Tənqid etdiyi gənclərin təfəkkürü ilə öz təfəkkürünü eyniləşdirib"

“İctimai bir şəxsin “qız vermək, qız almaq” kimi ifadələr işlətməsi doğru deyil” 

“Onda mən də deyərəm ki, müğənnilər bayağıdır.Brend, amma zövqsüz geyinirlər. Musiqi üzrə təhsilləri yoxdur”

“Amma elə deyil axı. Sənətini kifayət qədər yaxşı bilən, ali təhsilli, olduqca səviyyəli müğənnilər də var”


İfaçı Şəhriyar Məhərrəmov "Facebook" hesabında ölkə gəncləri ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib. Onun müşahidələrinə əsasən Azərbaycan gənclərində son illərdə belə bir zövq formalaşıb:"Bu tiplər hamısı bir-birinə oxşayır.Həm xarici görünüşcə, həm xaraktercə. Topa-topa gəzirlər, topa-topa dayanırlar. Əsasən mağaza qabağında.
Hamısı siqaret çəkir. 

Meyxanaya və o tərz janra qulaq asırlar. Hamısı eyni cür saqqal saxlayır. Eyni saç düzümü, yanaqları və bığlarının üstü qırxılı, boynunun altı xirtdəkdən yuxarıya qədər düz xətt üzrə qırxılı, alt dodaqlarının sağ və sol künclərinin altı qırxılı. 

Hamısı "S" razmer köynək geyinir. Əksər hallarda boynu üç düymə. Ümumiyyətlə kitab oxumurlar, əcnəbi dil bilmirlər. Bütün sutkanı "İnstagram"və "Tik-tok"da keçirirlər. 

İzlədikləri videolar və səhifələr isə vaynerlər, meyxana səhifələri, mırt videolar, 18+ teleqram ifşa kanalları, “vor” oğrular barədə səhifələr, hansısa narkomanın həyat hekayəsi və “valik” qızların yüzminlik səhifələri olur. Mütləq uzun, qara, içində 5-10 azn və faydasız, vaxtı keşmiş endirim kartları ilə dolu bir pulqabıları olur və onu əsasən arxa çibə qoyurlar, o pul qabının yarısı çıxır çölə və çayxanada oturanda çıxarıb masanın üstünə qoyurlar. 

Çox vaxtı ciblərində başı şarikli, 2-3 qram tutumu olan, yağ-ətir gəzdirirlər. Bu növdən olanların hamısı eyni çür yeriyirlər (qollar bir az aralı yellənə-yellənə və ya əllər cibdə çiyinləri bükük və paçaları aralı). 

Bir çoxunun cibində bir topa açar olur. Nəzərə alsaq ki, bunlar işləmirlər, mal, mülk, obyekt, ofis sahibi deyillər o topa açarlar haranın açarı olur bilinmir. Hər gün enerji içkisi içirlər, əksəriyyətinin əlində yol gedərkən, hardasa dayanarkən bu içkinin qabını görmək olar. Ola bilsin ki, hələ az yazdım. Sizcə bu gəncliyin axrı necə olacaq və ya bu cür şəxslərə qız verərlər?". 

İfaçının fikirləri ilə razılaşmayan gənc yazıçı Vüqar Babazadə "Sherg.az"a bildirib ki, Şəhriyar bəyi ara-sıra kitab sərgilərində görəndə onun timsalında müğənnilərin, sənət adamlarının da kitab sərgilərində iştirak etdiyinə görə sevinib:

"Kaş bütün müğənnilər zövqlü ola, kitab sərgilərinə qatıla, mədəniyyət təbliğ edə. Əvvəla, hökm vermək naqislikdir. Şəhriyar bəy kitab sərgilərində çoxlu gənc görürdü. 

Onun təsvir etdiyi hansısa gənc həmin sərgilərdə var idimi? Yox, təbii ki. Ümumi danışmaq həmişə ziyanlıdır. Onda mən də deyərəm ki, müğənnilər bayağıdır.

 Pafosla dolu, səviyyəsiz mahnılar oxuyurlar. Populizmə can atırlar. Heç birinin musiqidən anlayışı yoxdur. Hamısı bahalı maşınlar sürür, villalarda yaşayır. Brend, amma zövqsüz geyinirlər. 

Musiqi üzrə təhsilləri yoxdur. Amma elə deyil axı. Sənətini kifayət qədər yaxşı bilən, ali təhsilli, olduqca səviyyəli müğənnilər də var. Onlara hörmət edirik. Özünə və ətrafına faydalı gənclər də kifayət qədərdir. Sahələri üzrə peşəkarlaşmaq istəyən, multikultural, savadlı gənclər də çoxdur.

 Şəhriyar bəyin təsvir etdiyi tiplər mövcuddur. Bunu danmaq olmaz. Amma bu cür gənclər hər bir ölkədə var. Bizdə hələ kifayət qədər normal vəziyyətdir". 

Yazıçı Ş. Məhərrəmovun “sizcə, bu cür şəxslərə qız verərlər?” ifadəsini qətiyyən bəyənməyib. Onun fikrincə, ictimai bir şəxsin “qız vermək, qız almaq” kimi ifadələr işlətməsi doğru deyil: 

"Futbol şərhçilərinin təbirincə desək, bunu müğənninin ayağına yazmaq lazımdır. “Qız vermək” ifadəsini işlədərək, tənqid etdiyi gənclərin təfəkkürü ilə öz təfəkkürünü eyniləşdirib".