Ekspres avtobusların marşruta buraxılması çıxış yolu deyil


İlqar Hüseynli: "Sərnişin niyə 1 saatlıq yolu 2 saata, həm də ayaqüstə getməlidir?"

"Yeni avtobuslara, hansısa eksperimentlərə bu qədər vəsait sərf edincə, metrobus xətləri çəksinlər, ictimai nəqliyyat üçün xüsusi zolaqlar ayırsınlar"

  Paytaxtda ekspres avtobuslar fəaliyyətə başlayır. Bu gündən etibarən “E1” ekspres marşrut xətti üzrə  avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti – “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Neftçilər prospekti – “Azneft” dairəsi – Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Bu, Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilir. Qeyd edilir ki, marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN olacaq. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq. 

“E1” xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun “Xalqlar Dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metrodan, qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtomobillərdən istifadəsini azaldacaq”.

  Bəs nəqliyyat problemləri üzrə ekspertlər nə düşünür, yeni ekspres xətt marşrutunun faydası olacaqmı, tıxaclara, sərnişin sıxlığının azalmasına, sərnişinlərin vaxtında və komfortlu bir şəkildə mənzil başına çatmasına? 

  Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında məlum yeniliyi detallar üzrə təhlil etdi: 
- Yeni ekspres marşrut xəttinin trayektopriyasına diqqət edək: Metronun “Xalqlar Dostluğu” stansiyasından Bibi-Heybət-Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinədək bu avtobuslar məlum marşrut xətti üzrə hərəkət edir. Hansı ki, bu xətt üzrə daim tıxaclar müşahidə olunur. “Qara Qarayev” prospekti, “Koroğlu” metrostansiyası, H.Əliyev prospekti, Yusif Səfərov küçəsi, “Neftçilər” prospekti, “Azneft” dairəsindən Bibi-Heybət istiqamətində geniş hərəkət zolağına çıxanadək yerüstü intensiv hərəkət qeyri-mümkündür. Ekspres avtobuslar fərqli küçələrlə hərəkət etməyəcək axı, eyni istiqamətdə, eyni küçələrlə hərəkət edəcəklər. Onların tıxaca düşməyəcəyinə, hərəkət intervalında gecikmələr yaranmayacaına necə zəmanət verirlər? Bu, bir. İkincisi, ekspres avtobuslar digər ictimai nəqliyyatla eyni istiqamətdə, eyni vaxtda, tıxaca düşə-düşə hərəkət edəcəksə, niyə gediş haqqı 60 qəpikdir? Üstünlüyü nədir bu avtobusların? Üçüncüsü, ekspres adlanan bu avtobuslar axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Bəlkə ilkin mərhələdə belə nəzərdə tutulub, sonra fəaliyyət müddəti uzadılacaq, amma hətta ilkin mərhələ üçün də bu az vaxtdır, nəzərə alsaq ki, şəhərdə həftənin iş günlərində pik saatlar ən azı saat 20:00-dək davam edir. Ümumiyyətlə, şəhərdə “pik” olmayan vaxt, saat qalmayıb. Artıq tıxaclar daimi və xəstə bir hal almaqdadır. Və niyə axşam saat 7-nin yarısınadək. Yəni buvaxtadək işçilər artıq evlərinə dönmüş olur? İş vaxtları müxtəlifdir, ölkədə. Özəl müəssisələr var ki, iş vaxtı axşam saat 20:00-da bitir. Bu zaman işdən çıxan adam ekspres avtobuslardan istifadə edə bilməyəcək. Yəni bu yeni ekspres marşrut xəttində yenilik nədən ibarətdir? Bu marşrut xətti bizə pandemiyadan tanışdır. “M2” saylı marşrut xətti üzrə hərəkət edən “Bakubus”lar məhz bu xətt üzrə hərəkət edirdi və çox uzun bir yol qət etmiş olurdu. Sərnişinlər narazı idilər. Metro ilə yarım saata gedilən məsafəni bu avtobuslar 2 saata başa vururdu. Yaxşı, o zaman pandemiya idi, karantin qaydaları tətbiq edilirdi, metro qapanmışdı. İndi ki metro qapalı deyil. Sərnişinlər 60 qəpiyə uzun yol qət etməkdənsə, 30+30 sərf edib daha tez işə, sonra da evə çatmağı üstün tutacaqlar. Gediş haqqında güzəşt də yoxdur ki, aztəminatlı vətəndaş (avtobusla işə gedib-gələn zatən aztəminatlıdır – M.R.) pula qənaət edəcək deyə ekspres avtobusa üstünlük versin, uzun bir yol qət etməli və zaman itirmiş olsa da. Bir məsələ var ki, ekspres avtobuslar digər ictimai nəqliyyat vasitələrinə nisbətən kondisioner və isitmə sistemi sayəsində komfortlu ola bilər. Amma burada da oturacaq sayı məsələsi var. 

Uzun məsafələrə hərəkət edən avtobuslarda oturacaq sayı çox olmalıdır, sərnişinlər 1 saat ayaq üstə qala bilmir. “Bakubus” avtobuslarında isə oturacaq sayı o qədər də çox deyil. 

Bu avtobusların salonunda orta hissə genişdir. O da ayaqüstə gediş üçündür. Nəzərəçarpan üstünlüyü olmayan ekspres avtobuslarda məsafənin uzunluğu əsas alınaraq gediş haqqı  60 qəpik təyin edilibsə, dediyim kimi bu, sərnişinlərə sərf etməyəcək. Nə qiymət, nə vaxt, zaman, nə də komfort etibarilə. Hesab edirəm ki, BNA-nın yeni ekspres marşrut xətti, sadəcə, bir eksperimentdir. Eksperimentin müsbət nəticəsinin olacağına isə detallara baxıldığında inam azalır. İşə gedib-gələn vətəndaş ekspres avtobusu tapmayanda, yenə 1 manatlıq taksilərdən istifadə edəcək, çünki bu taksilərin manevr imkanları genişdir. Qiyməti də, zaman və komfort baxımından sərf edir. Sərnişin niyə 1 saatlıq yolu 2 saata, həm də ayaqüstə getməlidir? Ondansa, 1 manat ödəyib evinə rahat bir şəkildə, həm də daha tez çatar.    

  İ.Hüseynli qeyd etdi ki, ictimai nəqliyyatdakı problemləri həll etmək və şəhərdə dözülməz hal almış tıxacları aradan qaldırmağın sadə həll yolları var: 

- Lakin nədənsə, BNA da, bu işə məsul olan digər dövlət qurumları da məsələni köklü həll etməyə səy göstərməkdənsə, yenə də əlavə, kosmetik üsullara əl atırlar. Bu bilirsiz nəyə bənzəyir? Kasıb adam xarab olmuş hansısa əşyası üçün əvvəlcə Çin detalı alır, əşya bir müddət işləyir, yenə xarab olur, sonra Rusiya detalı alır, əşya yenə bir müddət işlədikdən sonra xarab olur. Halbuki o adam ilk başda alman istehsalı detal alsaydı əşyası daha zəmanətli işləyəcəkdi. Bizim qurumlar da külli miqdarda vəsait sərf edərək bir ucdan yeni avtobuslar alırlar, müxtəlif ölkələrdən. Amma bu avtobusların alınmasıyla ictimai nəqliyyatın problemləri həllini tapmır, əksinə, getdikcə daha da ağırlaşır. Yeni avtobuslara, hansısa eksperimentlərə bu qədər vəsait sərf edincə, metrobus xətləri çəksinlər, ictimai nəqliyyat üçün xüsusi zolaqlar ayırsınlar, avtobusların hərəkət yoluna digər nəqliyyat vasitələri daxil olmasın, avtobuslar dayanacaqlara sərbəst daxil olub çıxa bilsinlər, ictimai nəqliyyat şəhərin bütün istiqamətlərini əhatə etsin. Bununla şəhərdə rahat ictimai nəqliyyat sistemi təşkil etmək mümkündür. Nə qədər ki, bu işlər görülməyib, keyfiyyətli icitmai nəqliyyat olmayacaq.       
           
  Qeyd edək ki, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də dünən avtobus zolaqları məsələsinə toxunub. “Ziya Bünyadov” prospektində avtobus zolağı çəkildiyi haqda məlumatı və fotonu paylaşan ekspert belə şərh yazıb: “Bu prospekt hər gün pik saatlarında tıxaca bürünür, burada marşrut xətlərinin fasiləsiz hərəkəti çox vacibdir. Əsas məsələ, təbii ki, nəzarətdir. Digər küçələrdəki kimi nəzarət zəif olsa, onda bu addım sadəcə formal xarakter daşıyacaq. Çıxış yolu kimi bu zolağı yolun hərəkət hissəsindən xüsusi rezin "tumba"larla fiziki olaraq ayırmaqdır. Məlahət Rzayeva