Vətən savaşı örnək gənclik yetişdirdi

Vətəni sevməyin ən gözəl nümunəsini qəhrəman igidlərimizin timsalında gördük

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

  Azərbaycanda gənc nəslin milli köklərimizə, mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlılıq, Vətənə sevgi, vətənə, torpağa bağlılıq, sadiqlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə davamlı addımlar atılır. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm prinsiplərdən birini təşkil edir və dövlət üçün prioritet olan məsələlərdən biridir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi, onlarda vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, milli kimliyin aşılanması kimi məsələlər ölkə siyasətində önəmli yer tutur. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərə yüksək standartlara uyğun təhsil almaq, beynəlxalq yarışlarda iştirak etmək, savadı, biliyi, bacarığı olan gənclərə dövlət orqanlarında müvafiq vəzifələrdə çalışmaq imkanı yaradılır. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Azərbaycanda gənclər siyasəti daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Gənclərin vətənpərvər ruhda yetişdirilməsinə, savadlı, təhsilli gəncliyin formalaşmasına daim böyük diqqət ayrılıb. Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Aparılan bu nümunəvi gənclər siyasəti öz bəhrəsini layiqincə verməkdədir. Vətənini, dövlətini sevən gənclik bizim ən böyük və əvəzolunmaz sərvətimizdir. Təhsilli, vətənpərvər, dövlətə bağlı, sağlam düşüncəli gənclərin yetişdirilməsi ölkəmiz üçün böyük önəm daşıyır. 

Çünki məhz gənclər bu ölkənin gələcəyidir. Çünki gələcəkdə gənclərimiz bu dövlətə xidmət edəcəklər, Vətənimizi qoruyacaqlar. Ölkəmizi xoşbəxt gələcəyə aparan da məhz gənclər olacaq. Azərbaycanda könüllülük institutunun formalaşdırılmasını da qeyd etmək lazımdır. 

Bu, məhz dövlət başçımızın təşəbbüsü ilə yaradılmış "ASAN xidmət"in fəaliyyətə başlamasından sonra, ilk dəfə "ASAN könüllüləri"nin yaradılması ilə başladı və bu gün də bir çox digər dövlət qurumlarında uğurla davam etdirilir. Könüllülük gənclər arasında istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin inkişafına, gələcəkdə gənclərin işlə təmin olunmasına xidmət edən bir institutdur. 

Eyni zamanda, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edir. 

Gənclərə diqqət və qayğının məntiqi nəticəsi idi ki, "Gənclər siyasəti haqqında" qanun qəbul edilib və qanunda gənclərə hərtərəfli dəstək əksini tapıb. Sənəddə gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrə bir sıra vacib əlavələr edilib. Eyni zamanda, aztəminatlı gənc ailələrin sosial müdafiəsi, onların mənzil təminatının yaxşılaşdırılması və bu məqsədlə güzəştlərin tətbiq olunması, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələləri qanunda əks olunub. Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq sahəsində uğurlar qazanaraq  Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər. Əminliklə qeyd edə bilərik ki, gənclərin böyük əksəriyyəti dövlət tərəfindən yaradılan şəraitdən faydalanıb və inkişaf edib. Gənclərin mənəvi inkişafına ən böyük nümunə onların vətənpərvər ruhda böyüməsidir. 

  “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı "Şərq"ə deyib ki, illər boyu həyata keçirilən gənclər siyasətinin nəticəsini 44 günlük Vətən müharibəsi dövründə aydın şəkildə görə bildik. Onun sözlərinə görə, tam məsuliyyətlə demək olar ki, Vətən savaşında Azərbaycan gəncliyi bu müqəddəs sınaqdan üzü ağ çıxmağı bacardı: 

"Ön cəbhədə Azərbaycan gəncliyinin nümayəndəsi olan əsgərlər düşmənə meydan oxudular, Azərbaycanın tarixi torpaqlarını geri alaraq tarixi ədaləti bərpa etdilər. Həmçinin, arxa cəbhədə də Azərbaycan gəncliyinin nümayəndələri informasiya savaşının döyüşçüləri kimi düşmənlə mübarizə apardılar, söz cəbhəsini tərk etmədilər. Gənclərimiz düşmənin yalan maşınının, dezinformasiyalarının qarşısının alınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox yaxından iştirak etdilər. Şübhəsiz, bu, ilk növbədə Azərbaycan gəncliyinin milli kimliyimizə, milli davamıza münasibətinin təcəssümü idi. Digər yandan isə ölkəmizdə illərdir gənclər arasında aparılan ideoloji işin, Azərbaycan gənclərinə konkret strateji xətt üzrə həyata keçirilən hərbi və milli vətənpərvərliyin məntiqi nəticəsi idi". 

  Birlik rəhbəri deyib ki, həqiqətən də Azərbaycan gəncliyi 44 günlük Vətən savaşında öz üzərinə düşən vəzifələrin, məsuliyyətin öhdəsindən layiqincə gəlməyi bacardı: 

"Həm hərbi müstəvidə, həm informasiya cəbhəsində tarix yazdı. Bu gün müharibə bitsə də, torpaqlarımızı işğaldan azad etsək də, realllıq odur ki, hələ də düşmənin hərbi və informasiya müstəvisində təxribatları bitməyib. Azərbaycan dövlətinin müstəqil xarici siyasəti bir çox kənar gücləri, bədnam qonşularımızı narahat etməkdədir. O baxımdan hazırda Azərbaycanın qarşısında, o cümlədən gənclərimizin qarşısında əvvəlki dövrlərdən daha artıq və mühüm vəzifələr dayanır. Azərbaycan gəncliyi müharibədən qabaqkı dövrlərlə müqayisədə daha ayıq-sayıq olmalıdır. Gənclərimizin potensialı çox yüksəkdir. Əgər 44 günlük savaşa kimi vətənpərvərlik haqqında daha çox ümumi sözlərlə danışırdıqsa, müharibədən sonra milli mənlik şüuru və Vətən sevgisi barədə konkret faktlarla danışmağa başladıq. Çünki müharibədə 3 minə yaxın şəhidimiz və on minlərlə qazimiz oldu. Vətəni sevməyin ən gözəl nümunəsini qəhrəman igidlərimizin timsalında gördük. İndi bizim vəzifəmiz bu örnəyi indiki və gələcək nəsillərə aşılamaqdır, olduğu kimi çatdırmaqdır. Uğurlarımız bizi arxayın etməməlidir. Mübarizəmiz ön cəbhədə də, arxa cəbhədə də davam edir. Gənclərimiz dil bilgisini artırmalı, sosial şəbəkələrdə daha fəal olmalıdır".