İndi ən həssas dönəmdir

İctimai və dövlət maraqlarının müdafiəsi

“İctimaiyyət dövlətə yardım etməli, məsuliyyəti bölüşməli, ayıq-sayıq olmalıdır”

"Əgər bu gün metroda əl çantalarının, daşınan yüklərin yoxlanması tələbi qoyulubsa, hamı buna əməl etməlidir. Hətta kimsə hansısa sərnişinin əl çantasını yoxlama cihazından keçirmədən eskalatora mindiyini görürsə, dərhal bu barədə polis əməkdaşlarına xəbər verməlidir"

  Terror dövlətlərə qarşı gizli mübarizə üsullarından biridir. Terroru siyasi mübarizə üsulu hesab edənlər bundan ölkə daxilində sabitliyi, asayişi pozmaq üçün istifadə edir. Türkiyədə baş verən terror hadisəsi təkcə Türkiyəyə qarşı deyil, bizə qarşı da yönəlib. İstanbulda törədilmiş terror hadisəsi də bu səpkilidir. Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev hesab edir ki, bu cür terror hadisəsi törətməklə hansısa qüvvələr türk dövlətlərinin birliyinin qarşısını almağa çalışır. 

“Bildiyiniz kimi, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi və bəyanat qəbul edildi. Bu terror hadisəsinin də onunla bağlı olma ehtimalı var, Türk dövlətlərinin birləşməsinə imkan vermək istəmirlər. Əlbəttə, bizi istəməyən dövlətlər az deyil. Bu, planlaşdırılmış bir terror hadisəsi idi. Bu terror hadisəsi təkcə türkiyəli vətəndaşlara qarşı yönəlməyib, həm də Türkiyə dövlətinə qarşı yönəlib. 

Terror hər zaman qeyri-qanuni qüvvələrin dövlətlərə təzyiq vasitəsi olub. Bununla da həmin dövlətləri öz siyasətlərindən yayındırmağa, onlara təsir etməyə çalışıblar”, - deyə A.Qarayev vurğulayıb. A.Qarayev xarici ölkələrdə olan səfirliklərimizin də təhlükəsizliyi məsələsinə toxunub. Polkovnik qeyd edib ki, yaxın zamanlarda Azərbaycanın səfirliklərinə qarşı hücumların şahidi olduq: "Səfirliklərimizin təhlükəsizliyinin təmin olunmasında həmin ölkələrin birbaşa məsuliyyəti var. Beynəlxalq konvensiyalara əsasən, hər bir ölkə öz ərazisində yerləşən səfirliklərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Son zamanlar Azərbaycan səfirliklərinə edilən hücumlar isə onu göstərdi ki, bəzi dövlətlər bu tələblərə tam əməl etmirlər. İlk növbədə, xarici ölkələrdə olan səfirliklərimiz də bu məsələyə xüsusi diqqətlə yanaşmalı və təhlükəsizlik tədbirlərinin artırılması üçün lazımi müraciətlər etməlidir".

  Azərbaycan təhlükəsizlik orqanının sabiq əməkdaşı İlham İsmayıl da Türkiyədə baş verən terror hadisəsini dövlətçiliyə qarşı hücum kimi qiymətləndirib. Azərbaycanda İranın casus şəbəkəsinin ifşa olunmasından söz açan ekspert bəzilərinin hələ də həbs edilmədiyini söyləyib: 

"İranın dəstəklədiyi dini radikal qruplaşmalar Azərbaycana təsir etmək üçün müəyyən terror hadisələrini törətməyə cəhd göstərə bilər. Bundan öncə İran casus şəbəkəsinin Azərbaycan vətəndaşlarından ibarət silahlı dəstəsi saxlanılmışdı. Bu insanlar Suriyada xüsusi hazırlıq keçiblər. Onlardan bir neçəsi saxlanılıb. Müəyyən bir qrup isə hələ də həbs olunmayıb. Həbs olunmayan şəxslərin terror hadisəsi törətməsi mümkündür. Bu, xüsusilə, nəzərə alınmalıdır". İlham İsmayılın sözlərinə görə, vəziyyətin gərginləşdiyi dönəmdə terrora hazırlaşan tərəflər adətən gözləmə mövqeyi tuturlar. Onlar terror aktını həyata keçirmək üçün aranın sakitləşməsini, şübhəli məqamların aradan qalxmasını gözləyirlər. Bu müddət ərzində xüsusi xidmət orqanları birgə fəaliyyətlərini daha da gücləndirməlidir. İndiki məqamda maarifləndirmə işlərinin aparılması da xüsusi əhəmiyyət daşıyır. 

  Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda hər birimizin üzərinə böyük məsuliyyət düşür:
 
- Fikir vermisinizsə, ictimai nəqliyyatda vətəndaşlara xəbərdarlıq elanları hələ də qalır. Bu xəbərdarlıqlar pandemiyanın ilk dövrlərində ictimai nəqliyyatda göründü və bu, vacib idi. Çünki pandemiyadan irəli gələn karantin rejimi mühüm əhəmiyyət kəsb edirdi. Qeyri-adi şəraitlərdə terror təhlükəsinin artma ehtimalı yüksəlir. Cəmiyyət həssas olduğu üçün, dövlətin resursları konkret problemin həllinə səfərbər olduğu üçün, müəyyən boşluqlar yarana bilir. Belə vəziyyətlərdə vətəndaşların, ictimaiyyətin dövlətə yardım etməsi, məsuliyyəti bölüşməsi, ayıq-sayıq olması lazımdır. İctimaiyyət səylərini birləşdirib çətin, mürəkkəb mərhələdə dövlət orqanlarına dəstək olmalıdır. Bu xəbərdarlıqlar da həmin məqsədə xidmət edirdi. Elanlarda vətəndaşlara müraciətlə qeyd edilir ki, hər hansı şübhəli şəxs və ya əşya gördükdə dərhal "qaynar xətt"ə zəng etsinlər, polisə müraciət etsinlər. Diqqət etmisinizsə, metroda da eyni məzmunlu xəbərdarlıq səsləndirilir. Bütün bunlar vətəndaşların ayıq-sayıqlığını artırmaq üçündür. Hazırda ölkəmiz həssas dönəmdədir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə regionda ictimai-siyasi ab-havanı Azərbaycanın xeyrinə dəyişdi. Əlbəttə ki, belə bir üstünlük əldə etməyimiz bəzi bədxahlarımızı narahat edir. Həmin güclər müxtəlif üsullarla Azərbaycanın dünya birliyindəki gücünü, möhkəmlənmiş mövqeyini sarsıtmağa cəhd göstərmək istəyirlər. Belə vəziyyətlərdə terrora əl atmaq bəd niyyətli dövlətlərin və siyasi güclərin silahına çevrilir. Ona görə də hər birimiz bu həqiqəti anlayaraq təhlükəsizlik məsələlərində dövlətimizə dəstək verməliyik. Əgər bu gün metroda əl çantalarının, daşınan yüklərin yoxlanması tələbi qoyulubsa, hamı buna əməl etməlidir. Hətta kimsə hansısa sərnişinin əl çantasını yoxlama cihazından keçirmədən eskalatora mindiyini görürsə, dərhal bu barədə polis əməkdaşlarına xəbər verməlidir. Təhlükəsizlik hazırda ən ciddi riayət edilməli məsələdir. Bunu bizdən dövlətimizin və ictimaiyyətin maraqları tələb edir. Aidiyyətli orqanlar da təhlükəsizliklə bağlı tədbirləri ikiqat gücləndirməlidir. Metro, avtobus, universitet kimi insanların kütləvi toplaşdığı yerlərdə mövcud təhlükəsizlik işlərinə əlavələr edilməlidir. Eyni zamanda, əhali arasında maarifləndirmə işi aparılmalıdır. Maarifləndirməyə də ciddi önəm verilməlidir. Televiziyalarda sosial çarxlar nümayiş etdirilməli, küçələrə, parklara xəbərdarlıq elanları vurulmalıdır. Bunlar əhəmiyyətsiz deyil. Yaddaş üçün, xatırlatma üçün çox vacib elementlərdir.