Taksilər də köməkdir

Əhali reallığı dərk etməyə başlayıb

Artıq vətəndaşlar metroya və ictimai nəqliyyata üstünlük verir

  Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" 167 358,8 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 3 dəfə çoxdur. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 55 625,1 min nəfər olub. Bakıda metropolitenində xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatdırılması planlaşdırılır. 2022-ci ilin yanvar-oktyabr aylarında sərnişin xidmətində də artım olub. Nəqliyyatçılar 1318,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,9 faizi avtomobil nəqliyyatı, 12,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Bu göstəricilər ictimai nəqliyyatdan istifadənin artdığını da təsdiqləyir. 

Əhalinin ictimai nəqliyyata üstünlük verməsi təqdirolunası haldır. İllərdir, mütəxəssislər paytaxt əhalisinə ictimai nəqliyyatdan daha çox istifadə etməyi məsləhət görür, müvafiq orqanlar xüsusilə beynəlxalq tədbirlər, yarışların keçirildiyi günlərdə, həftə sonları, “pik saatlar”da ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirlər. Görünür, əhali reallığı daha çox dərk etməyə başlayır və şəxsi avtomobillə, eləcə də nisbətən baha qiymətə taksi xidmətindən istifadə edib, istənilən halda tıxacda qalmaqdansa, ictimai nəqliyyatdan istifadəyə üstünlük verir. Bu anlayışla ki, tıxac onsuz da var, fərq etmir, şəxsi avtomobillə, ya taksi ilə. Ondansa, daha az xərclə avtobus və metrodan istifadə sərfəlidir. 

  Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında sərnşindaşımada həm metropoliten, həm də avtomobil nəqliyyatının çəkisinin artmasının bir neçə səbəbi olduğunu dedi: 

- Günün bəlli saatlarında yollarda tıxaclar yaransa da, ictimai nəqliyyatda gecikmələr yaşansa da, hiss olunur ki, sərnişindaşımada müsbət irəliləyişlər var. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deməyə əsas verir. Ölkədə həqiqətən də həm metro, həm də avtobusla sərnişin daşımalarının sayı artıb. Burada ictimai nəqliyyatdakı inkişafı, müsbət dəyişiklikləri, həmçinin taksi xidmətinin də normal fəaliyyətini vurğulamalıyıq. Taksi operator şirkətlərinin sayı çoxdur. Taksilərin də sayı çoxalıb. Bu sahədə şəffaf rəqabətlilik var. Sərnişinlərə seçim imkanı verilir. Hansı taksi xidməti qiymət baxımından daha sərfəlidirsə, vətəndaş onu seçir. Bu amillər avtomobil nəqliyyatı ilə daşınmaların həcmini artırır. 

Bakıda ictimai nəqliyyatın bir üstünlüyü də metronun olmasıdır. Avtobus da gecikir, taksilər günün saatları və hava şəraiti ilə bağlı qiymətləri qaldırır, metro isə ən rahat nəqliyyat vəsitəsi olaraq qalır. Ona görə də vətəndaşlar metrodan istifadəyə daha çox önəm verir. 

Metropolitenin stansiyalarının sayının artırılması və yeni stansiyaların əhalinin sıx məskunlaşdığı ərazilərə yaxın inşa edilməsinə diqqət edilməlidir. Yeni stansiyaların tikintisi planlaşdırılarkən elmi təhlillər aparılmalıdır. 

Elə etməlidirlər ki, yeni stansiyalar sərnişin sıxlığının azaldılmasına xidmət etsin. Bununla yerüstü ictimai nəqliyyatın yükü də azalar, əhali tıxaclardan çox əziyyət çəkməz.