Zahid Oruc parlamentdə yeni təklif səsləndirdi



"Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin İrəvanda görüşü keçirilsin"

"Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur"

"Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur"

  Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib. İclasın gündəliyinə 48 məsələ daxil edilib. Deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər, bir sıra problemləri gündəmə gətiriblər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb. Deputat bildirib ki, bu həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaradır: “Problemin həlli üçün əvvəlcə səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunlardan 2-si beynəlxalq, 1-i isə ölkədaxili səbəbdir. Hər kəs problemin ciddiliyini anlayır, amma həllini tapmır. Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsidir, bu, həmin ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir".

Fəzail Ağamalı QHT-lərə Güneylə bağlı çağırış etdi 

  Millət vəkili Fəzail Ağamalı deyib ki, İran molla rejimi Güneydəki soydaşlarımıza qarşı repressiyalar törədir, onları həbs və edama məhkum edir. Deputat hesab edir ki, Azərbaycanda insan hüquqları ilə məşğul olan QHT-lər İran molla rejiminin bu pozuntularını ən yüksək səviyyədə qaldırmalıdır: "Ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları var. Onlar İranda soydaşlarımıza qarşı edilən təzyiqləri, repressiyanı qabartmalı, beynəlxalq arenada diqqətləri bu məsələnin üzərinə çəkməlidirlər. Əfsuslar olsun ki, bu məsələdə fəaliyyət gözə dəymir". 

  Deputat Ceyhun Məmmədov deyib ki, İranın xəbər agentlikləri, televiziya kanalları, xüsusilə “Səhər” kanalı Azərbaycana və Azərbaycan Prezidentinin ünvanına hədyanlar yağdırmağa davam edir: "Eləcə də Azərbaycanın bir sıra bölgələrində İran radioları Azərbaycanın efir məkanına müdaxilələr edirlər. Burada söhbət təkcə sərhəd bölgələrindən getmir. Son vaxtlar İranın sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək Azərbaycanda gərginlik yaratmaq cəhdləri açıq müşahidə olunur. Bu məqsədlə həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının, eləcə də İran radiolarının ölkəmizin efir məkanına müdaxiləsinin qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir. Uzun illərdir bu barədə müzakirələr getsə də, hələ də konkret nəticə yoxdur. Bununla yanaşı hesab edirəm ki, İranın Azərbaycanda uzun illər ərzində formalaşdırdığı şəbəkənin və həmin şəbəkənin bütün üzvlərinin zərərsizləşdirilməsi istiqamətində də ciddi addımlar atılmalıdır. Eyni zamanda İranda yaşayan soydaşlarımıza ünvanlanmış verilişlərin hazırlanması və ya televiziya, radio kanalının açılması məsələsi xüsusi diqqətdə saxlanılmalıdır”. Deputat təklif edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası məqsədilə müxtəlif dillərdə, o cümlədən ərəb və fars dillərində verilişlərin yayımlanması istiqamətində də ciddi düşünülsün: “Bu gün dünyanın əksər ölkələri bunu edirlər”.

"Azərbaycan və Ermənistan arasında 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük"

  Deputat Elman Nəsirov bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə münaqişənin dondurulması siyasəti həyata keçirilirdi. Parlament üzvü qeyd edib ki, indi də postmünaqişə dövründə biz dondurulma siyasətinin həyata keçirilməsinə cəhdləri görürük: “İndiyə kimi Ermənistan və Azərbaycan arasında hansı razılıqlar əldə edilibsə, onların yerinə yetirilməsinin dondurulması prosesi getməkdədir. İki tərəf bu razılaşmaları həyata keçirsəydi, bəlkə də, bu proses çoxdan həllini tapmışdı. Hazırda 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük. Diplomatiya tarixi onu göstərir ki, bu tip münaqişələrin həlli üçün ortada sülh müqaviləsinin layihəsi olmalıdır”.

  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin İrəvanda görüşünün keçirilməsini təklif edib: "Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazlarda hökmranlıq gərəkdir. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir. Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir. İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir. Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində plankanı aşağı salmalıyıq, əks halda onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, lakin nəticədə davamlı sülh əldə edəcəyik" sözlərini xatırlatmaq kifayətdir. Belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər”. Zahid Oruc qeyd edib ki, 6 oktyabrda Praqada Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk sınaq olub: “Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur. Xalqlar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı, sülhlə İrəvanı qazanacağıq”.