Millət vəkilləri qanundakı boşluqları tənqid etdilər

Partiya üzvlərindən identifikasiya nömrələrinin tələb olunması doğru deyil

Siyasi partiyalar haqqında qanundakı təzadlar aradan qaldırılmalıdır

Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürüləcək vəsaitin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər


  Milli Məclisin dünənki iclasında deputatlar “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişikliklər təklif ediblər. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev partiya üzvlərinin fərdi identifikasiya nömrələrinə dair tələbin ləğvini təklif edib. Deputat bildirib ki, artıq partiyada göstəriş verilib ki, qanun layihəsinin 20-ci maddəsinə uyğun olaraq üzvlərin fərdi identifikasiya nömrələri alınsın. Amma bu informasiya gizli, konfidensial informasiyadır. 
Q.Həsənquliyev bildirib ki, bu, partiya üzvləri arasında narazılıq yaradır: “Fərdi identifikasiya nömrəsi ilə hətta bir vətəndaş evdən oturub kredit götürə bilər. Bu konfidensial informasiyanı qorumaq üçün tələblər müəyyənləşib, Nazirlər Kabineti bunu təsdiqləyib. Partiyaların heç birinin o imkanı yoxdur ki, bu informasiyanın konfidensiallığını qoruya bilsin. Məncə, sadəcə partiya üzvlərinin adı soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Çünki fərdi identifikasiya nömrəsinin şəxsdən alınması qəbul etdiyimiz qanunlara da ziddir”.

"Qanunun əleyhinə bəyanata imza atanlar arasında tanıdığım hüquqşünaslar da var"

  Millət vəkili Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsini istəyənləri qınayıb. Deputat qanunun əleyhinə imzalanan bəyanata təəccüblə baxdığını deyib: "Həmin şəxslər istəyir ki, qanun layihəsi Venesiya Komissiyasına göndərilsin, orada baxılsın. Bu cür yanaşmanı qınayıram. Hər bir məsələ burada həll olunmalıdır. Bu, bilirsiniz nəyə oxşayır? 44 günlük zəfərdən sonra prosesi ATƏT-in həll etməsini istəməyə bənzəyir. Sanki siyasi təşəbbüsləri hüquqi müstəviyə daşımaq istəyirlər. Bunu qəbul etmirəm. Venesiya Komissiyası qanuna niyə baxmalıdır? Müzakirələr zamanı bütün siyasi partiya sədrləri dəvət olundu, fikirləri, təklifləri öyrənildi. Bu qanunun əleyhinə bəyanata imza atanlar arasında tanıdığım hüquqşünaslar da var. Bu, çox məyusedicidir, siyasətdə olan proseslərin hüquqa da sirayət etməsini göstərir”.

"Partiyanın adı var, üzvü yoxdur, partiya var, sədri yoxdur"

  Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, 1992-1993-cü ildə qəbul edilmiş qanunların dəyişdirilməsinə qısqanclıq duyan adamlardan biri o olub: "Çünki o vaxt o qanunları çox çətinliklə qəbul etmişdik. Ancaq siyasi mühit artıq dəyişib, bu qanunun qəbuluna normal baxmaq lazımdır. Siyasi partiyanı siyasi dərnəyə çevirmək təşəbbüsləri çoxdur. Azərbaycanda partiyanın adı var, üzvü yoxdur, partiya var, sədri yoxdur. Ona görə də bu qanunun qəbuluna çox müsbət yanaşmaq lazımdır”.

"Qanun real siyasi partiyaların daha çox görünməsinə imkan yaradır"

  Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, qanunu ilk gündən dəstəkləyib. Bütün iclaslarda, dinləmələrdə, komitə iclaslarında çıxış edib, dövlətçilik mövqeyindən yanaşaraq müsbət münasibətimi bildirib. Çünki bu qanunun ölkəmizdə siyasi proseslərin inkişafına təkan verəcəyinə və demokratik proseslərin daha da dərinləşməsinə zəmin yaradacağına inanır: "Həm də bu qanun real siyasi partiyaların daha çox görünməsinə imkan yaradır. Sözçülüklə məşğul olanlar isə qoy partiya quruculuğu və yeni üzvlərin cəlbi barədə düşünsünlər. Üzv toplaya bilməyən partiya yarpaqları tökülmüş, ömrünün payızını yaşayan qüvvə deməkdir”. R.Nurullayev qeyd edib ki, bəzi təzadlı və sual doğuran məqamlar var: “Biz bu qanundan sonra 47 qanun layihəsinə “Açıq hökumət”in təşviqinə dair dəyişiklikləri müzakirə edəcəyik və nəzərdə tutulur ki, elektron informasiya resurslarından əldə edilən məlumatları aidiyyəti dövlət qurumu o dövlət qurumundan alır. Bu qanunun tələbini həm də siyasi partiyaların reyestr məsələsində nəzərə almaq lazımdır və bunun detallarını adını çəkdiyim həmkarlarım Qüdrət Həsənquliyev və Fazil Mustafa dedi. Hikmət müəllim də dedi. Qanunun 6.4 maddəsində deyilir ki, siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə yanvar ayının 15-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim edir. Qanunun 7.2.2 maddəsində dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir. Bu maddələrdə olan təzadları aradan qaldırmaq lazımdır. Əgər siyasi partiya ildə bir dəfə reyestrə dəyişikliyi təqdim edirsə, müvafiq icra qurumu ildə iki dəfə hansı məlumatları yoxlayacaq? Bir də hörmətli Kamilə xanımın siyasi partiya üzvünün “tam fəaliyyət qabiliyyətli” olması barədə verdiyi sual məntiqlidir və yəqin ki, cavab olacaq”. 

"Partiyalar ƏDV-dən azad olunsun" 

Deputat Vüqar Bayramov bildirib ki, "Siyasi partiyalar haqqında” qanunun qəbulu islahatların inklüzivliyinin genişləndirilməsinə və siyasi sferada əməkdaşlıq platformasının inkişafına xidmət edəcək: "Plenar iclasadək layihəyə 70 düzəlişin edilməsi də demokratik müzakirə mühitindən xəbər verir. Partiyaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını təklif edirəm". Deputat, eyni zamanda seçkilərdə eitbarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil oluna bilməyən partiyalar arasında bölüşdürüləcək vəsaitin artırılmasını vacib sayıb: “2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”.

"Bu məsələ də yumşalsa, ağzıgöyçəklərin deməyə sözü qalmayacaq"

  Deputat Naqif Həmzəyev deyib ki, qanun layihəsindən bəlli olur ki, 50 nəfər tərəfindən siyasi partiya təsis edilir: “Başqa bir maddədə göstərir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olmaq qadağandır. Bu zaman 50 nəfər 5000 üzvü necə toplayacaq?! Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”. 
  Deputat Cavid Osmanov təsisçilərin 20 ilə qədər Azərbaycanda yaşaması şərtinin layihəyə yenidən daxil edilməsini təklif edib: “Hansısa formada bu məsələyə baxılmasını xahiş edirəm”.