Türkiyədən 3 AZN-ə alınan dərman, Bakıda  40 manata bazarlanır


“Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə gətirib çıxarır”


Sabiq təhsil nazirinin müavini, professor Ədalət Tahirzadə dərmanların qiymətinə etiraz edib. O öz Feysbuk səhifəsində yazıb: “Türkiyədən 3 manat 20 qəpiyə aldığı dərmanı Bakıda “Istanbul“ aptekində  39 manat 40 qəpiyə aldım”. 
Qeyd edək ki, son zamanlar ölkəmizdə dərmanların qiymətindəki bahalaşma və qıtlıq ciddi narahatlıq doğurur. 

Məsələ ilə bağlı “Sherg.az” a danışan İqtisadçı-ekspert Rəşad Həsənov da bildirib ki, heç bir şərtlər daxilində eyni adlı dərmanın Türkiyədə 3 manat Azərbaycanda 30 manatdan çox olması məsələsini iqtisadi əsaslarla izah etmək mümkün deyil:


  “Nəqliyyat xərcləri və Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında çox təməküzləşmiş iqtisadi mövqeyə malik şirkətlərin iştırakçılığı məsələsidir. Bu bazarda təklifin limitləndirilməsinə, kartel sözləşmələrinə, qiymətlərin diktə edilməsinə, optimallaşma istiqamətində imkanları formalaşdıran fəaliyyət mühitinin pozulmasına gətirib çıxarır. 

Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə gətirib çıxarır. Azərbaycan özü dərman istehsal etmir. İstehsal etməyən bir ölkə olaraq daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da özü-özlüyündə müəyyən mənada Azərbaycanda istehlakçılara dərmanların çatırılmasında əlavə xərclərin yaranmasına yol açır. Transport xərcləri kifayət qədər əhəmiyyətli xərc yükü formalaşdırır. 

Əgər bazarda 99,6 faizlik asılılıq varsa, belə olduğu halda vergi güzəştləri tətbiq olunmalıdır. Azərbaycana idxal olunan dərman vasitələri nəqliyyat və digər xərclər də məhsulun maya dəyərinə əlavə edilərək 18 faizlik Əlavə Dəyər Vergisinə cəlb olunub . Bu,doğru yanaşma deyil. Topdansatış müəssisələrinə 20 faizlik mənfəət norması imkanın yaradılması qiymətlərin artmasına səbəb olan amillərdən biridir”.   

Ekspert  onuda qeyd edib ki, bütün bunlar son nəticədə Azərbaycanda əhalinin dərman məhsullarına çıxış imkanlarını zəiflədir və dərman qiymətlərinin baha olmasına səbəb olur.    

Şərqiyyə Nəbi