Boşanan xanımlar əziyyət çəkir

Alimentlərin ödənilməsinin daha effektiv üsulları tapılmalı və icraya yönəldilməlidir

Bu məsələdə ən çox dəstəklənən təklif Aliment Fondunun yaradılmasıdır

  Ötən il aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib. Bu məlumat Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair keçirilmiş geniş kollegiya iclasında açıqlanıb. Məlumatda qeyd olunur ki, vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

  Aliment tələblərinin məhkəmənin qərarı ilə qarşılanması və məbləğin ödənilməsinin müsbət hal olduğunu bildirən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, problemin həlli üçün effektiv üsullar tapılması vacibdir: 

- Məhkəməyə müraciət, məhkəmə istintaqının aparılması, çıxarılan qərar və nəhayət, qərarın icrası bəzən uzun zaman aparır. Bizim İB-yə alimentin ödənməməsi şikayəti ilə müraciətlər çox olur və xanımlar məsələnin həllini xahiş edirlər. Bu vəziyyətdə müvafiq sənədlər toplanır, uşağın doğulması haqqında şəhadətnamə, ananın tənha olması və ya boşanma haqqında rəsmi sənəd və sair materiallar toplanır.

 Əgər uşağın atası məlumdursa, uşaq atasının soyadını daşıyırsa, iş asan olur. Amma atalıq müəyyən edilməyibsə, bunun üçün bir qədər çalışmaq, lazımi sənədləri əldə etmək lazım gəlir. Bəzən məlum olur ki, uşağın atası hansısa başqa ölkədə yaşayır. Bu zaman da məsələnin həlli çətinləşir. Həmin ölkədən rəsmi cavab, hansısa sənədin əldə edilməsi vaxt aparır, hətta mümkünsüz olan məqamlar da baş verir. 

Bu cür qeyri-standart hallar nəzərə alınmaqla alimentlərin ödənilməsinin daha effektiv üsulları tapılmalı və icraya yönəldilməlidir. Bu məsələdə ən çox dəstəklənən təklif Aliment Fondunun yaradılmasıdır. Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır. Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. 

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. 

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hesab edirəm ki, hazırda işlək qanunlara (Ailə Məcəlləsi, Əmək Məcəlləsi) bir sıra lazımi dəyişiklik və əlavələr etməklə problemin həllində irəliləyişə nail olmaq mümkündür. Aliment ödəməyənlərə qarşı ilkin xəbərdarlıq, cərimə, daha sonra həbs qərarı verilir. Lakin bu, vəziyyətdən çıxış yolu deyil. Aliment ödəməyən atanın həbsdə olması övladına təkbaşına qulluq göstərmək məcburiyyətində qalmış qadına hansı üstünlük verir və ya onun maddi vəziyyəti bununla yaxşılaşırmı? Cəza mexanizmi olmalıdır, sözsüz. Lakin biz öncə ehtiyac içində olan uşağı və qadını düşünməliyik. Bunun üçün də sosial paketlər olmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə işləməli, övladı ilə tənha, maddi sıxıntı içində qalanlar, heç bir yerdən gəliri olmayan və aliment ödənilməsi də mümkün olmayan məhkəmə işləri barədə ƏƏSMN-yə məlumat verilməli, nazirlik də yardım etməlidir. 

  M.Zeynalova ən optimal yol kimi Aliment Fondunun yaradılmasını görür: 

- Bir çox ölkələrdə Aliment Fondu institutu fəaliyyət göstərir və alimentdən məhrum qalmış uşaqlar bunun sayəsində maddi cəhətdən təmin edilə bilir. Aliment ödənilməməsinə cərimələrin miqdarının artırılması, əmlakın müsadirə olunması da mümkündür. Lakin bəzən müsadirə ediləsi əmlak da olmur. Bəzən insanlar gəlirlərini, əmlaklarını gizlədə bilir. “Heç bir yerdə işləməyən”, “işsiz” atanı nə qədər istəyirsən cərimə et, nə faydası?! Ondansa, maddi sıxıntı içində qalmış ana və körpəni sosial paketlər sayəsində himayə etmək daha normal yanaşmadır. Daha yaxşı olar ki, aliment ödəmək öhdəliyi olan, lakin bunu icra etməmiş, həmçinin barəsində məhkəmə qərarı icra olunmamış şəxslərin ölkədən çıxışına qadağa qoyulsun. Zəhmət çəksin, əvvəlcə övladının ehtiyaclarını ödəsin, çörək pulunu versin, sonra hara istəyir, çıxıb getsin.