“İrəli” gəncləri Gənclər Gününü silsilə tədbirlərlə qeyd ediblər - FOTO

“İrəli” İctimai Birliyi tərəfindən 2 Fevral - Gənclər Günü silsilə tədbirlərlə qeyd olunub.
Birliyin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə təşkilatın üzv və nümayəndələri Fəxri xiyabanda dövlət gənclər siyasətinin banisi, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının xatirəsi dərin ehtiramla yad edilib.

Həyata keçirilən tədbirlər proqramı çərçivəsində 4 müxtəlif istiqaməti əhatə edən “Gənclər Saatı” proqramı baş tutub. “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”, “İnformasiya texnologiyaları: Sıfırdan Birə” və “Təhsilin karyera inkişafında rolu” mövzularını əhatə edən görüşlər, habelə gənclərin fiziki dözümlülüyünü gücləndirmək məqsədilə keçirilən “Sağlam gənclik, sağlam gələcək” adlı master-klasda ümumilikdə 200-dən çox gənc iştirak edib.

Görüşlər zamanı qeyd olunub ki, Azərbaycan Gənclər Gününün ölkə miqyasında qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə ixtisaslaşmış dövlət qurumlarından biri olan Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi bu sahəyə ayrılan yüksək diqqətin təzahürü idi. Bununla yanaşı, ulu öndər Heydər Əliyev daim gənclərin Vətənə sadiq ruhda formalaşmalı olduğunu qeyd edir, vətən torpağını qorumağı hər bir gənc üçün müqəddəs vəzifə kimi qiymətləndirirdi.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun sıralarında yer alan cəsur gənclərimizin adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazması həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən biridir. 30 ilə yaxın davam etmiş işğala son qoyan Azərbaycan gəncliyinin hazırda da bu siyasətin inkişafında yüksək fəallıq nümayiş etdirməsi və ümummilli məsələlərdə yaxından iştirakı “Gənclər Saatı” müddətində iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, təşkilat tərəfindən gənclərin ehtiyaclarının öyrənilməsi, “Heydər Əliyev İli” və Gənclər Günü ilə əlaqədar olaraq Mingəçevir, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında gənclərlə görüş keçirilib. Görüşlər zamanı “İrəli” İctimai Birliyinin fəaliyyəti, həyata keçirilən layihələr və gələcəkdə baş tutması nəzərdə tutulan tədbirlərlə bağlı gənclərə məlumat verilib. Görüşlərdə paytaxt gəncləri ilə müqayisədə region gənclərinin resurslara çıxış imkanının məhdud olduğunu nəzərə alaraq Birlik tərəfindən gənclərlə bu kimi görüşlərin mütəmadi olaraq təşkil ediləcəyi vurğulanıb.

Tədbirlər planının davamı olaraq yaxın günlərdə gənc hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili və gənclər arasında intellektual oyunlara marağın artırılması məqsədilə Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı şəhər “N” saylı hərbi hissədə “Nə? Harada? Nə zaman?” intellektual turnirinin də keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, 2 Fevral - Gənclər Günü ilə bağlı həyata keçirilən tədbirlər planının əsas məqsədi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə gəncləri yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.