Bakı sürüşkən torpağın üzərindədir



Memar: “Şəhər çoxmərtəbəli binalarla həddindən artıq  çox yüklənib”

“Hansısa bir təbii fəlakətdə bütün şəhər sürüşüb dənizə tökülə bilər”

“Allah üzümüzə baxıb ki, bizdə bu cür dəhşətli zəlzələlər, tufanlar olmur. Yoxsa Bakı 1 saatın içində yox olardı”


  Türkiyədə baş verən zəlzələ tikilən çoxmərtəbəli binaların keyfiyyəti ilə bağlı məsələni yenidən gündəmə gətirib. Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər.
Bəs, Bakıda yeni tikilmiş binalar gələcəkdə ola biləcək hər hansısa bir təbii fəlakətə tab gətirə biləcəkmi? Ara məsafələri  belə olmayan binalar təhlükəsizlik qaydalarına riayət edilərək tikilibmi? 

  Məsələ ilə bağlı "Trend"ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda tikilən binalar sovet vaxtı tikilən binalardan zəlzələyə daha davamlıdır.

  "Son illərdə tikintilərin müvafiq normalara əməl olunmaqla aparılmasına nəzarət gücləndirilib. Bir neçə ildir ki, ölkəmizdə tikilən çoxmərtəbəli binalar həm şaquli, həm də üfüqi bir-birinə bağlanır. Bu səbəbdən belə binalar zəlzələyə daha davamlı olur. Ancaq həmin binaların neçə ballıq zəlzələyə davamlı olduğunu demək çətindir. Təbii ki, binaların zəlzələyə davamlılığı bilavasitə təbii hadisə zamanı üzə çıxa bilər. Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binaların təbii fəlakət qarşısında duruş gətirməsi titrəyişin müddətindən aslıdır. Baş verə biləcək zəlzələ nəticəsində, seysmik göstəricilərin dayanıqlılığı yüksək olsa belə, bu binaların əksəriyyəti qəzalı vəziyyətə düşə bilər".

  Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə  bildirib ki, Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir. Bakıda yan-yana dayanan binaların biri 8, biri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: "Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir.

  8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.

"Xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır. Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər. 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət etmir", - deyə Q.Yetirmişli qeyd edib.

  Memar Aytəkin İmranova isə “Şərq”ə açıqlamasında deyib ki, qanuna görə, binalar arasında məsafə tikilinin hündürlüyünün 60 faizini təşkil etməlidir. Lakin çox yerdə binalar bu qaydalara əməl olunmadan inşa edilib. Bizim Bakıda tikilən binalar  isə  bir-birinə o qədər yaxındır ki, nə qanuna, nə də seysmoloji normativə uyğundur:

 “Axı Bakı sürüşkən zonadır. Uzaq olsun, sabah sürüşmə, zəlzələ, sel baş versə, vəziyyət çox acınacaqlı olacaq bilər. Hətta zəlzələ yox, adi bir yanğın hadisəsində belə çox ciddi risklər yaranır. Binalar bir-birinə o qədər yaxındır ki, bu həm teknikanın hərəkəti üçün maneədir, həm də bir binada başlanan yanğın digər binalara keçərək alovun əhatəsini genişləndirə bilər. 

  Tikinti  işbazları tarixi, möhkəm  binaları söküb yerində eybəcər çoxmərtəbəli binalar tikdilər. Dəfələrlə çağırış etdik, müraciət etdik ki, buna yol vermək olmaz. Heç kəs bizim səsimizi eşitmədi. Dünyada bununla bağlı xüsusi metodologiyalar var. Avropanın, Asiyanın tarixi mərkəzlərinə nəzər salsaq, bir yerdə belə çoxmərtəbəli binanın tikildiyini görmərik. Məgər Brüsseldə, Londonda bunun üçün vəsaitmi yoxdur. İçərişəhər guya ki, qorunur, görülən bərpa işlərinə baxaq, hər gələn məmur bir cür əmr verir, necə gəldi üzləyirlər və tarixilikdən əsər-əlamət qalmır. Tarixi abidənin bərpası onun ilkin tarixi görünüşünün qaytarılmasıdır. Vaxtilə bunun üçün arxivləri araşdırır, layihələrini axtarıb tapırdıq. Heç bir formada bərpa işlərində qaydalara əməl olunmur. Niyə çoxmərtəbəli binaları mikrorayonlarda yox, mərkəzdə tikirlər? O qədər boş ərazilər  var ki. Çünki bunların məqsədi əhalinin yaşayışını yüksəltmək,  mənzil tələbatını təmin etmək yox, milyonlar qazanmaqdır. Mərkəzdə  2 otaqlı mənzilləri 300-500 minə satırlar. Ona görə də tarixi binaları məhv etdilər ki, çoxmərtəbəli evləri tikib daha çox adamlara satsınlar”. 

  Şəhərin hər yerində, xüsusilə mərkəzlərdə bu qədər tikililərin aparılması bütün problemlərlə yanaşı, ekoloji problemlərin də yarandığını deyən professor dünya təcrübəsindən danışıb: 

"Bir çox ölkələrdə özü üçün binalar tikdirmək istəyən şəxsə şəhərin kənarında yer ayrılır və həmin şəxs oranı tikdirir, bütün prosesləri özü həyata keçirir. Bizdə isə əksinədir. Hamı şəhərin mərkəzinə can atır. Burada nə isə tikdirmək istəyir ki, bu da Bakını belə çıxılmaz vəziyyətə salır. 

  İmkanı olan insalar da mərkəzin mənzərəsinə, dəniz mənzərəsinə həvəslənib yeni binalara  üstünlük verir. Halbuki bu binaların hər anı təhlükədir.  Amma binaların əksəriyyəti boşdur. O qədər bahadır ki, orta aylıq gəliri olan insanlar bu mənzillərə yaxın düşə bilmirlər. Deməli, bu nə bazar iqtisadiyyatına aiddir, nə sosial sifarişdir, nə də iqtisadi bir sosial yönlü aksiyadır. Təəssüf ki, indi işlərin heç biri elmi əsasda aparılmır.

 Əvvəllər Bakıda mikrorayonlar və sair kimi yaşayış yerlərinə üstünlük verilirdi. İndi isə bütün obyektləri, çoxmərtəbəli binaları əsasən mərkəzdə tikməyə çalışırlar ki, bu da şəhərin yüklənməsinə səbəb olur. Artıq şəhər idarə olunmaz bir vəziyyətdədir. Siz zəlzələdən danışırsınız, adicə havalar bir az dəyişəndə şəhərin nə hala düşdüyü göz qabağındadır. Allah üzümüzə baxıb ki,  bizdə bu cür dəhşətli zəlzələlər, tufanlar olmur. Yoxsa Bakı 1 saatın içində yox olardı. Amma bizdə zəlzələ olmur deyə biz özümüzü arxayın salmamalıyıq. 

Dediyim kimi, Bakı sürüşkən torpağın üzərindədir və həddindən artıq  çox yüklənib. Hansısa bir təbii fəlakətdə bütün şəhər sürüşüb dənizə tökülə bilər. Mən həmişə bu təhlükədən qorxmuşam.  Bir neçə metrostansiyaların üstündə hündür binalar tikilib. Təkcə bu faktın özü belə real təhlükə mənbəyidir. Bu tikililəri aparmaq üçün torpaq ayıran şəxslərin  bunu hansı prinsiplə həyata keçirdiklərinin maraq doğurduğunu deyir: 

"Hər bir işin əvvəlində araşdırmalar, məlumat toplamalar durur. Bizdə isə bu prinsipə qətiyyən əməl olunmur. Kimin ağlına hansı fikir gəldi onu da tətbiq etməyə çalışır. Amma bir məqamı unudurlar ki, bu şəhərin sahibi onlar deyil. Biz bu şəhəri gələcək nəsillər üçün də qoruyub saxlamalıyıq. Deyək ki, bütün dünyada tarixi abidələrin lap göyərmiş daşlarına da toxunmurlar. Bizdə isə həmin abidələrin "korlanmış" daşlarını yonub yerinə yenilərini qoymaqdan belə çəkinmirlər”.