Vahid bir konseptual sənəd ortaya qoyulacaq

Süni intellektin inkişafı prioritet sahədir

  “Azərbaycanın  Süni İntellekt Strategiyası hazırlanıb. Layihə artıq aidiyyəti qurumlara göndərilib. Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat verib. “Şərq”ə  açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə  deyib ki, bir xeyli müddətdir, RİNN -də Aİ Lab süni intellekt laboratoriyası da fəaliyyət göstərir: “Adıçəkilən layihənin hazırlanmasında bu laboratoriya Türkiyənin Rəqəmsal Transformasiya ofisinin də təcrübəsindən yararlanıb.

Yeri gəlmişkən, cari ilin əvvəli İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edildiyini açıqlamışdı.
Mərkəzdə IV Sənaye İnqilabı (Sİ) texnologiyaları üzrə İşçi Qrupu da yaradılıb.
  Düşünmək olar ki, hər iki qurumun birgə təklifləri əsasında ölkədə süni intellektin inkişafı ilə bağlı vahid bir konseptual sənəd ortaya qoyulacaq.
  Ümid edirəm, bu layihənin də taleyi Prezident Adiminstrasiyasına təqdim edilən digər konsepsiyaların taleyi kimi olmayacaq . Xatırladıram ki, rəqəmsal transformasiya və innovasiya sahəsi ilə əlaqəli çox sayda konseptual  sənədlərin layihələri uzun müddətdir ki, təsdiqlənməyib”.