Adil Qeybulla: “Ağrıkəsici dərmanların insan orqanizminə əks təsirləri danılmazdır”
“Son zamanlarda gənclərdə görülən infarktların əsas səbəblərindən biri də İrandan gətirilən ağrıkəsicilərdir. Bu dərmanları İrandan gələn maşınların şoferlərinə aldırırlar”. Bu sözləri sosial media hesabında kardioloq Firdovsi İbrahimov yazıb.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən apteklərdə İran dərmanlarının satışı qadağan olunsa da, insanlar fərdi olaraq bu dərmanları müxtəlif yollarla əldə edirlər. İrandan alınan dərmanlardan istifadə edən şəxslər ağrıya daha tez təsir etdiyini bildirirlər. Həm də İran dərmanları nisbətən ucuz olduğundan ona görə üstünlük verirlər.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən professor Adil Qeybulla isə deyib ki, İranda istehsal edilən dərmanların keyfiyyət parametri elə də aşağı deyil. Bu dərmanlar İranda öz vətəndaşlarının istifadə etməsi üçün hazırlanır və kütləvi şəkildə istifadə olunur. Xəstələrin İran istehsalı olan dərmanları alıb istifadə etmələrində heç bir problem yoxdur.
A.Qeybullanın sözlərinə görə, ağrıkəsicilərin infarkt yaratması iddiası isə sual doğuran bir məsələdir: “Belə məlumatlar konkret elmi araşdırmalara yox, şayiələrə söykənir. Əgər İrandan gətirilən konkret bir dərmanın yan təsiri ilə bağlı fakt varsa, bunu şərh etmək olar. Bu baxımdan İran dərmanlarının infarkt yaratması ilə bağlı iddiaları əsassız hesab edirəm”.
Ağrıkəsicilərdən mütəmadi istifadə və dozanın tədricən artırılmasının insan həyatı üçün böyük risk yaratdığını xatırladan professor deyib ki, ağrıkəsici dərmanların insan orqanizminə əks təsirləri danılmazdır:
“Bu dərmanlar mədənin selikli qişasını zədələyir, mədə xorası və qanama riski yaradır. Mütəmadi olaraq ağrıkəsicilərdən istifadə edənlərin böyrəkləri də zədələnir. Bir çox ağrıkəsicilərin ürək xəstəlikləri riskini artırdığı da sübut edilib. Amma bu, sadəcə, İranda istehsal olunan ağrıkəsicilər yox, digər ölkələrdən idxal olunan ağrıkəsicilərin istifadəsi zamanı da mümkündür. Yəni sadəcə, "İran ağrıkəsiciləri infarkta səbəb olur, Avropadan, Rusiyadan idxal olunan ağrıkəsicilərin heç bir yan təsiri olmur" demək düzgün deyil. Normal dozada istifadə etdikdə ağrıkəsicilər faydalı, doza həddini aşanda isə zərərli olur”.