Bəzi hallarda MTK-lar söküləcək binaların sakinləri ilə yazılı müqavilə bağlamadan insanları kirayə köçürməyə, yaxud da qəzalı binanın iki addımlığında yeni bina inşa etməyə başlayırlar
Artıq bir neçə ildir ki, paytaxtda istismara yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır.
Qanunvericiliyə əsasən, mənzili sökülən şəxslərə ya kompensasiya ödənilir, ya da evi başqa bir mənzillə dəyişdirilir. İkinci hadisə nadir hallarda baş verdiyindən tikinti şirkətləri daha çox vətəndaşlara kompensasiya ödəməyə üstünlük verirlər. Bəzən isə kompensasiya məbləği MTK-larla ev sahibləri arasında narazılıq yaradır.
Qeyd edək ki, budəfəki söküntü paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evlərində aparılacaq. Söküntü işləri 1-ci Alatava sahəsində həyata keçiriləcək. Həmin ərazidə yeni məhəllə salınacaq. İlkin layihədə 13-14 və 16 mərtəbli yaşayış binalarının tikintisi nəzərdə tutulur.
Sakinlərin sözlərinə görə, Yasamal rayonunda yerləşən əraziyə baxış keçirildikdən sonra onlara söküntü işlərinin aparılacağı bildirilib. Uzun illərdir burada yaşayan sakinlər deyirlər ki, bu məsələdə əvvəlcə qarşılıqlı razılıq əldə olunmalıdır.
"Milli.Az" bildirir ki, Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırovun "Xəzər Xəbər"ə dediyinə görə, 1-ci Alatava adlanan yaşayış sahəsində fərdi evlərin əksəriyyətinin istismar müddəti bitib. Kommunikasiya və nəqliyyat problemləri ərazidə xaotik vəziyyətin yaranmasına səbəb olub. Buna görə də ərazidə söküntü işlərinin aparılmasına qərar verilib. Artıq sözügedən ərazi ilə bağlı ilkin layihə hazırlanır. E.Bağırov əlavə edib ki, aidiyyəti qurumdan razılıq alındıqdan sonra ərazidə söküntü işləri aparacaq şirkət sakinlərlə danışıqlara başlayacaq.
Daşınmaz əmlak məsələləri üzrə ekspert, “Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov “Şərq”ə açıqlamasında deyib ki, istismar müddəti bitmiş evlərin sökülməsi və yeni binaların inşa edilməsi qanunvericiliklə tənzimlənən məsələdir. Ekspertin sözlərinə görə, qanunvericilikdə hər bir vətəndaşın evi üçün onun istəyinə uyğun kompensasiyanın ödənilməsi yer alıb. Ya alternativ əmlak verilməlidir, ya da ki müəyyən razılaşma əldə edilməlidir: “Sadəcə olaraq qanunda öz əksini tapan maddələr bir çox hallarda vətəndaşları və ya tikinti şirkətlərini qane etmədiyi üçün hər iki tərəf daha çox qazanc əldə etməyə çalışır. Bütün bunlar da təbiidir.
Xatırlayırsınızsa, 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarından sonra paytaxtın rayonlarında söküntü bumu başladı. Qərara görə, rayonların ərazilərində qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış tikintilər sökülməli və yenisi ilə əvəz edilməli idi. Bu qərardan sonra pilot layihələrin tikintisi zamanı, konkret olaraq 2016-2019-cu illərdə Bakıda tikinti sektorunda xaos, hərc-məclik baş alıb gedirdi. Vətəndaşlar tikinti şirkətlərindən daha çox aidiyyəti qurumları günahlandırır, haqlarını onlardan tələb edirdilər. Çünki o zaman söküntü prosesi müvafiq icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilirdi. Vətəndaşlarla danışıqlar zamanı da icra nümayəndələri iştirak edirdi deyə, tikinti şirkətləri mübahisələrdən kənarda qala bilirdi.
Haqlı olan vətəndaşlar da var idi, haqsızlar da. 2 otaqlı mənzili üçün 100 min manat tələb edən də var idi, verilən pula qane olan da. Amma bu kimi problemlər kütləviləşdiyindən, çəkişmələr qarşısıalınmaz hal aldığından bu qərar ləğv edildi. 2019-cu ildən sərəncamların verilməsi Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq, Arxitektura Komitəsinə verildi. Və hazırda icra hakimiyyətləri vətəndaşlarla danışıq və razılaşma məsələsində iştirak etmir. Tikinti şirkətləri bina tikmək üçün əlverişli yer müəyyən edərək ərazinin bərpası məqsədilə müvafiq qurumlara müraciət edərək tikintiyə razılıq alır. Həmin ərazidə isə sənədsiz yaşayan, qeydiyyatda olan, lakin mülkiyyət hüququ olmayan vətəndaşlar olduqda tikinti şirkətləri həmin sakinləri sıxışdırmağa çalışır. Bu zaman da MTK ilə vətəndaşlar arasında ciddi narazılıq yaranır”.
Ekspertin sözlərinə görə, hansısa qəzalı binanı söküb yerində çoxmərtəbəli bina tikmək istəyən MTK-ların güclü maliyyəsi olmalıdır: "Bəzən vətəndaşlar şəxsi mənzilləri üçün artıq pul, evlərinin ölçüsündən böyük mənzillə təmin olunmaq istəyirlər. Tikinti şirkətləri isə bu halda vəsaitlərinin çatmadığı iddiası ilə vətəndaşları məhkəmələrə verirlər. Bu, düzgün yanaşma deyil. Əgər vətəndaşların maraqlarını təmin edəcək, onları razı salacaq maddi vəsaitin yoxdursa, bu qədər yükün altına girmək düzgün deyil".
E.Azadov deyib ki, bəzi hallarda MTK-lar söküləcək binaların sakinləri ilə razılaşmadan, onlarla yazılı müqavilə bağlamadan insanları kirayə köçürməyə, yaxud da qəzalı binanın iki addımlığında yeni bina inşa etməyə başlayırlar: “Mənzillərin bölüşdürülməsi zamanı mübahisə yarananda isə məsuliyyətdən boyun qaçırmağa çalışırlar. Halbuki MTK-ların müvafiq qurumlarla razılaşdırılmış layihə sənədləri varsa, nəzərdə tutulan bina sökülməli və sakinlər yeni inşa edilən binada tam təmirli mənzillə təmin olunmalıdır. Tikinti şirkətinin maddi vəsaiti yetərli olmadıqda o layihəni müəyyən müddətə dondura və yaxud da başqa bir investor taparaq işin icrasını ona həvalə edə bilər. Yaranan mübahisə fonunda digər investorların həmin ərazini alıb-almayacağı da sual doğurur. Faktiki olaraq MTK-nın köhnə binanın sakinlərini yeni binanın tikintisini dayandırmaqla hədələməsi özbaşınalıqdır. Sözün düzü, bu kimi məsələlərdə vətəndaşların əziyyət çəkməsinin əsas səbəbi məlumatsızlıqdır. Söküntü işlərinin aparılacağı binaların sakinləri əvvəlcədən qarşılıqlı razılıq əldə olunmasına nail olmalıdır. MTK-lar tikintiyə başlamadan əvvəl vətəndaşları məlumatlandırmalı və niyyətlərini bəyan etməlidir. Vətəndaşlarla qarşılıqlı razılaşma və yazılı müqavilə olmadan onların binalarında söküntüyə başlamaq, normadan yaxın məsafədə yeni bina inşa etmək qanuna ziddir”.
Birlik sədrinin sözlərinə görə, söküntü zamanı ən çox narazılıq yaradan məsələlərdən biri MTK-ların artırmalara görə kompensasiya ödəmək istəməməsidir. E.Azadovun fikrincə, tikinti şirkətləri vətəndaşları razı salmaq üçün artırmalara görə də kompensasiya ödəməlidir: “Artırmalar qanunsuz hesab olunsa da, vətəndaş yaşadığı mənzilə sığışmadığı üçün faktiki sahəni genişləndirib. Yəni vətəndaş özünün mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə bu addımı atıb. Və tikinti şirkətləri ərazidə peyda olana qədər də həmin artırmadan istifadə edərək yaşayıb. Uzun illər keçməsinə baxmayaraq dövlət də ona müdaxilə etməyib. Yəni artırmadan öz evi kimi istifadə edib. Bu illər ərzində binalara edilən artırmalar sökülməyibsə, demək ki, dövlət insanların öz mənzil şəraitinin yaxşılaşdırılması haqlarına göz yumub. Bu reallıq fonunda MTK-ların sakinlərin rahatlığını pozması, yerindən-yurdundan etməsi azmış kimi, üstəlik şərt qoyur ki, kompensasiyalar sakinlərə çıxarışda göstərilən kvadratmetrə uyğun veriləcək. Bu heç də ədalətli yanaşma deyil. Mütləq şəkildə tikinti şirkətləri artırmalarla bağlı yaranan mübahisələrdə vətəndaşların maraqlarını təmin etməlidir. MTK-lar onsuz da mənzillərin sahələrini çöldən-çölə hesablayır, faktiki sahəni kiçik verir, təmirin keyfiyyəti standartlara cavab vermir və təhlükəsizliklə bağlı da heç bir zəmanət vermir. Mənzil istismara verildikdən sonra konkret tarif qoyur ki, kvadratmetrinə 0,80 qəpik ödəməlisən. Halbuki vətəndaşların öz binalarında belə bir xərci yox idi. Bütün bunları nəzərə alaraq tövsiyə edirəm ki, vətəndaşlar tikinti şirkətləri ilə danışığa hüquqşünasların iştirakı ilə getsin. Və hüquqlarının müdafiəsi üçün razılığı yazılı şəkildə aparsınlar. Əks halda məhkəmə çəkişmələrində itirən tərəf olacaqlar”.
E.Azadov hesab edir ki, mübahisəli əmlakların kompensasiyası ilə bağlı üçüncü tərəf olaraq müstəqil qiymətləndirmə şirkətlərinin iştirakı təmin edilməlidir: "Bəzi hallarda vətəndaşlar kompensasiyanı bazar qiymətindən bir neçə dəfə çox istəyirlər. Bu da müsbət hal deyil. Qanunvericiliyin tələbinə görə, tərəflər ortaq razılığa gəlməlidir. Təbii ki, mülkiyyət sahibinin hüquqlarının təmin olunması mühüm şərtdir, amma nəzərə almaq lazımdır ki, dəyərindən artıq kompensasiya tikinti şirkətlərinin işini axsada bilər".