9 mərtəbədən hündür binaların tikintisi dayandırılacaqmı?

“Paytaxtda 1-2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri istisna olmaqla tikinti üçün boş yer qalmayıb”


  Azərbaycanda  9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu "Modern.az"a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb: “Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır”.  Deputat onu da vurğulayıb ki, artıq Bakının Baş planı təsdiq olunmalıdır: 

“Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin də hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim layihədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparılır” .

Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb”.

  Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması planını şərh edən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bu barədə məlumatsız olduğunu deyib: “Maraqlıdır, Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılacağı ilə bağlı məlumatı hörmətli millət vəkili  necə əldə edib. Ekspert olaraq bu barədə bizim heç bir məlumatımız yoxdur. 
Paytaxtda 1-2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət  yaşayış massivləri istisna olmaqla tikinti üçün boş yer qalmayıb. Dövlətin əsas prioritetlərindən biri isə şəhərdə sıxlığın azaldılmasıdır. Bakı şəhəri üzrə  nəzərdə tutulan maksimum sıxlıq əmsalı 2,8 –dir. Bu  o deməkdir ki, bir hektar ərazidə icazə verilən tikinti sahəsi 28 min kvadratmetr təşkil edir.  Əgər dövlət 9 mərtəbədən hündür yaşayış binalarının tikintisini dayandırsa, 28 min kvadratmetri yerləşdirmək üçün  bir hektar sahədə 9 mərtəbədən ibarət bir neçə 2-3 bloklu bina tikilməlidir. Bu isə  tikintinin altına düşən torpaq sahəsini böyüdür”. 

  R.Osmanlının sözlərinə görə, bu hər şeydən əvvəl Mənzil-Tikinti Kooperativləri, tikinti şirkətləri üçün əlavə xərc deməkdir. Ekspert deyib ki, millət vəkilinin qeyd etdiyi “Plan” təsdiq olunduğu təqdirdə  tikinti  şirkətləri köhnə binaları söküb, yerində yeni bina tikməyə və üstəlik, sakinləri yeni mənzillərlə təmin etməyə maraqlı olmayacaq: “Bu şərtlərlə bina tikmək maddi cəhətdən xeyli miqdarda əlavə vəsait tələb edir. MTK-lar belə bir yükün altına girsələr belə ya onlar zərərə işləyəcək, ya da daşınmaz əmlak bazarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək.  Mənzilin bir kvadratmetrinin başa gəlmə dəyəri indiki qiymətlərlə müqayisədə xeyli artmış olacaq ki, bu da MTK-ların gəlir əldə etmək imkanlarını məhdudlaşdıracaq.

Hesab edirəm ki, bu qadağaları  patyaxt ərazisi üzrə tətbiq etmək onsuz da sıravi vətəndaşlar üçün əlçatmaz olan  qiymətləri daha da qaldıracaq.  O zaman da Bakıda ancaq millət vəkilləri, nazirlər və digər yüksək vəzifəli idarə rəisləri ev ala biləcək”.

  R.Osmanlının fikrincə, binaların zəlzələyə davamlılıq göstəricisində mərtəbələrin sayının 9 və yaxud 12 olmasının qismən təsiri var:

 “Həm də ki paytaxtın seysmik baxımdan aktiv ərazilərində artıq çoxmərtəbəli binalar tikilib və bu binaları tikən MTK-lar  vətəndaşlara çağırış edir ki, Bakıda 9 ballıq zəlzələ olsa belə evinizdə oturub rahat çayınızı için.  Amma mahiyyət etibarı ilə  bundan sonra maili, mürəkkəb relyefli ərazilərdə  9 mərtəbədən hündür binaların tikintisini dayandırmaq olar. Hətta beş mərtəbədən artıq binaların tikintisinə icazə verilməsin”.