Köhnə binaların sayı “n” qədərdir

Ciddi araşdırılsa, qəzalı binaların sayı daha da artıq olar

Meriyanın paytaxtın mənzil fondunun vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verməsi müsbət haldır

“Ən azından qeydə alınacaq qəzalı binalarla bağlı müəyyən addımlar atılacaq ki, bu da baş verə biləcək təhlükənin qarşısını alacaq”


  Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıqlar verilib. Məsələ İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə müzakirə olunub.
Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb.

  Qeyd edilib ki, söhbət əsasən “Xruşşovka” adlandırılan beşmərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir.

Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb.

  Qeyd olunub ki, hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.

  Qeyd edək ki, dünya praktikasında binanın qəza vəziyyəti, binanın önəmi, ətraf mühit kimi amillər nəzərə alınaraq qəzaya müdaxilə edilir. Binanın qəzalı olduğu müəyyən edildikdən sonra qəzanın səviyyəsi, növü və şəklinə görə müdaxilə planı hazırlanır və icra edilir. Bəzən əgər daşıyıcı sistemin gücləndirilməsi fayda vermirsə, binanın sökülməsi çıxış yollarından biri olur. Texnologiya inkişaf etdikcə, əsasən də inşaat-kimya sahəsində bina konstruksiyalarının gücləndirilməsi texnologiyaları da inkişaf edir. Əgər bir sütunun gücləndirilməsinə xeyli metal, qaynaq işləri, daşınma kimi faktorlar tələb olurdusa, hazırda rulon halında rahat daşına bilən və icra edilə bilən materialla iş görülə bilir. 
  Ekspertlər isə hesab edir ki, dövlət ölkə ərazisində inşa edilən istənilən tikiliyə görə məsuliyyət daşımalıdır. Binanın qəzalı olmasının bir sıra səbəbi var və onları vaxtında, hər birinə özəl yanaşma ilə aradan qaldırmaq lazımdır. Qəzalı binalara insan həyatının ən dəyərli amil olduğunu prioritet olaraq qəbul edərək yanaşmaq lazımdır. Məsələn, bir binanın sökülüb-sökülməməsi qərarı, onun insan həyatı üçün təhlükə yaratmasına bağlıdır. Təhlükə yaradırsa, restavrasiyası mümkün deyilsə və ya maliyyəti büdcəni aşırsa, deməli, sökülməsi qaçılmazdır. Bu misal bir tarixi binaya da aid ola bilər. Yenə də o bina təhlükəli vəziyyətdə saxlanılmamalı, bu və ya digər qərar verilərək müdaxilə edilməlidir. 
  Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, daha ciddi araşdırılsa, qəzalı binaların sayı daha da artıq olar: 

"Sözügedən binaların əksəriyyəti sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunduqdan sonra yoxlanış aparılaraq qəzalı kimi qeydiyyata alınıb. Yoxlanılmayan köhnə binaların da sayı “n” qədərdir. Bakı Şəhər İcra Hakimiyyətinin qəzalı vəziyyətdə olan binalara, ümumilikdə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verməsi müsbət haldır. Ən azından qeydə alınacaq qəzalı binalarla bağlı müəyyən addımlar atılacaq ki, bu da baş verə biləcək təhlükənin qarşısını alacaq”.

  E.Fərzəliyevin sözlərinə görə, hazırda paytaxtda köhnə binaları söküb yerində təzə bina tikənlər özəl şirkətlərdir: 

“Əmlak bazarına nəzər salsaq, tikinti ilə məşğul olan şirkətlər müştəri araşdırması aparır, daha sonra ümumi ərazi üzrə qiyməti hesablayaraq söküntü işlərinə başlayırlar. Paytaxtın elə əraziləri var ki, orada qəzalı vəziyyətdə binalar olsa da, həmin tikililəri söküb yenisini tikmək tikinti şirkətləri üçün sərfəli deyil. 

Əslində qısa müddətdə bütün qəzalı binaların sökülüb tikilməsi mümkün deyil. Qəzalı və istismar müddəti bitən çoxmənzilli yaşayış binaları sökülənə qədər həmin binalarda tikinti-bərpa işləri aparmaq lazımdır. 

Buna isə  çox böyük maliyyə lazımdır. Ümid edirəm ki, nəzarət tədbirlərinin gücləndirilməsi fonunda qəzalı binalar MTK-lar tərəfindən sökülüb yenisi ilə əvəzlənənə qədər müvafiq qurumlar qəzalı binalarla bağlı müəyyən təhlükəsizlik tədbirləri görəcək”.