Tarixin ən yaşlı qatili


Baba Anujka “sehirli su”yu kişilərindən narazı qadınlara satırmış, həmin kişilər 8 gün sonra vəfat edirmiş

  Silsilə qətllər törətməklə dünyada məşhurlaşmış Baba Anujka (“baba” kəlməsi qadın, arvad, nənə mənalarında da işlənir) kimi tanınan qatı cinayətkar qadın tarixə həm də ən yaşlı qatil olaraq düşüb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, onu “Banat cadugəri”, “Vladimirovac cadısı” da adlandırırlar. Qatil qadın Yuqoslaviyanın Vladimirovac bölgəsində yaşayıb. Lakin doğum yeri Rumıniya olaraq göstərilir. Əsl adı Ana di Riçtonya olan Baba Anujka 1838-ci ildə Rumıniyada zəngin bir ailədə anadan olub. 1849-cu ildə Avstraliya İmperatorluğunun tərkibində olan Banat Hərbi Sərhəd bölgəsindəki Vladimorovaca köçüblər. Anujka Pançevoda özəl məktəbə gedib, orada zəngin ailələrin övladlarıyla birlikdə təhsil alıb. Rəvayətlərə görə, Anujka avstriyalı gənc zabitlə eşq macərası yaşayıb. Bu zaman 20 yaşındaymış. Gənc zabit onu tərk etdikdən sonra isə Anujka insanlara, xüsusən də kişilərə nifrət bəsləməyə başlayıb. Və silsilə qətllər də belə başlayıb. Baba Anujkanın XIX əsrin sonları XX əsrin əvvəllərini əhatə edən dönəmdə təxminən 150 nəfəri zəhərləyərək öldürdüyü bildirilir.  Gənc qadının qatilə dönməsinin səbəbi sevgi uğursuzluğu göstərilir. Kimya fənni üzrə təhsil almış Anujka tənhalığa çəkilib, tibb və kimyagərliyi dərindən öyrənməyə başlayıb. 5 xarici dil bilirmiş. Qadın evinin bir hissəsində kimya laboratoriyası təşkil edib. Şəfalı otlardan, bitkilərdən dərman düzəldib, təbib olaraq tanınır.  Səhhətində problem yarananlar ona müraciət edib. Hazırladığı dərmanları satmaqla böyük gəlir əldə edib. Bununla yanaşı, qadının orqanizmdə nasazlıq yaradan dərmanlar da hazırladığı, bunları “sehirli su” və ya “eşq şərabı” adı altında insanlara satdığı da deyilir. Anujka “sehirli su”yu kişilərindən narazı qadınlara satırmış, həmin kişilər 8 gün sonra vəfat edirmiş. Anujka ona müraciət edən qadınlardan ərləri haqqında məlumat alıb, hansına nə qədər “su” veriləcəyini hesablayırmış. Sonralar məhkəməyə çağırılan əri ölmüş qadınlar isə deyib ki, Anujkanın onlara zəhərli içki verdiyini bilməyiblər. Onlar elə bilib ki, qadın onlara ərlərinin rəftarı, onlara qarşı münasibəti düzəlsin deyə, cadu oxuduğu sudan verib. Amma Anujkanın satdığı “sehirli su”yun 150 nəfəri öldürdüyü bir gerçəkdir. Anujka dərman “sənayesini” xeyli genişləndirə bilib, hətta satış təmsilçisi də olub. Onun vəzifəsi isə potensial alıcılar cəlb etmək olub. Anujka “sehirli su”ya 2000-10.000 yuqoslav dinarı qiymət qoyub. Anujkanın sonunu gətirən də alıcılarından biri – əri “sehirli su”yla öldürülən Stana Momirov isimli qadındır. Qadının ikinci ərinin qohumu qəfil vəfat etdikdə, Stana Baba Anujkanın “sehirli su”yundan şübhələnib və polisə müraciət edib. Beləliklə də illərlə insanları zəhərləyərək öldürən qadınla bağlı istintaq başladılıb. İstintaqda Baba Anujkanın bir deyil, bir neçə nəfərin ölümündə təqsirli olması sübuta yetirilib, o, 15 il həbs cəzasına məhkum edilib. Lakin yaşlı olması nəzərə alınaraq 8 ildən sonra azad edilib və ömrünün qalanını Vladimirovacdakı evində keçirib, 100 yaşında vəfat edib.