"Yiyəsiz adam":Dünyada ən böyük dəhşət sahibsiz qalmaqdır 

“Səni tək buraxanları cəzasız buraxmırsan axı. Bu yolda özünü də yandırırlar, valideynlərin adını da”

  Məşhurlar nə qədər ki, sağdır, həyatları göz önündə, həm də xalqın “dilində-dişin”də olur. Vəfat edəndən sonra isə övladları məşhur valideynlərinin həyatını  sanki davam etdirir. “Filankəs nə işlə məşğuldur, necə adamdır”, düşünən çox az olur, adətən “filankəsin oğlu, filankəsin qızı bunu elədi, onu elədi…” deyib övladlarından əl çəkmək istəmir cəmiyyət.  Qəribə, hətta qəbuledilməz hesab edilə bilər, eyni zamanda həm də təbiidir.  Bütün cəmiyyətlər belədir, təkcə bizlər yox. Məşhursansa və ya buna çalışırsansa, xalqın gözünün üzərində olacağına da gərək qatlanasan.   

  Mərhum Xalq artisti, sözün böyük mənasında Gülüş Ustamız  Səyavuş Aslanın oğlu Çingiz Aslanovun vəfatı da bu qəbildən oldu. Zatən Siyavuş Aslanın səhnədənkənar həyatı sağlığında da, vəfatından sonra da söz-söhbət, müxtəlif şayiələr mövzusu olmuşdu. Bu nəhəng aktyorun ailə həyatının puç olduğu, özü kimi totuş, şirin, gülərüz həyat yoldaşı, həm də həmkarı – səhnə yoldaşı Ofeliya Aslanla ayrılmaları, bir evdə iki yad insan kimi yaşamaqları məlum idi. Sonra daha da ağır xəbərlər yayıldı. Ofeliya xanım naməlum, qəribə xəstəliyə tutuldu, 2010-cu ildə vəfat etdi. Səyavuş Aslan da 3 il sonra dünyasını dəyişdi. Valideynlərinin sağlığında da bu aktyor ailəsinin övladları barədə o qədər də müsbət məlumatlar olmayıb. Hansısa oğlunun içkiyə, bəlkə də yanılırıq, hətta qumara və narkotik maddəyə qurşanması xəbərləri yayılırdı. Elin ağzı torba deyil, büzəsən.  Deyirdilər, guya yaşadıqları mənzili girov qoyub. Sonu da belə. Onu TƏBİB küçədən xəstəxanaya apardı. TƏBİB-in mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovun ölümü ilə bağlı məlumatı belədir: 

Çingiz Səyavuş oğlu 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri  Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Məlumata görə, ona Kliniki Tibbi Mərkəz, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023-cü il tarixində bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib”. Aktyorun oğlunun nəşi 1 həftə morqda qaldı. Çingiz Səyavuş oğlu sosial şəbəkələrdə “yiyəsiz adam” kimi təqdim olundu: “İnsan faciəsi: Siyavuş Aslanın oğlu vəfat edib, nəşini təhvil alan yoxdur”. Camaat da ki “himə” bəndmiş kimi, “asıb-kəsməyə” başladılar: bivec övladlara dərs olsun;  vaxtında tərbiyə vermək lazım idi; Mədəniyyət Nazirliyi hara baxır?!. Hətta nazirlik də suçlandı ki, meyit qalıb ortada.  Qardaşı Eldar Aslan  görünənədək! 
  “Qardaşımın öldüyünü saytlardan öyrəndim”. Bunu “Nyus24.az”a açıqlamasında Siyavuş Aslanın oğlu Eldar Aslan deyib. O bildirib ki, Çingiz Aslanovun 1 həftədir morqda qalmasından xəbəri olmayıb: "Çingizin vəfatından xəbərim olmayıb. Dünən saat 11-12 arası jurnalistlərdən biri zəng elədi. Çingizin vəfatı ilə bağlı xəbərlər yayıldığını dedi və başsağlığı verdi. Mən inanmadım. Düşündüm ki, yalan xəbər ola bilər. Ona da dedim ki, inanmıram, doğru xəbər ola bilməz. O, həmin xəbərin linkini mənə göndərdi. Ondan sonra dəqiqləşdirdim, bildim ki, Çingiz vəfat edib. Onun neçə vaxt morqda qaldığından ümumiyyətlə xəbərim olmayıb. Xəbəri alandan sonra Kübra Əliyeva, Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqına və Mədəniyyət Nazirliyinə dedilər”. Çingiz Aslanın qardaşının vəfatı ilə bağlı belə bir açıqlaması da var: “Vallah, xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər, bilərdik. Deyirlər ki, 5 gündür dünyasını dəyişib, nə əcəb bu 5 gündə sosial şəbəkələrdə yayılmadı? Kimsə mənə zəng etmədi? Bizim ailə qəbiristanlığımız yoxdur. Atamı Fəxri xiyabanda dəfn ediblər, anamı isə Yasamal qəbiristanlığında. Anamın yanında da yer yoxdur. Onsuz da bu yolu götürmüşdü, ona doğru gedirdi. Başqa cür olması mümkün deyildi. Bu insan 60 yaşında da pis vərdişlərindən əl çəkmədi”.

  Eldar Aslan qardaşı ilə münasibətinin heç vaxt yaxşı olmadığını bildirib: 

“Əslində böyük qardaş o idi. Böyük qardaş atanın yarısı deməkdir. Mən əlimdən gələni edirdim. Amma o heç nə etmirdi. Mənim onunla aramda qardaşlıq olmayıb. Barmaqla sayaram ki, mən bu insanı neçə dəfə görmüşəm. Həyatının 20 ilini həbsxanada yatıb. Evdə də tapılmırdı. Ondan qayğı görməmişəm. Əvvəldən aramızda soyuqluq var idi. Atam da heç sağlığında qoymurdu ki, onunla oturub-durum. Deyirdi ki, “nə badə həbsxanaya yanına gedəsən”. Bir-iki dəfə atamla getmişdim. Bir atanın övladıyıq. Bir qardaş kimi boynuma nə düşürsə, onu da etməliyəm”. Eldar Aslan əlavə edib ki, hazırda işsizdir: “2019-cu ildə pandemiya olandan Moskvadan aralanıb, Bakıya gəldim. İşimi itirdim. İndiyə qədər iş-güc tapa bilmirəm ki, kirayə pulumu verə bilim. Var-dövlət istəmirəm, normal həyat sürmək istəyirəm. Savadıma, təcrübəmə uyğun iş istərdim. Yaşımın çox olduğunu bilib işə götürmürlər”.
  Nəhayət, Mədəniyyət Nazirliyi hərəkətə keçdi. Akademik Milli Dram Teatrı, Yasamal Rayon İcra Hakimiyyəti məsələni diqqətində saxladılar. Dəfnlə bağlı bütün məsələlərə kömək göstərildi. Məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul oldu.  Çingiz Səyavuş oğlu nəhayət dünən Təzə Pir məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salındı. Və Yasamal qəbiristanlığında, anası Ofeliya Aslanın məzarı yanında dəfn edildi. 

Həmkarımız İradə İsaq da bir ailənin faciəsi barədə yazıb: 

“Səyavuş Aslanın 2 oğlu vardı: Çingiz və Eldar. Dəfələrlə evlərində olmuşam onların, hər iki qardaşla ən yaxşı vaxtlarında həmsöhbət olmuşam. İndi hamı yazır: “nankor övladlar”, “böyük aktyorun baxılmayan oğlanları”, “evdən oğurlanan pullar”, “Səyavuş milyon qazanırdı, yaxşı ata olub...” Bir ailənin içini kim bilir? Qardaşlar evlənmişdilər də. Eldar özünü dinə verməklə xilas edə bildi. Və bir də vətəndaş kimi ona baxacaq ölkəyə, Kanadaya sığındı. Çingiz zəif çıxdı. O da getməli idi. Zəif olan o deyildi əslində. Ailə münasibətləri idi. Səyavuş bəylə Ofeliya xanım övladlarının ən vacib çağında - ərgənlik dönəmində düşmən oldular, amma boşanmadılar. Bir evin qapısına iki ad yazılmışdı. Çəkmişdim bunu – bir qapıya Siyavuş Aslan, o biri qapıya Ofeliya Aslan. Sonra familiyasını da dəyişdi Ofeliya xanım, Əfqanlı oldu, atası Rza Əfqanlının soyadını geri götürdü. Və bu evdə iki ərgən oğlan böyüyürdü. Hamının yazdığı kimi, var-dövlət vardı. Amma o evdə sevgi, övladlarına qayğı, onları məktəbə yola salma, problemləri olanda dinləmə, ərgənlik çağlarında qoruyan bir ana və bir ata yox idi. Pul var idi, sevgi yox idi. Hansı vacibdir desəm? Hamı pulmu deyəcək?!

 Bir az pul vardı deyə, pis dostlar pis yönlərə dartdılar bəlkə. O ailədə bir faciə yaşanırdı. Ofeliya xanımla bağlı bir veriliş hazırlamışdım, Səyavuş bəy bütün günahlarını etiraf etmişdi. O verilişdən 1 il sonra da dünyasını dəyişdi. Ən böyük səhvin özündə olduğunu bilirdi çünki. Çətin adam idi Səyavuş bəy… Oğlanlar təhsil aldı, özlərinə iş qurdu. Hər ikisi rusdilli, ali təhsilli, savadlı idilər… Çingiz elə yaxşı insan idi ki - mədəni, mərifətli. Amma yekəlib yekə adam olanda da lənət uşaqlıq travmaları adamın yaxasını buraxmır axı. Uğursuz olursan hər yerdə, işdə də, ailədə də. Onlar sevgisiz, yiyəsiz qalmışdılar bir ömür. Dünyada ən böyük dəhşət yiyəsiz qalmaqdır bəlkə. Səni tək buraxanları cəzasız buraxmırsan axı. Bu yolda özünü də yandırırlar, valideynlərin adını da. Cəza ikibaşlı olur.  …Yiyəsizlikdən qoruyun əvvəl özünüzü, sonra övladlarınızı...”
  Allah rəhmət eləsin, hər üçünə - teatr və kinomuza izi itməyəcək rollar bəxş edən, dodağımıza gülüş qonduran ata, ana və həyatını büdrəyə-büdrəyə yaşamış övlada.