Sənədi olmayan 926 uşaq doğulub


Nikahdankənar uşaqların bu qədər çox olmasının səbəblərindən biri də erkən evliliklərdir

  Milli Fəaliyyət Planına uyğun olaraq ölkənin bütün inzibati ərazi vahidlərinin icra nümayəndəlikləri tərəfindən doğum barədə məlumatların “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə ötürülməsi üçün müvafiq texniki imkanların yaradılması və bu sistemə 1.389 nümayəndəliyin qoşulması – respublikada doğumların vaxtında qeydə alınmasını və əhatəliliyini təmin edib.
  Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. Qeyd edilib ki, nəticədə 2022-ci ildə 5.381 uşaq səyyar qaydada doğum evlərində dövlət qeydiyyatına alınıb.
  Eyni zamanda qeydiyyat şöbələrinin və onların bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti ilə əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib qeydə alınıb. Qarşıda duran vəzifələrdən biri də insan alverinə qarşı mübarizədə görülmüş işlərin ictimaiyyətə çatdırılması olub.
  Ekspertlərin fikrincə, sənədi olmayan uşaqların əksəriyyəti  qeyri-rəsmi münasibətlərdən dünyaya gələn uşaqlardır.  Onların arasında şəxsiyyət vəsiqəsi olmayan valideynlərin uşaqları da var.

  "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bəzi ailələrin məsuliyyətsizliyi, eləcə də evdə doğuş halları bəzən uşaqların sənəd ala bilməməsinə gətirib çıxardır: 

"Dünyaya gəlmiş körpənin qeydiyyata salınmamasının müxtəlif səbəbləri olur. Burada qeyri-rəsmi nikahdan doğulanlar, atalığın müəyyən olunmaması, evdə doğuş halları, baxımsız körpələr, valideynin imtina etdiyi körpələr, regionda doğulub Bakıda yaşayan, yaxud əks halın yaşanması səbəbləri var ki, bu kimi hallarda körpələr qeydiyyatdan kənar qalır və heç bir sənədləri də olmur. Nikahdankənar uşaqların bu qədər çox olmasının səbəblərindən biri də erkən evliliklərdir. Qızlar nikah yaşı tamam olmadan ərə verilir və bu zaman doğulan uşaqlar nikahsız kimi qeydiyyata alınır.

  Bəzi uşaqlar 10 yaşından sonra sənəd ala bilir. Nəticədə təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir. Həmin nüanslar yuxarıda sadalanan amillərlə yanaşı, valideynlərin təhsil səviyyəsinin, dünyagörüşünün aşağı olması səbəbindən də baş verir".
  Hüquq müdafiəçisinin sözlərinə görə,  sənədsiz uşaqlar bir çox hallarda məhkəmə prosesləri zamanı aşkarlanır:  “Atalığın müəyyənləşməsi, yaxud aliment  təyini üçün məhkəməyə müraciət edildikdə məlum olur ki, körpənin heç bir sənədi yoxdur.  Həkimə, poliklinikaya müraciət edildikdə sənəd tələb edilir. Son zamanlar icbari tibbi sığorta üçün müraciətlərin artması da sənədsiz körpələrin aşkarlanmasına yol açır. 

Bağçaya, məktəbəqədər hazırlığa, hətta məktəbə qeydiyyat üçün körpənin sənədi tələb edildikdə, valideyn “ayılır” ki, uşağın hələ də sənədi yoxdur. Uşaq gələcəkdə hər hansı problemlə üzləşməsin deyə, mütləq qeydiyyata alınmalıdır ki, müvafiq sənədləri də olsun, vətəndaşlığı da müəyyənləşsin”.