Tələblər sərtləşdirilməlidir 

Kimsə uşaqların taleyi ilə oynamağa cəsarət etməsin

Mehriban Zeynalova:  “Uşaq oyuncaq deyil, bu gün kefin yaxşıdır, uşaq – övlad istəyirsən, sabah kefin pozulacaq, maddi imkanların azalacaq, başqa istəklərin ortaya çıxacaq və dünən övladlığa götürdüyün uşaqdan imtina edəcəksən...”


  Bakıda 68 yaşlı ana 14 yaşlı qızından imtina edib. Bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib.  Birlik sədri bildirib ki, qız qadın tərəfindən qeyri-rəsmi övladlığa götürülüb: "Qadın 68 yaşındadır. Bildirir ki, qızı 14 yaşındadır. Övladlığa götürülmə rəsmən təsdiqlənməyib. Bu günə qədər uşağa hələ də vəsiqə almayıb. Məsələ ilə bağlı ananı Sosial Xidmətlər Agentliyinə istiqamətləndirmişik”. Lakin problem həllini tapmadığından növbəti dəfə açıqlama verən K.Ağazadə qeyd etdi ki, 14 yaşlı qızla bağlı bir neçə dəfə Sosial Xidmətlər Agentliyinə müraciət edildiyi məlum olub. Amma Agentlik problemi həll etməyib. 

Məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir. Problemin həllini tapmamasını isə K.Ağazadə qurumlar arasında koordinasiyanın lazimı şəkildə olmamasında görür.  Öz növbəsində Sosial Xidmətlər Agentliyi də məsələyə münasibət bildirib. Agentliyin mətbuat katibi Murad Həşimov sosial şəbəkə üzərindən açıqlama yayaraq bildirib ki, sözügedən mövzularda Agentliyə daha öncə müraciət daxil olmayıb: “Ancaq hər iki məsələ diqqətimizdədir. Qanunvericiliyə uyğun lazımi addım atılacaq”.

  Yaranmış vəziyyətlə bağlı “Şərq”ə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, oxşar halla qarşılaşıb: 

- Belə hal bizim təcrübədə də olub. Adətən, ya xanım xəstə olur və qohumları əmlakın həmin uşağa keçməməsi üçün vəziyyəti bu hala çatdırır. İkincisi, uşağın davranışı onların istədiyi kimi olmadıqda imtina edirlər. Belə hallarda uşağın maraqları təmin edilməlidir. Adətən öz bioloji övladlarında bu kimi hallara tolerant yanaşan insanlar övladlığa götürdüklərinin cüzi davranış dəyişiklikliyinə  dözümlülük nümayiş etdirir. Belə hallar üçün övladlığa götürənin məsuliyyət və öhdəliyi müəyyən edilməlidir. Çünki uşağı müəyyən yaş dövründən sonra  atmaq ona ciddi travma yaşatmaqdır. Digər hal, məncə, belə ailələrdən kompensasiya almaq tələbi olar ki, götürülən öhdəlik yerinə yetirilməyibsə, uşağın sonrakı taleyi ilə bağlı addımlar atılmayıbsa, ödəniş edilsin. İcra hakimiyyətlərinin qəyyumluq şöbələri vəziyyəti qiymətləndirməlidir.  Lazım olarsa, uşağa psixoloji yardımlar və hüquqi yardımlar göstərilsin. O cümlədən ailə psixoloqu təyin edilsin. Vəziyyət idarə edilməz halda olarsa, uşaq dərhal müəssisəyə yerləşdirilməlidir. Hesab edirəm ki, övladlığa götürən tərəfin qarşısına hətta aliment tələbi qoymaq da mümkündür. Tələblər sərtləşdirilməlidir ki, kimsə uşaqların taleyi ilə oynamağa cəsarət etməsin. Uşaq oyuncaq deyil, bu gün kefin yaxşıdır, uşaq – övlad istəyirsən, sabah kefin pozulacaq, maddi imkanların azalacaq, başqa istəklərin ortaya çıxacaq və dünən övladlığa götürdüyün uşaqdan imtina edəcəksən. Ailələr bu məsələyə ciddi yanaşmalı, hökumət tərəfindən də tələblər sərtləşdirilməlidir.