“Nərdivançı” şagirdlərə yol hərəkəti qaydaları öyrədəcəksə, lap yaxşı


Ancaq məktəblərin yerləşdiyi ərazilərdə yol nişanları və xəbərdarlıq nişanlarının olması mütləqdir

  “Nərdivançı” sosial müəllim layihəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin  dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib. Bu barədə "Nərdivançı" layihəsinin feysbuk səhifəsində məlumat verilir. Qeyd olunur ki, müsabiqənin məqsədi şagirdlərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi və müəllimlərin dərslərində layihə çərçivəsində ərsəyə gələcək videoçarxlardan dərs vasitəsi kimi istifadə etməsi məqsədi daşıyır:

“Hazırda ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin təbliğində vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilməsini fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təhsil ictimaiyyətini müsabiqədə fəal iştirak etməyə çağırır”. Müsabiqəyə ölkədə fəaliyyət göstərən dövlət və özəl orta təhsil müəssisələrində çalışan müəllimlər öz şagird komandası ilə qoşula bilər. Müsabiqəyə təqdim olunan işlərin qəbulu 5 may 2023-cü il tarixindən 5 iyun 2023-cü il tarixinə kimi davam edəcək. Qeyd olunan şərtləri ödəyən videoçarxlar "Nərdivançı" layihəsinin feysbuk səhifəsində paylaşılacaq. Paylaşılan videoçarxlar içərisindən münsiflər heyəti tərəfindən ilk üç videoçarx seçilərək qalib komandalar müəyyənləşdiriləcək. O da qeyd olunur ki, müsabiqə Avtosfer.az saytının informasiya dəstəyi ilə keçirilir. Müsabiqənin şərtləri barədə də feysbuk səhifəsində ətraflı məlumat verilir. 

  Müsabiqənin yol hərəkəti qaydalarının öyrənilməsində şagirdlərə kömək olacağını deyən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, bu, çox vacib bir işdir: 

- Məktəblilərin xəsarət aldığı qəzalar baş verir, bəzən şagirdlərin yol qəzalarında  həyatlarını faciəli şəkildə itirdiklərinin də, təəssüf ki, şahidi oluruq. Bir neçə gün əvvəl 334 saylı orta məktəbin yaxınlığında 7 yaşlı uşağı avtomobil vurmuşdu. Belə hadisələr olmasın, faciələr yaşanmasın, yol qəzalarında uşaqlarımız xəsarət almasın deyə, hamının, o cümlədən də uşaqların yol hərəkəti qaydalarını bilmələri vacibdir. Bu baxımdan düşünürəm ki, “Nərdivançı” layihəsi çərçivəsində şagirdlərə yol hərəkəti qaydaları öyrədiləcəksə, çox yaxşıdır, hədəfi bəlli olan müsabiqədir.  Qeyd olunur ki, müsabiqəyə yol hərəkəti qaydaları haqqında video-çarxlar təqdim olunmalıdır. Ekspert kimi tövsiyə edə bilərəm ki, video-çarxların müddəti qısa olsa yaxşıdır. Qısa izahatlar, qısa süjetlər, səhnələşdirilmiş epizodlar uşaqların diqqətini daha çox cəlb edir. Video-çarxlar məktəblilərin yol hərəkəti qaydaları haqqında maariflənmələrinə xidmət etməlidir. Qısa videolar daha çox yaddaqalan olur. Yaxşı olar ki, video-çarxların çəkilişində uşaqlar iştirak etsin. Həmyaşıdını görmək, hərəkətlərini izləmək uşaqlara müsbət təsir edir. Uşaq bu qaydaların məhz onun üçün və onun təhlükəsizliyi üçün, onu qorumaq üçün hazırlandığını bilməlidir. 
  İ.Hüseynli qeyd etdi ki, yol hərəkəti qaydalarını uşaqlara öyrətməklə iş bitimiş hesab edilməməlidir: 
- Həm orta məktəblərin yerləşdiyi ərazilərdə, həm də məktəblərə yaxın, məktəb binasının yoluyla kəsişən istiqamətlərdə yol nişanları və xəbərdarlıq nişanlarının olması mütləqdir. Daha yaxşı olar ki, məktəb binaları yolun hərəkət hissəsindən kənarda yerləşsin. Belədə uşaqların həyatı daha az təhlükəli olacaq.