Kişiyə qadağa

Arvadının yaşadığı evə 50 metr məsafədə yaxınlaşa bilməyəcək, nə də telefonla danışacaq

Mehriban Zeynalova: “Məhkəmənin bu qərarı məişət zorakılığının qarşısının alınması baxımından müsbətdir”

  Bir evdə yaşadığı keçmiş əri tərəfindən döyülən qadının şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb. APA xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda qeyri-adi hökm çıxarılıb. Bu barədə tərəflərdən birinin vəkili Emil Mirzəyev məlumat verib. İşin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Eldar Nuriyev ilə Kəmalə Nuriyeva (ad soyad şərti) 11 il evlilikdən sonra 2014-cü ildə boşanıblar. Onların bu evlilikdən üç övladı olub. Eldar və Kəmalə boşandıqdan sonra da eyni evdə yaşayıb, bu müddətdə onlar arasında tez-tez mübahisə olub.

Sonuncu mübahisə zamanı Eldar Nuriyev keçmiş arvadını vuraraq ona yüngül xəsarət yetirib. Əmələ görə Eldar Nuriyevə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə zərərçəkmiş şəxs keçmiş ərinə qarşı şikayətini geri götürdüyünü, onu bağışladığını deyib. Təqsirləndirilən şəxs də əməlindən peşman olduğunu, hadisədən sonra başqa rayona köçdüyünü deyib. Məhkəmənin hökmü ilə Eldar Nuriyevə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Bundan əlavə, hökmə əsasən, Eldar Nuriyevə arvadının yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq və arvadı ilə hər hansı formada, o cümlədən, telefonla ünsiyyətə girmək qadağan edilib.

  Məsələ barədə fikirlərini “Şərq”lə bölüşən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, məhkəmənin qərarı məişət zorakılığının qarşısının alınması baxımından müsbətdir:  


- Qərardan görünür ki, tərəflər öz aralarında müəyyən razılığa gəlib. Münaqişə daha ciddi mərhələyə keçməmiş qarşısı alınıb. Burada qadının hüquq-mühafizə orqanlarına vaxtında müraciəti də əsas rol oynayır. Məişət zorakılıqlarının qarşısının alınmamasında, tərəflərdən hansısa birinə xəsarətlər, ciddi zədələr yetirilmədən problemin həllində, hüquq-mühafizə orqanlarının, ictimai institutların məsələyə vaxtında müdaxiləsində müraciətlərin əhəmiyyəti buna görə böyükdür. 

Biz həmişə bu məsələni qaldırırıq ki, zorakılığa məruz qalan şəxs, çox zaman bu, məhz qadınlar olur, hüquq-mühafizə orqanlarına, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara, “Qaynar xətt”lərə müraciət etməlidir. Müraciət nə qədər tez edilərsə, sonra baş verə biləcək münaqişələrin qarşısı da bir o qədər tez alınar. Baş vermiş bu hadisədə görünür ki, xanım zamanında doğru addım ataraq polisə, eləcə də məhkəməyə müraciət edib. Məsələ də hüquqi həllini tapıb. Zorakılıq, həyatına qarşı təhlükə, təhdid varsa, şəxs hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Belədə vəziyyətə uyğun qərar qəbul edilir. Müxtəlif tədbirlər mövcuddur. Uzaqlaşdırma, mühafizə orderi, elektron qolbaq... Məhkəmənin qərarına riayət etmək də tərəflərdən asılı olur. 

Bəzən elə tərəf-müqabillərlə rastlaşırıq ki, məhkəmənin qərarına saymazlıq edir. Uzaqlaşdırma qərarına tabe olmur, qadını yenə təhdid edir. Konkret bu halda isə görünür ki, qarşı tərəf də kobud davrandığının fərqindədir və özü keçmiş həyat yoldaşından uzaqlaşmaq qərarına gəlib, məhkəmənin qərarına da yəqin ki, əməl ediləcək. 

  M.Zeynalova münaqişəli tərəflər arasında razılığın əldə edilməsinin məişət zorakılığı müstəvisində müsbət irəliləyiş olduğunu dedi:   
     
- Bilirsiz ki, “Mediasiya haqqında” qanun qəbul edilib. Mediasiya mübahisələrin neytral və qərəzsiz üçüncü tərəfin - mediatorun köməkliyi ilə məhkəmədənkənar həlli metodudur. Bu həm də mübahisələrin ən yumşaq alternativ həlli metodudur. Mediasiya prosesi zamanı münaqişə tərəfləri sərbəst olaraq onları qarşılıqlı şəkildə qane edən qərar verirlər. Medator mübahisəni həll etmir, qərar vermir, sadəcə, tərəflərin mübahisəni həll etməsinə, qərar qəbul etməsinə kömək edir. 

Burada qarşılıqlı razılaşma əldə edilir, münasibətlərin normallaşmasına çalışılır. Aralarında mübahisə yaranan, münaqişə baş verən tərəflər mediatorların köməyindən istifadə edə bilər. Etsələr yaxşıdır. Çünki tərəflərin bir-birini başa düşməsi çox zaman çətin olur, mediatorlar isə qarşılıqlı anlaşmanın əldə olunmasına kömək edir. Sevindiricidir ki, problem qadına şiddət göstərilmədən həllini tapıb. 

Bu, başqalarına da bir örnək olsun. Şiddət göstərməklə nəyəsə nail olmaq mümkün deyil. Ailə münaqişələrində əsas olan barışıq, anlaşma, bir-birini başa düşməkdir.