Suriyadan gətirilmiş uşaqlarla çox ehtiyatlı davranmaq lazımdır


Çünki kiçik bir təbliğat başlasa, onlar dərhal kənarlaşacaq və kontakt pozulacaq

Psixoloqlar onların ideologiyasına, inamına, dininə toxunmadan real həyata qaytarmağa, inteqrasiya olunmalarına çalışmalıdırlar

  18 may 2023-cü il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır. Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.

  İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub.

  Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

  Suriyadan gətirilən azərbaycanlıların reabilitasiyası ilə bağlı “Şərq”ə  danışan psixoloq Azad İsazadə onların uzun müddət ideoloji təsir altında yaşamalarına xüsusi diqqət çəkib. Onun sözlərinə görə, reabilitasiya zamanı  əsas bu məsələyə diqqət yetirilməlidir. Yəni söhbət psixoloji travmadan getmir, ideoloji təsir altına düşdüklərinə görə psixoloqlar onların ideologiyasına, inamına, dininə toxunmadan real həyata qaytarmağa, inteqrasiya  olunmalarına çalışmalıdırlar. 

Çünki bir kiçik təbliğat başlasa,  onlar dərhal kənarlaşacaq və kontakt pozulacaq. Ona görə də hər zaman demişəm ki, bu işə çox ehtiyatla, yavaş yanaşmaq lazımdır. Hesab edirəm ki, bu mövzu bir müddət yarıqapalı qalsa daha yaxşı olar. Çünki nəticənin nə olacağını, nə baş verəcəyini bilmirik. Bəzi ailələr natamamdır, əksəriyyət uşaqlar yetimdir, bəzən nənə-baba, bibi-xala, əmi-dayı onlara yaxın durmaq istəmir. Həmçinin həmin şəxslər nə qədər hadisələrin canlı şahidi olub. Bir sözlə, bu iş çox mürəkkəbdir və hər kəs onu yerinə yetirə bilməz, bunun üçün xüsusi hazırlıq olmalıdır. Psixoloqların özləri  bəzən bu ağır işin içində ziyan çəkə bilirlər. Ona görə də bir daha qeyd edirəm ki, bacardığımız qədər bu işə ehtiyatlı və mülayim yanaşmalıyıq”.

  Psixoloq qeyd edib ki, Suriyadan gətirilmiş uşaqların cəmiyyətə inteqrasiyası mümkündür, o halda ki, reabilitasiya və inteqrasiya prosesi düzgün aparılsın:

 “Adətən uşaq travma keçirəndə bəzən paradoksal reaksiya verir. Uşaqlar bəzən bizim çox ciddi qəbul etdiyimiz travmaya reaksiya verməyə, amma çox cüzi bir travmaya çox ciddi reaksiya verə bilələr. Ona görə də bu işlə mütləq peşəkar, təlimlər keçmiş uşaq psixoloqu məşğul olmalıdır. Şəxsən mən bu işlə məşğul ola bilmərəm, çünki uşaq psixoloqu deyiləm. Mən və digərləri yalnız ümumi məsələni müzakirə edə bilərik. 

Amma qeyd edə bilərəm ki, həmin uşaqlar cəmiyyətə inteqrasiya oluna bilər. Sözsüz ki, hər bir travmanın izi qalır, məsələ o izin patoloji və yaxud normal qalması ilə bağlıdır. Buna bir nümunə deyə bilərəm - hər birimiz yıxılıb, əlimizi sındıra bilərik, sümük yerinə düzgün oturanda həyat tərzimizə davam edirik və bəzən bunu unuduruq. 

Amma sümük əyri qalanda, bu, ömür boyu həyat tərzimizə təsir edir. İndi  lazımdır ki, biz “sümüyü” düzgün birləşdirək, uşaqların yaşadığı dəhşətlər, faciələr, travmalar onun həyatına çox da təsir etməsin".