Sənsiz keçən ömrə heyif...

Əsl dost, qardaş həyatda sağ olduğu zaman dəyər verən insanların qəlbində istər-istəməz xatirələrə dönüşür zamanla. Çünki könül xanimanı adlı daxılına damla-damla ülvi anlar yığılıb səf-səf düzülərək hekayəyə dönüşür illərlə. Bu hekayəni səsləndirdikcə bir anlıq gözlərimiz önündə yenidən canlanır olub keçmiş ülvi anlar. Öz-özünə əmin olursan ki, bu dünyada dəyərli insanların əhatəsində yaşamağa dəyərmiş. 

Çünki mənalı anlar yaşamısan deyə əmin olursan. Peşiman olmursan keçən ömrünə heyfslənmirsən. Babək Qurbanov belə nadir insan idi mənim üçün. Mənim könül dünyamda  unudulmaz izlər buraxıb Babək Qurbanov adında bəni insan övladı. Abırı, həyası, nuru ilə ömrümü naxışladı, türk təbiri ilə desək süslədi, zənginləşdirdi mənəviyyat dünyamı. İndi isə xəyallar ağuşunda yaşamımı sürdürməkdəyəm. Peşiman da deyiləm. Çünki Dədə Şəmşir, Cəmil Əkbər, Babək Qurbanov adında ziyalılıq timsalı, nurlu ağsaqqallarım, böyük ustadlarım, yol göstərənlərim olub. Təməlim Dədə Qorqudsayağı bu müdrik insanların şəxsində  qurulub, mayam onların xeyir duası ilə yoğrulub. Məcazi anlamda onların mübarək əllərindən zəmzəm suyu içib ərsəyə gəlmişəm. Mayam pak, ruhum safdır onların ruhu qarşısında. Ruhları şad olsun Babək müəllim kimi, Cəmil Əkbər kimi, Dədə Şəmşir kimi insanların şəxsində. İnsanlıq təlqin etdilər, xeyirxahlıq aşıladılar qəlbimə. Ruhum onların timsalında zənginləşdi. Pərvəriş tapdı, qanadlandı insanlıq dünyasının asimanında havalandı. 

Təəssüf ki, xoş günlərin dəyərini yaşadığı anda bəzən bilmir insan oğlu. Düşünür ki,  hər gün təkrar olacaq xoş keçən sevinc dolu günlər. Fəqət belə deyilmiş. Həmin an bir də ələ gəlməz demiş Mikayıl Azaflı: “Keçən keçdi ələ gəlməz, Çağlar qoynunda –qoynunda”. Heyif ötən günlərin qədrini lazımınca bilə bilmədik sağ olduğu günlərdə Babək müəllimin. Elə zənn edirdik ki, atası Osman Sarıvəllinin təbirincə 100 yaşamasa günah özündə olacaq. Düşünürdük ki, atasının sözünə riayət edəcək və yüz yaşayacaq. Nə yazıq ki, 100 yaşaya bilmədən ömrünün müdirk çağında yəni 80-ci ilində, 2019-cu ilin martın 28-də həyata gözlərini əbədi yumdu. Tək qaldıq bu dünyada, onsuz qaldım birgə fəaliyyət göstərdiyim qurumda. Bərabər çalışdığımız günlər yada düşdükcə məkanı cənnət olsun tanınmış alim-şairimiz professor Mustafa İsgəndərzadənin “Dağlar” şeirinin birinci bəndinin ilk misrasında dediyi kimi, “Sənsiz keçən ömrə hayıf” deyə heyfslənirəm, qəm çəkirəm, qəhrini çəkirəm, yoxluğunu dərk etdikcə nə qədər böyük itgilərlə qarşılaşdığımı anlasam da dərdimi  kimsəylə daha paylaşa bilmirəm. 

Hər il iyunun 9-u gəldiyi gün “təşkilati iş”lərlə başımızı qatırdıq. Qaziantep Konservatoriyasının müəllimlərini, məmurlarını bir araya gətirib, öncədən “Babək  70”, “Babək  75”, “Babək” kəlməsi yazılmış böyük tortu sürpriz olsun deyə çalışma masasının üzərinə ehmalca qoyaraq. Bu həvəs, sevinc  ilə yaşayardıq. Otağına daxil olduğu zaman Babək müəllim heyrətini gizlədə bilməzdi. Çünki heç istəmirdi ad gününü keçirməyi. Mən isə bunu əməkdaşlarımızın ortaq iştirakı ilə bilə-bilə qeyd etməkdən zövq alardım Gaziantep Konservatoriyasında.  Hətta Azərbaycanın Türkiyə Böyükelçiliyi, təhsil üzrə müştəşarımız dosent Nəcibə Nəsibovaya bir gün öncə, 8 iyunda telefonla zəng edib xəbərdar edirdim. 

Nəcibə xanım da məmnuniyyətlə qeyd dəftərinə bu əlamətdar günü yazardı. Və bu mübarək gün münasibəti ilə yaraşıqlı formalı bəyaz şüşə qabda, kiçik nəzər muncuqları da içərisində yer almış, gözəl paketlənmiş orijinal gül dəstəsinin üzərinə xoş sözlər yazılmış kiçik məktub olmaqla, poçt vasitəsi ilə 9 iyunda iş otağnda, ad günündə sürpriz hədiyyə təqdim edildiyi zaman heyrəti daha da artardı. Və qeyri-ixtiyari deyərdi: “Görən ad günümü hardan bildi Nəcibə xanım?”. Çönüb mənə baxdığında bilirdi ki, bu gözəl işin “baiskarıyam”. Ad gününü keçirməyin təşkilatcısı olduğumu bildiyi üçün məni hətta tənbeh edərdi. Mən də bu tənbehi xoş qarşılayıb növbəti ildə yenə təşkil edəcəyimi qəlbimdə indidən planlaşdırırdım inş Allah deyərək. Fəqət xəyallarım 2019-cu ildən Türk təbirincə “suya düşdü” daha gerçəkləşdirə bilmədim xoş məramlı niyyətimi. 2020, 2021, 2022, 2023 gəldi Babək müəllimin ad günü şərəfinə tort ala bilmədim. Məsləkdaşlarımla bir daha qeyd etmək nəsib olmadı Babək müəllimin ad gününü, şad gününü özünün iştirakı ilə bahəm...
Günlər, aylar, illər su kimi axıb zaman ötər, dövran tez keçər. Fəqət insan yaddaşında ülvi xatirələr, gözəl anlar qalar. Xatirələr nə qədər ülvidir, qiymətlidir hər bir anlayan, qanan insanlar üçün. Dönüb geriyə boylandıqca həsrətini çəkirsən, xiffət edirsən, dərdikirsən, bir yerdə qərar tuta bilmirsən. Çünki ötüb keçən zaman əlçatmazdı, ünyetməzdi. Həsrət qalmaq deməkdir. Ülviliyi də buradan qaynaqlanır. Kaş bir də olaydı o xoşbəxt günlər, gözəl günlər, nəcib günlər deyib heyfslənirsən yana-yana, qana-qana, ana-ana qalırsan. Çünki Babək Qurbanov adında nəhəng simanı, tanınmış elm xadiminin hikmətlə çulğalanmış müdrikanə sözlərnə-söhbətinə həsrət qalmışam dəyərli oxucularım. Əzəmətli bir heykəl dikdi qəlbimdə hərəkətləri, rəftarı, şəxsiyyəti, ziyalılığı, iffəti, abırı, həyası ilə. Bu heykəlin qurucusu, heykəltəraşı, memarı Babək Osmanoğludur. Həyatda isə memar deyildi. İnsanlıq aləmində memarlıq sənətinin mütəxəssisi olmaqla yanaşı estetikçi, filosof, alim, bəstəkar, ifaçı, ədəbiyyatşünas, musiqişünas, folklorşünas, aşıqşünas idi. Məhəbbəti isə bu vətənə, bu xalqa, Türk dünyasına ruhu, canı, qanı, amalı, məfkurəsi, bəşəri düşüncələri ilə bağlı aşiqşünas üzrə insanlıq elminin xadimi idi. Bu fəxri adlara yüksəlmişdi mənim qəlbimdə, ömür məkanımda. Eləcə də xatırlamaqdayam bugün belə. Çünki unuda bilmirəm. Ömrümün yaraşığını, gur işığını, nurunu, ziyasını əsirgədi bizlərdən özü istəmədən, çəkib köç karvanını əbədilik ayrılıb getdi. Dərdi –sər əlində qoydu yaxın dostlarını. Könül xanimanımızı qəm-kədər libasına bürələdi o qara gündən. Heç özü də rəva bilməzdi ki, dostları, yaxınları dərd-qəm çəkib kədərlənsin. Çünki alicənablığın timsalı idi görünüşü, rəftarı, münasibəti, ünsiyyəti ilə müdrik kəlamları ilə. Bu gün 85 yaşına qədəm qoysa da bir neçə ildir ki, özü həyatda yoxdur. Onu tanıyan insanlarla, müxtəlif elm sahəsinin müəllimləri ilə fərqli simpoziumlarda, tədbirlərdə görüşdüyüm və ya telefonla danışdığım zaman mütləq Babək müəllim haqda da söhbət düşər, xatirəsini yad edərik. Bu dəfə isə qərara gəldim ki, müxtəlif sahədə çalışan insanların Babək müəllim haqda fikirlərini qısaca da olsa bu məqaləmizdə xalqımıza çatdırım. Çünki Babək müəllim elə bir nəhəng ziyalımızdır ki, onu yaxından tanıyanların nəzərində başqa-başqa yönlərdən kəşf olunduğu üçün sizlər üçün də maraqlı ola bilər qiymətli oxucularım. Bu ad gününü də müxtəlif sənət və elm adamlarından əldə etdiyim xatirələrin yer aldığı məqaləmdə yad edək bu dəfə. 
*    *    *
                                                                                                                        
                                                                                           Prof.Dr.Şəhrabanı Allahverdiyeva
                                                                                     Adıyaman Üniversiterti Fən Ədəbiyyat Fakultəsi
                                                                                                          Türk Dili və Ədəbiyyatı Bölümü

Nə yaxşıki sizi tanımışam Babək qağa

«Hörmətli alimimiz professor Babək xoca ilə 2009-cu ildə Osmaniyənin Düziçi rayonunda “Qaracaoğlan Saz Yarışması” günlərində görüşüb tanış olmuşduq.  O vaxtdan ünsiyyətimiz ömrünün sonuna kimi davam etdi. Mən Babək xocaya və İlqar xocaya Gazax şivəsi ilə “qağa” deyirdim. Babək xoca böyük qağam, İlqar xoca isə kiçik qağam idi. Bu söz bizim zonaya aid olduğu üçün çox xoşlarına gəlirdi “qağa”  kəlməsi.  Konfranslarda və  xüsusi günlərdə telefonla mütəmadi olaraq əlaqə saxlayıb hal-əhval tuturduq. Babək xocanın səliqəli, ütülənmiş qəşəng  libasını, qara qaşlarının altında gülər üzünü, mənalı baxan qara gözlərini heç vaxt unutmuram. Onları (professor İlqar Cəmiloğlu ilə  birlikdə) bir neçə dəfə çalışdığım Adıyaman Universitetinə də seminar vermək üçün dəvət etmişdim. Hər gəldiklərində ürəyimdə unudulmaz xatirələrlə iz salırdılar. 2 mart 2017-ci il tarixində Universitetimizdə Xocalı Soyqırımı ilə bağlı konfrans təşkil etmişdim. Hazırlıq işləri tamam olduqdan sonra məruzəçilər səhnəyə çıxdılar. Tədbir 14.00-da başladı. Sözün giriş qisminə başlamışdılar ki, 14.07-də  qəfildən 5,5 bal gücündə zəlzələ hadisəsi baş verdi. (Adıyaman zəlzələ bölgəsi olduğu üçün ara-sıra 4-5 bal gücündə zəlzələlər olur.) Zəlzələnin təsiri ilə bütün zal bir anda boşaldı. Hamı canını xilas etmək üçün “yarışa girib” özlərini həyətə atırdılar.  Bu minvalla zalda bir neçə azərbaycanlı müəllim qaldı. Buna rəğmən Babək xoca səhnədə oturub Xocalı ilə bağlı soyqırımı anlatmaqda davam edirdi. Bu zaman rektorluqdan  əmr gəldi ki, “səhnəni təcili boşaldın!”  Amma Babək xoca ilk çıxışcı olaraq Xocalı qətliamını anlatmaqda davam edirdi.  Az  sonra işıqlar söndürüldü və Gaziantep Konservatoriyasından dəvətli məruzəçilər çıxışlarını yarımçıq bitirmək məcburiyyətində qaldılar. Babək müəllim və İlqar müəllim rektorluqdan gələn əmrə əsasən seminarını tamamlamadan çarəsiz qalıb universitetin kampüsünə çıxdılar. Babək xoca bu səbəblə də belə dedi: “Elə bir nitq söylədik ki, yer, göy titrədi, zəlzələ baş verdi” deyərək zarafatla bu olayı dəyərləndirdi. Babək xoca ilə hər dəfə görüşəndə onun yumoristik, zarafatyana söhbətləri ilə qəlbimiz sevinir, könlümüz şad olurdu. Babək müəllimlə bağlı xatirələrim bitib tükənməzdir. Onunla tanış olduğumu ömrümün əlamətdar günü kimi dəyərləndirirəm. Babək müəllimlə  eyni gündə, 9 iyunda anadan olduğum üçün istər-istəməz hər zaman nurlu üzü, səmimiliyi, təbiiliyi ilə xəyalımda canlanaraq qəlbimdə yaşayır. Allah rəhmət eləsin, məkanı cənnət olsun qohumum, böyük qağam Babək Osmanoğluna.»
*      *      *
                                                                               Mehmet Nizaməddin Xəznədar / Hüquqşünas 

     «Mən Prof.Dr. Babək bəyi  Prof. Dr. İlqar İmamverdiyevin vəsiləsilə 2014-cü ilin əvvəlində tanımışam. İlk tanıdığımda qəlbimə yatdığını hiss etdim. Maraqlıdır ki, mən onu daha çox səmimiyyəti və təbii bir insan olması ilə özüm üçün kəşf etmişdim.  Bu nurlu insan həyatım boyu mənim tanıdığım saysız-hesabsız insanlardan çox fərqli idi.  Bəziləri üçün deyirik ki, görünüşündən, ədəb-ərkanından bir növ zadəganlıq, üz-gözündə nəciblik yağırdı.  Babək  bəy məhz belə bir şəxsiyyət idi. Onun gözləri aydın, işıqlı və düşüncəli olması ilə diqqətimi çəkmişdi. İlk görüşümüzdə qəlbimiz bir-birinə yatmışdı. Musiqiyə olan hədsiz dərəcədə marağımı görüb bir dəfə söhbətimiz əsnasında: “Nizaməddin bəy əgər istəsən sənə skripka alətində çalmağı  öyrədə bilərəm!..” –demişdi. Cavabında dedim ki, mən fortepiano çalmaq istyirəm. Tez-tələsik yanlış qərar verdiyimə görə bu gün belə özümü tənbeh etməkdə, peşimançılıq hissiləri keçirməkdəyəm. Babək xoca kimi tanınmış mütəxəssisdən skripka dərsi alıb bu aləti yetərincə çala bilmək az işdirmi bəyəm?
     Onunla ilk dəfə qarşılaşan adamda belə bu insan haqqında nəsə bir fərqli keyfiyyətin olduğunu sezməmək mümkün deyildi. Həmin an anlaşılırdı ki, ziyankarlıq adı verilən, şər deyilən məfhumun kənarından belə keçməmiş, pis niyyətdən, qara fikirlərdən tamam uzaq bir nurlu insan olmaqla yanaşı söz-söhbətlərindən ziyalı olmasını, alimliyini, əsl nəcabətliliyini kəşf edirsən.  Bu səbəbdən qətiyyətlə belə demək olar: Bu şəxs bu və ya digər səbəbdən dolayı heç kimə ziyankarlıq edib zərər verə bilməz! Edə bilmədiyi üçün də pislik haqqında nə düşünə bilər, nə də kimsələrə əsla pislik edə bilməyi bacarar!  
 
   Onun şər işlərlə heç işi olmazdı, amma haqsızlıq və ədalətsizlik onu bir an da olsa tərk etmədi ömrünün son ilində. 15-20 illik xidmət göstərdikdən sonra işdən azad olma səbəbi ilə veriləcək təzminat  haqqını  ala bilmədi ki, mübtəla olduğu xərçənk xəstəliyinin müalicəsi üçün məsrəflərini bir qədər qarşılasın. Babək xocaya bu problemi çözmək, ona kömək edə bilmək məramı ilə könüllü olaraq vəkillyin vəzifəsini öz üzərimə götürdüm və işi Türkiyə Ali Məhkəməsinə göndərdim. Fəqət Ali Məhkəmə konstitusiya qanununun tələblərinə uyğun deyil, zid qərarını verib təsdiq etdi. Mənim gözəl ölkəmdəki xoşagəlməz, neqativ hallar təssüf ki, Babək müəllimdən də yan ötüşmədi.  Məhkəmə işi yekunlaşmağa doğru yxınlaşdığı zaman təssüf ki, Babək xocanın daha həyatda olmadığını İlqar xocadan öyrənib çox kədərləndim. Bu dünyadan naümid, nigaran getdi. Ali Məhkəmənin verdiyi yekun rəd qərarını səhətinin ağır olduğu vaxt öyrənə bilmədi.      
      Babək bəyin bir görüşümüz məqamında mübarək əlləri ilə  imzalayıb mənə verdiyi    Vaseh Şabranlının “Dirilik və zaman” adlı şeirləri, fortepiyano üçün “Əsərlər məcmuəsi”  və “Çoxsəsli musiqinin unudulmazları” adlı üç kitabına baxıb bir anlıq xəyallara dalıram. Nə gözəl günlərimiz, anlarımız olub Babək bəylə, deyə xatirə dolu düşüncələrlə baş-başa qalıram. Gərgin zəhməti ehtiva edən hər üç kitab onun dünyaya baxışının xülasəsi və əksi kimidir. Mümkün olduğu qədər zərif, tamamilə insani, bəstəkarlara aid əsərlərini, hətta müzakirə kontekstində ən kiçik duyğu və ya düşüncəni belə gözardı etməyərək, özünəməxsus bir üslubla Babək Qurbanov səriştəsi ilə geniş həm də  peşəgarcasına təhlil etməyə çalışıb.  Bir sözlə, əsl estetikçi, üstəlik estetika, fəlsəfə və ədəbiyyatı bir məcrada birləşdirən həssas duyumlu bəstəkar təbli bir ürək sahibi idi!
     Babək bəylə həyat yolumuzun bir məcrada kəsişməsi mənim üçün necə də gözəldir, unudulmazdır ülvi xatirələrin işığında. Sizi tanımağmla iftixar etdim.  Bu görüşümüz mənim üçün həmişə və  şərəfli olaraq xoş xatirlərəmidə ülvi pak, əziz, nurlu qalacaq Babək bəy! Çünki yaşadığın bu fani həyatda öz şəxsində pak, təmiz, saf bir ziyalılıq simvolu olmuşsan əzizim Babək bəy. Nurlar içində uyuduğun mübarək məkanın cənnət, ruhun şad olsun, əziz qardaşım!»


Hakim Mehmet Nizaməddin Xəznədar, İlqar Cəmiloğlu, Babək Qurbanov / Gaziantep 2017


*    *    *                    
 
       Rəssam Məhəmməd Əliyev 
         Sənətşünaslıq namizədi, 
Qaziantep Universitetiinin Gözəl Sənətlər Fakultəsi

     «Prof. Dr. Babək Qurbanovla  2011-ci ildə Qaziantep Universitetində tanış olmuşuq. O, təvazökar xasiyyəti ilə ilk baxışdan tanış olduğu insanlarda xoş təəssüratlar buraxıb. Deyə bilərəm ki, bu ziyalılıq nümunəsi, indiyə qədər gördüyüm ən keyfiyyətli intellektual biliyə sahib zəkalı bir insan idi. O, əllidən artıq kitab və yüzlərlə elmi məqalələr yazıb. Yazı dili aydın, səlist olduğu qədər, zəngin və peşəkar idi ki, oxuyarkən heyrətlənməmək mümkün deyildi. Bu gün təəssüf ki, aramızda yoxdu. Hərdən yadıma düşəndə darıxıram, kədərlənirəm, qəmlənirəm. Məkanın cənnət olsun möhtərəm insan.   Allah rəhmət eləsin qiymətli Babək müəllim. Hər zaman nurlu xatirən ürəyimizdə daima yaşayacaq ey nəcib, əziz insan.»
                                                      *       *       *
                           
                                                                                                       Seda Yalman (Mandollu)
                                                                                                    İnönü Universiteti / aspirant

   «Bakalavr illərimin ən gözəl vaxtlarını onun sinfində, zəngin elminin işığında keçirdiyim hörmətli müəllimim Prof. Dr. Babək Qurbanov hər zaman gülərüz,  insanlara dəyər verən və təvazökar şəxsiyyəti ilə təkcə mənim yox, bütün tələbə yoldaşlarımım və onu tanıyan müəllimlərin qəlbində ülvi məhəbbətlə yer tutur. Babək xocamı ilk dəfə Gaziantep üniversitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının birinci sinfində təhsil aldığım ildə eyni zamanda çalışdığım “Evrensel sənət mərkəzi”nə Prof.Dr. İlqar İmamverdiyev ilə birlikdə qurumumuzu ziyarət edərkən görüb, təpsiyə düzdüyüm armudu stəkanda iki çay gətirdiyim zaman tanış olmuşdum. Məktəbimizdə belə qiymətli dəyərlərin olduğunu biləndən sonra onları ziyarət etməyə başladım. Yazıb-yaratdıqları onlarla elmi və bədii əsər qarşısında, bu dərəcədə mütəvazi və səmimi olan bu iki qiymətli şəxsiyyətlərin mənə qarşı səmimi, doğru-dürüst münasibətləri həyatımda dərin insani hisslər oyatdı. Təhsil illərimdə Babək müəllimlə və İlqar müəllimlə olan tələbə-müəllim ünsiyyətimin dəyərini zaman keçdikcə mən indi daha yaxşı anlamaqla birgə həm də bəxtiyarlıq hissi ilə yaşamaqdayam.
     Dörd il boyunca ud alətinə böyük həvəslə yanaşmağıma vəsilə olan, məni daima inamımı artıran, saatlarla məşqlərimdə yol göstərərək yardım edən, yorulanda isə inci dəyərindəki nəsihətləri ağlıma gələn bu qiymətli xocalarıma hər zaman minnətdaram. Bakalavr dövründə Babək xocamla birgə çalışmalarımız çox, ülvi xatirəlırim  yetərincə qəlbimə sirayət etmişdir. Onun əsərlərini dinləmək və ud alətində bənzərsiz hisslərlə müşayiət etmək xüsusi şərəfdir mənim üçün. Onun elmi, dünyaya, sənətə baxışını hər zaman dərslərində ən ön cərgədə dinləməklə, dərin mənalı fikirlərinə yaxından aşina olmuşam. Təəssüf ki, dəyərli müəllimimizin 2019-cu ildə əbədiyyətə qovuşması qəlbimdə, ruhumda dərin bir boşluq hissiləri yaratdı. O ağrılı-acılı matəm günündən sonra onun qiymətli elminə, düşüncəsinə, biliyinə, dərin təfəkkürünə, hikmətli söhbətinə həsrət qaldığım bir insanın yoxluğunu böyük kədərlə hiss etdim. Əziz müəllimimə cənabi Haqdan rəhmət diləyirəm. Məkanı cənnət olsun.»
 
Seda Yalman (Mandollu) İlqar İmamverdiyev və Babək Qurbanov

                                                      *   *   *
 
   Firuzə İmamverdi / Memar
«Babək əmini 2002-ci ildə ailəmizlə birlikdə Ərzuruma gəldiyimiz zaman anam Şəkər xanımı, qardaşım Əlini ilk dəfə evinə dəvət etdiyində mənim 8, qardaşımım 9 yaşı var idi. Gülnarə xanım aş hazırladığı xatirimdədir. İlk dəfə Babək əmini gülərüz, səmimi bir insan kimi xatırlamaqdayam.  Atatürk Universitetinin böyük səhnəsində Tamilla Qasımovanın f-no müşayiətində əsərlərini tarda səsləndirən atam İlqar Cəmiloğlunun konsertində ailəlikcə getmişdik. Babək müəllimin böyük alim, musiqişünas olduğunu kəşf etdim o zaman. İllər keçdikcə qismət oldu Gaziantep Konservatoriyasında atam İlqar İmamverdiyevlə birgə çalışdığı dönəmlərdə, qardaşım Əlinin 8 dekabr, mənim isə 16 dekabr tarixindəki ad günümüzə dəvət edərdik. Bir böyüyümüz, əmimiz kimi məclisimizin başı Babək müəllimə aid idi. Hər bayramda gəlişi və gözəl danışığı ilə məclisimizi şərəfləndirərdi Babək müəllim. Memarlıq fakultəsindən məzun olduqdan sonra Sovetlər dönəmində yayınlanmış memarlığa aid bir çox şəxsi kitablarını hədiyyə etməsi məni həddən ziyadə sevindirdi. Bu diqqət məndə memarlıq üzrə magistr təhsili almama həvəsləndirdi. Və başarı ilə təhsilimi tamamladığımda Babək müəllim həyata gözlərini yummuşdu. Məkanı cənnət ruhu şad olusun Babək əminin. Amin... »

Firuzə İmamverdi, Əli İmamverdi, Gülnarə xanım və Babək Qurbanov
*   *   *
 
  Əli İmamverdi //hüquqşünas

Qaziantep Universiteti Köç institutunun magistr tələbəsi

         «Prof.Dr. Babək Qurbanov fəlsəfə, musiqi estetikası, mədəniyyət, musiqişünaslıq, folklor üzrə çoxsaylı akademik elmi araşdırmaları ilə onu tanıyanların qəlbində unudulmaz izlər nəqş etmişdir.  Onun xalqımız naminə göstərdiyi fədakarlıqlar heç vaxt unudulmayacaq. Allah hamımıza belə şərəfli və cəsur bir ömür sürməyi nəsib etsin. Heç kimsəni incitməyən, bir kəsin qəlbini sındırmayan, Babək müəllimin nurlu xatirəsi hər zaman könül dünyamda yaşamaqdadır. 
        Babək müəllim xalqımızın sayılıb-seçilən, hörmətli şəxsiyyəti, çox dəyərli, müqtədir  alim  övladı idi. Bizlərə əmanət etdiyi 53 kitabı və 700-dən artıq elmi məqalələri ilə musiqi tariximizdə minnətdarlıla yaşayacaqdır. Məkanın cənnət olsun Osmanoğlu Babək müəllim!» 

Professor Babək Qurbanov Əli İmamverdiyə ağsaqqal məsləhətini əsirgəməzdi / Qaziantep
*   *   *
 
                                                                                          Eda Özdemir Kürümlüoğlu
Gaziantep Konservatoriyasının III kurs tələbəsi
«Gaziantep konservatoriyasının müəlimlərinin iftixar etdiyi professor, doktor Babək Qurbanovla görüşmək, bu məşhur pedaqoqun tələbəsi olmaq mənə nəsib olmasa da,           onu tanıyan müəllimimizin dilindən xoş xatirələrlə zəngin fikirlərini öyrəndikcə çox heyfslənirəm.  Tələbə olduğum üçün Babək xocanın bilik və təcrübələrindən faydalanmağı çox  istərdim. Elmə, fəlsəfəyə, sənətə bu qədər önəm verən bu qədər dərin savadlı müəllimi itirdiyimiz üçün çox kədərlənirəm. Kaş onun həyat və bilik fəlsəfəsindən bəhrələnəydik.Allah rəhmət eləsin.»
Babək Osmanoğlu ilə bağlı iki baməzə xatirə

İlk xatirəm Ərzurum Atatürk Universitetində çalışdığımız günləri yansıtmaqdadır qiymətli oxucularım. 
«Lojmanda birlikdə qaldığı 16 Azərbaycanlı müəllimlər arasında üç tanınmış rəssamlarımız da var idi Elmaz Mehdioğlu, Fikrət Həşimov, Görüş Babayev adında. Bir-iki aydan biraraya gəlib məclis başında görüşüb söhbətləşmək ehtiyacı olduğu zaman yekdilliklə qərar verib Babək müəllimi özlərinə ağsaqqal seçərdilər. Babək müəllim də bu vəzifədə olduğu zaman, hər dəfə məclisi uğurla idarə edə bilmək üçün digər məsləkdən olan alimlərlə yanaşı hər bir rəssamımız üçün dəyərli fikirləri ilə, onları xidmətləri ilə vəsf edərək şəninə xoş sözlər deyərdi. Fəqət məclisin sonunda hiss edərdim ki, bizim rəssamlar nədənsə narazı qalardılar. Sonralar anladım ki, Babək müəllim masa arxasında söylədiyi hər bir rəssamımız haqda olan özət halındakı qiymətli sözlər onlara azlıq edir. Onların hər birinin şəninə geniş nitq gərəkirmiş. Daha çox fikirlər tərənnüm etməli imiş sən demə Babək müəllim. Müxtəlif vaxtlarda təşkil olunan, Azərbaycanlı sənət adamlarımızın cəm olduğu bu məclisdə bir neçə dəfə bu halların olduğunun şahidiyəm. Günlərin birində yenə də məclis düzəldilməsi, alimlərimizin bir araya gəlməsi ehtiyacı olduğu zaman məclisi idarə etmək üçün Babək müəllimdən xahiş etdilər. Nə isə etraz bir fayda vermədi. Axır ki, çar-naçar razı oldu. Məclisin ən başında əyləşmiş Babək müəllim keçən dəfə olan narazılığın bu dəfə təkrar olunmaması səbəbi ilə əlini süfrəyə uzatmadan öncə rəssamlarımıza belə bir müraciət etdi. “Xasiyətnamənizi özünüzlə gətiribsinizmi?”. Hər kəs bu sual qarşısında bir anlıq çaş-baş qalaraq heyrət etdilər. “Bu nə sualdı ay Babək müəllm?”. Cavabında fikrini belə əsaslandırdı. Hər dəfə sizin şəninizə xoş sözlər desəm də, sənət aləmindəki xidmətlərinizi məcis əhlinə çatdırsam da heç cür razı qalmırsınız. İmkanım çərçivəsində məclsi idarə etməyim hər zaman uğursuluqla nəticələnir. Ona görə də yazdığınınz “Avtobioqrafiyanızı” mənə verin ki, oxuyum hamı məndən razı qalsın ki, məclisimiz müşgül-məlil olmasın. Bu cavabdan hamı bir anlıq duruxdu və Babək müəllimin səmimi zarafatının mənasını anlayıb gülşdülər. Və bir daha təşkil olunmuş növbəti məclisin ab-havasına soyuq rüzgar əsmədi – dəyərli oxucularım. Bu zarafatyana əhvalatı anlatmaqda məramım Babək müəllimin müdirk bir şəxsiyyət, ağsaqqal olduğunun kiçik bir fraqmentidir ki, ürəyimdə 20 ildir ki, yaşatmaqdayam.»
«Hörmətli alimimiz Professor Babək Osmanoğlu ilə bağlı ikinci baməzə xatirəmi sizlərlə paylaşmaq istərəm dəyərli oxucularım. 2010-cu ildə Babək müəllimin dişi ilə bağlı problemi olduğu zaman diş doktoruna aparmağı qərarlaşdırdım. Gaziantepdə tanıdığım diş doktorunun soyadını bilməsəm də adı Oqtay idi. Bilirdim ki, sənətinin peşəkarı olduğu üçün Babək müəllimi Oqtay həkim yaxşı müəlicə edəcək. Babək müəllim də məmnun qalacaq. Bu minvalla çox təvəqqə etdim. Axır ki, razı oldu. “Fiat” markalı avtomobili ilə Gaziantep çarşısına yaxın bir məkanda avtomobili park etdik. Və çalışdığı özəl quruma rəvan olduq. Nəhayət pilləkənləri qalxıb birinci mərtəbədəki ofisinə yaxınlaşanda Babək müəllim anidən duruxub qaldı. Və qapıdan içəri daxil olmadan geri dönmək istədi. Mən bir şey anlamadım. Ürəyimdə özüm-özümə dedim ki, nədən tərəddüd edir Babək müəllim görəsən? Anidən dönüb dedi ki, “Məni hara gətirmisən?”. 
- Dedim:  doktora gəlmişik. 
- Dedi ki, qapının yanındakı lövhədə gör nə yazılıb?
- Bu sualdan yenə bir şey anlamadım. Dedim ki, “Oqtay Ağrıtmış”. Bu ad soyad olan 
 
Gaziantepin məşhur diş doktoru Oqtay Ağrıtmış
lövhəni oxuduğum zaman mən də heyrətə gəlib mətləbin nə yerdə olduğunu indi anladım. Dedim ki, Babək müəllim mən də bilmirdim. Qorxma dişini ağrıtmayacaq, işinin ərbabıdır, özü də təcrübəli həkimdir. Sadəcə soyadı elə imiş “Ağrıtmış”. İnşallah dişini ağrıtmaz, gözəl müalicə edər. Heç qorxma! Nə isə çar-naçar razı olub, tərəddüd içində bir qədər də qorxu-təlaş, həyəcan içərisində müalicə otağına daxil olduq. Bu müalicə uğurlu nəticələndiyi üçün Babək müəllim Oqtay Ağrıtmışla dost oldu. Sonrakı illərdə bəzən dişində problem yarandığı zaman  könüllü olaraq Oqtay həkimə müraciət edərdi.»  

 
(sağdan sola) Babək Qurbanov, İlqar Cəmiloğlu, Əli  İmamverdi  // Gaziantep 2017
                                                                             *      *      *
Qəhrəman xalqımızın etibarlı, dəyərli övladı fəlsəfə elmləri doktoru, professor Osman oğlu Babək müəllim, ad gününü pünhanca qəlbimdə təbrik edərək rəhmət diləyirəm cənabi Haqdan. Mübarək qəbrin nurla dolsun, məkanın cənnət olsun. Amin!!!
                                                                                                  
İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq elmləri doktoru, professor, 
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi.
Türk Xalq musiqisinə xidmət mükâfatçısı
9.06 – 2023 saat 9.06