Ana Kür çirkləndirilir  - Qarşısı necə alınmalıdır?

Kür çayının Şirvan şəhərindən keçən hissəsi çirkləndirilir. Bununla bağlı sakinlər sosial şəbəkələrdə görüntülər paylaşıblar. Kadrlardan aydın olur ki, Şirvan şəhərinin kanalizasiya tullantıları Kür çayına birbaşa axıdılır.

Sakinlərin bildirdiyinə görə, Kür çayının aşağı axınındakı rayonlar bu sudan istifadə edirlər. Onlar çayın təmizlənmədiyini qeyd edir, bununla bağlı tədbir görülməsini istəyirlər.  Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sakinlərin iddialarının doğru olduğunu deyib.


Məsələ ilə bağlı "Sherg.az"a danışan “Yaşıl Dünya” Ekoloji Maariləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, Kür çayının Şirvan şəhərindən keçən hissəsinin çirkləndirilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan foto və videoları izləyib: 

"90 minə yaxın əhalisi olan Şirvan şəhərinin çirkab sularının ölkənin əsas çayına-Kürə axıdılması yaxşı hal deyil. Son illər Bakıda və ölkənin başqa iri şəhərlərində yaşıllıqların məhvi hesabına çoxlu plansız tikintilər aparılıb, yaşayış evləri və ticarət, iaşə obyektləri inşa edilib. Həmçinin şəhərlər böyüyüb, ancaq kanalizasiya sistemi köhnədir, yenilənməyib. Problem çox vaxt bu səbəbdən yaranır. Onsuz da Azərbaycanın içməli su qaynaqları çox azdır. Əsas su mənbəyimiz olan Kür, Araz, Samur transsərhəd çaylarıdır. Ölkəmizdə su ehtiyatlarının 70 faizi Araz və Kür çaylarının hesabına ödənilir. Qonşu ölkələr bu və digər çaylarımızı yetərincə çirklənməyə məruz qoyub. Kür Gürcüstan, Araz Ermənistan ərazisində çirkli məişət və sənaye suları ilə kirləndirilir. Ermənilərin çirkləndirdiyi Oxçuçay artıq ölü çay hesab edilir. Qlobal istiləşmə dönəmini yaşayırıq. Dünya ekoloqları qarşıdakı illərdə su qıtlığı olacağı ilə bağlı həyəcan təbili çalır. Belə bir şəraitdə daxili sularımızı qorumaq əsas vəzifə kimi qarşıda durmalıdır". 
Ekspert diqqətə çatdırıb ki, Qafqaz regionunda ən böyük su hövzəsi olan Kür çayı ölkəmizin əsas su mənbəyidir:

"Min illərdir, Kür çayı ətrafında məskunlaşmış əhali çayın suyundan həm təsərrüfat sahələrinin suvarılması, həm də içməli su kimi istifadə edir. Amma təəssüf ki, bu nemətin qədrini bilməyən bəzi insanlar, işbazlar, məsuliyyətsiz məmurlar çayın sahillərinə məişət tullantıları atmaqla onu daha da çirkləndirir, infeksion xəstəliklərinin yayılması üçün münbit şərait yaradırlar. Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər, həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir. Hazırda Kür çayı onun keçdiyi həm qonşu ölkələrin, həm də ölkə ərazisində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır. Ölkəmizdə də əhalinin yaşayış məntəqələrində formalaşan məişət tullantılarını düzgün idarə etməməsi çayın sahil mühafizə zonasını çirkləndirir. Bu, bilavasitə çayın əlavə çirklənməsinə və suyun keyfiyyətinə mənfi təsir göstərən amil hesab olunur".

E.Cəfərli həmçinin əlavə edib ki, bir müddət öncə Bakının Hövsan qəsəbəsindəki aerasiya stansiyası yenidən quruldu:

"Bakının kanalizasiya sularının 60 faizi təmizlənərək oradan Xəzərə axıdılır. Bu stansiyanın yenidən qurulması Xəzərin flora və faunasının qorunması baxımından çox əhəmiyyətlidir. Artıq bu cür stansiyaların Kür və Araz üzərində yerləşən şəhərlərdə qurulması günün tələbidir. Bu məsələdə vətəndaş cəmiyyəti fəallarının üzərinə böyük məsuliyyət düşür. Vaxtaşırı maarifləndirmə kampaniyaları keçirilməli, insanlara bilgi verilməlidir. Kür sahilinin təmzilənməsi üçün könüllü kampaniyalar təşkil oluna bilər. Həmçinin analoji proseslərə könüllü tələbə və gənclər, məktəblilər cəlb olunmalıdır. Bu cür aksiyalar gənc nəsildə ekoloji tərbiyənin yüksəlməsinə də müsbət təsir göstərə bilər”.