Yayın təhlükəli qonaqları: İlanlar  - Onları görsəz...

Yay fəslində ilanlar aktivləşir. Hər birimiz həyət, dəniz, meşə, bağ, hətta yaşadığımız evdə belə ilanlarla qarşılaşa bilərik. Lakin ilan görəndə bir çoxumuz təşvişə düşür, həyəcan keçirir. Bəs bu situasiya ilə üz-üzə qaldıqda nə etməliyik?


Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a yay aylarında havaların istiləşməsi ilə əlaqədar əqrəb, zərərli həşəratlar və ilan sancmaları kimi halların artdığını bildirib:


"Təbii ki, insanlar da buna görə narahatlıq keçirir. İlanlardan qorxmaq, onu görəndə qaçmaq, yaxud öldürmək, daş, taxta parçası ilə zərər yetirmək olmaz. İlk növbədə, fərdi yaşayış yerləri, həyətyanı və təsərrüfat sahələrində ilan əleyhinə dərmanlardan istifadə etmək lazımdır. Ərazi ildə 2 dəfədən az olmayaraq dərmanlanmalıdır. Çünki insanlar adını çəkdiyimiz yerlərdə mütəmadi olaraq, hərəkət edir, vaxt keçirir, azyaşlılar isə oyunlar oynayırlar. Həmin əraziləri təhlükəsiz hala gətirmək üçün müəyyən kimyəvi məhsullardan faydalanmaq zəruridir. Natəmizlik, əşyaların köhnə, çox olduğu, material və avadanlıqların səliqəsiz yerləşdirildiyi məkanlar ilanlar üçün məskəndir. Ona görə də yaşadığımız, getdiyimiz yerlərin təmizliyinə diqqət yetirməliyik. Eyni zamanda meşəlik ərazidə tikilən istirahət mərkəzləri, "koteclər", yaxud qurulan kamplarda vaxt keçirəndə də təhlükəsizlik tədbirlərini ikinci plana atmaq olmaz. Bəzən gecələdikləri "koteclərdə" pəncərənin qoruyucu örtüyü ("setka") olmadığı üçün çöldən içəriyə ilan, digər həşəratlar, hətta vəhşi heyvanlar da daxil ola bilir. Ona görə də tədbir görmək şərtdir".