Avtobusların kondisioner problemi həllini tapmır

"Avtobusların kondisioner problemi illərdir, müzakirə edirilir. Təəssüf ki, heç bir nəticə yoxdur". 
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli Bakının bəzi avtobuslarında hələ də kondisionerin olmamasından danışarkən deyib. Mütəxəssisin sözlərinə görə, şirkətlər gediş haqqını Tarif Şurası vasitəsilə artırır:

"Azərbaycanda öhdəliklərini yerinə yetirən və vətəndaşlara normal xidmət göstərən Xaliq Faiqoğlu MMC və Bakubus MMC-nin avtobuslarıdır. Amma Bakı kəndlərinə işləyən digər avtobuslarda vəziyyət çox bərbaddır. Avtobus parkları yenilənmir. Şirkətlər vətəndaşların xidmətinə yönələn sosial korporativ öhdəliklərini yerinə yetirmir, məsuliyyət daşımır. Bakı Nəqliyyat Agentliyi (BNA) səlahiyyətlərinin təhvil-təslim mərhələsindədir. Nəzarət mexanizmi Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) həvalə olunacaq. Bu yeniliklərin vətəndaşlara hansı xidmətləri təqdim edəcəyini deyə bilmərik. 

Amma mövcud problemlə bağlı çox ciddi ölçülər götürülməlidir. Şirkətlərin qarşısına konkret vaxtlar qoyulmalıdır ki, öz avtobuslarını saz vəziyyətə gətirsinlər. Yayda kondisionerin işləməsi, qışda isitmə sistemi baxımından sərnişinlərin komfortlu daşınmasını təmin etmək üçün konkret hədəflərə və istəklərə nail olunmalıdır. Əks halda cərimələr və sanksiyalar tətbiq edilməlidir. Həmin şirkətlər vəzifələrini yerinə yetirməlidir. Bacarmırsa, lisenziya hüquqları əllərindən alınaraq, normal işləyən digər şirkətlərə verilməlidir".

Qeyd edək ki, yay aylarının gəlişi ilə avtobuslarda kondisioner problemi ilə bağlı sərnişinlərin narazılıqlarına da çox rast gəlinir. İnsanlar isti yay günlərində işə gedib-gələrkən avtobuslardakı sıxlıqdan əziyyət çəkirlər. Bir çoxunun iş gününün gərgin keçməsi azmış kimi, bir də kondisionersiz avtobuslardan istifadə etmək, mənzil başına çatmaq məcburiyyətində qalanlar olur. Bu da vətəndaşlara ikiqat mənfi təsir göstərir.