Dünya istinin əsarətində 

Temperatur “50”dən yüksəyə qalxır

  Türkiyənin Boğaziçi Universiteti İqlim Siyasəti Araşdırma Mərkəzinin müdiri, professor Levent Kurnaz bu yayın son 20 ilin ən isti yayı olacağı xəbərdarlığını edib. 
“Sherg.az”a “NTV.com.tr”yə istinadən bildirir ki, 2023-cü ilin yayı bəşəriyyətin indiyədək üzləşdiyi ən qızmar yay olacaq. “İndiyədək Türkiyədə ən yüksək temperatur 49.1 dərəcə olub. Lakin təxminlərimizə görə, bu yay temperatur 50 dərəcədən yüksəyə qalxacaq. Bu mövsümdə istilik rekordunun təzələnəcəyi 10-12 günümüz ola bilər” söyləyən alim, ümumiyyətlə, Yer kürəsində qlobal iqlim dəyişiklikləri nəticəsi olaraq qızmar istilərin insanların ölümünə səbəb olduğunu vurğulayıb. Professor bildirib ki, dünyada temperaturun yavaş-yavaş yüksəlməsinin əsas səbəbi kömür, neft və təbii qazdır. “Sakit okeanda əmələ gələn və iqlimin formalaşmasında əsas rol oynayan “La Nina” hava axını ötən 3 il ərzində sərin oldu, buna görə də biz dünyanın nə qədər istiləşdiyini fərq etmədik. Lakin “La Nina” aprel ayında bitdi. Hazırda “La Nina”nın tam əksi olan “El Nino”ya keçid başlayıb. Bu səbəbdən də temperaturlar getdikcə yüksəlir. 4 iyulda dünya ən isti, qızmar günlərindən birini yaşadı. Hesab edirik ki, 2023-cü il dünyada ən qızmar il olacaq. Qış isti keçəcək, bahar, sonra payız da isti keçəcək, bundan sonra belə olacaq. Yağıntılar azaldığından quraqlıq başlayacaq. Ona görə də az miqdarda su ilə keçinməyi öyrənməliyik”, söyləyən professor “temperatur yarım dərəcə artıqdır” məlumatlarına arxayın olmamağı tövsiyə edərək, yarım-yarım artan temperaturun nəticə etibarilə iqlim dəyişikliyinə böyük ölçüdə təsir etdiyini vurğulayıb. L.Kurnaz hazırda Pakistan, Çin, Monqolustanda, Meksikada yaşanan yüksək temperaturlar səbəbindən yüzlərlə insanın vəfat etdiyini deyib. Ötən il Fransa qızmar istilərin əsarəti altında idi. Professor hər kəsə xəbərdarlıq edib: “Gəncliyinizə, sağlamlığınıza güvənib, “mənə bir şey olmaz” deyib, isti havada küçəyə çıxmaq fikrindən vaz keçin. Hədsiz yüksək temperatur hər kəsə təsir etmək gücündədir. Hazırda çıxış yolu kömür, neft və təbii qazdan əl çəkməyimizdədi. Bunu edə bilsək, qalan işlər düzələr”.