Ətraf mühitə zərər vuranlara ağır cəzalar verilməlidir

Paytaxtın Nəsimi rayonunda ağaca ziyan vurulub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Puşkin küçəsi, 29A ünvanında stulu ağaca mismarlayıblar. 

Məsələyə münasibət bildirən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Sherg.az"a bildirib ki, paytaxtın Nəsimi rayonunda ağaca qarşı edilmiş bu əməl yolverilməzdir: 

"Stulu ağaca yəqin ki, ərazidə işləyən, müxtəlif məqsədlər üçün uzun zaman orada dayanmalı olan bir sakin mismarlayıb. İnsanlar anlamalıdırlar ki, ağac da canlıdır, onu zədələmək, yaralamaq olmaz. Xüsusən, ağaca metal mıx vurmaq, çivi çaxmaq, məftil bağlamaq, ağac üzərində oturacaq kimi müxtəlif vasitələr quraşdırmaq düzgün deyil. Bu kimi davranışlar ağacı zədələyir, onun qurumasına gətirib, çıxarır. Ağac üzərində bəzən quş yuvaları bərkidilir. Hətta onu belə mıxla bərkitmək doğru deyil. Xüsusi iplərdən istifadə olunmalıdır ki, ağacın gövdəsi, budağı zədələnməsin. 


Mətbuatdan oxuduğuma görə, Nəsimi rayonunda ağaca vurulan mismar və oturacaq ləğv edilib. Bu barədə ərazi üzrə Kommunal Xidmətdən məlumat verilib. Hesab edirəm ki, aidiyyəti qurumlar bu kimi məsələlərə ciddi nəzarət etməlidir. Fakt təkrar olunarsa, həmin  şəxslər təbiətə zərər vurulması faktı ilə məsuliyyətə cəlb edilməlidirlər. Bir sıra xarici ölkələrdə analoji hal aşkarlandıqda fakt üzrə daha sərt cəza tədbirləri görülür. Hətta yaşıllığı məhv edənlər barədə həbs qərarı çıxarılır. Düşünürəm ki, Azərbaycanda da bu sahədə sərt addımların atılması vacibdir. Amma ən doğrusu insanlarda təbiətə, canlı aləmə sevgi hissini erkən yaşlarda formalaşdırmaqdır. Canlı aləmə sevgi bəsləyərək, böyümüş gənc yetkin yaşlarına çatanda ətraf mühitə daha duyarlı, qayğıkeş və məsuliyyətli vətəndaş ola bilər”.