Avtobuslarda kondisioner problemi: Nə etməli? - Çıxış yolu...

"Avtobuslarda kondisioner sisteminin olmaması problemi yay və qış aylarında özünü daha qabarıq şəkildə göstərir".

Bunu "Sherg.az"a nəqliyyat eksperti Elməddin Muradlı avtobuslardakı kondisioner problemindən danışarkən deyib. Onun sözlərinə görə, dəfələrlə belə hallar baş verib və demək olar, hər il də təkrarlanır:

"Avtobus parkı yenilənməlidir. Başqa hansısa addımın atılması mümkün deyil. Doğrudur, kondisioner sistemi mövcud olan avtobus sürücülərinə tapşırıq verilir ki, ondan istifadə etsinlər. Amma təəssüf ki, bəzən sürücülər kondisioneri qəsdən yandırmırlar. Bu da problemlə nəticələnir.  Sərnişinlər narazı qalırlar. Getdikcə ictimai nəqliyyata inam azalır. Bu isə yollarda sıxlığa, problemlərə səbəb olur. İctimai nəqliyyatda insanların inamını, etibarını bərpa etmək, ona həvəsləndirmək məqsədilə bu sahədə ciddi addımlar atılmalıdır. Daşıyıcılar qarşısında tələblər qoymaqla yanaşı, həm də mövcud vəziyyətdən faydalanmaları üçün imkanlar yaratmaq lazımdır. İsti yay günlərində  duruma dözmək çox da asan deyil. Xüsusilə, günün pik saatlarında avtobusa minən insanlar problemi qabarıq şəkildə görürlər. Vəziyyətdən yeganə çıxış yolu avtobus parkının yenilənməsi və sahə üzrə ciddi nəzarətin həyata keçirilməsidir".

Qeyd edək ki, yay aylarının gəlişi ilə avtobuslarda kondisioner problemi ilə bağlı sərnişinlərin narazılıqlarına da çox rast gəlinir. İnsanlar isti yay günlərində işə gedib-gələrkən avtobuslardakı sıxlıqdan əziyyət çəkirlər. Bir çoxunun iş gününün gərgin keçməsi azmış kimi, bir də kondisionersiz avtobuslardan istifadə etmək, mənzil başına çatmaq məcburiyyətində qalanlar olur. Bu da vətəndaşlara ikiqat mənfi təsir göstərir.