Çimərliklərə bələdiyyələr nəzarət etməlidir - TƏKLİF

"Gəzdiyim ölkələrlə Azərbaycan çimərliklərini müqayisə edirəm. Hətta Avstraliyada, Yeni Zelandiyada belə çimərliklərin Azərbaycandakı kimi əcaib vəziyyətdə olduğuna rast gəlməmişəm". 

Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bir çox ölkədə dənizkənarı yerlər ya açıq çimərliklərdir, ya da müəyyən biznes qurumları orada hotellər tikib: 

"Lakin Bakı-Hacıqabul yolunun sol tərəfinə baxdıqda dənizkənarının hasarlandığını görürük. İlk baxışda insan hasarın o üzündə bir biznes qurumunun olduğunu düşünür. Sanki bələdiyyəyə də vergi verir, dövlət büdcəsinə ödənişlər edilir. Lakin məlum olur ki, dənizkənarında bir ev tikilib. Bu, yolverilməzdir. Hər gün Azad İstehlakçılar Birliyinə kirayələrlə bağlı zənglər daxil olur. Hətta çimərliklərə girəndə pul alırlar. Kassada çek verilmir. 
Qəribə haldır. Yemək aparmağa icazə yoxdur, gərək onların servizindən istifadə edilsin. Düşünürəm ki, çimərliklərə bələdiyyələr nəzarət etməlidir. Bütün hallarda istehsalçının ödədiyi pul üçün kassaya çek təqdim olunmalıdır. Vergidən ciddi yayınmalar var. Azərbaycan turizminin inkişafına mənfi təsir edən amillər aradan qaldırılmalıdır".