Surət Hüseynovun ölüm səbəbi zəhərlənmədir?  - Açıqlama

Ötən gün vəfat edən sabiq baş nazir Surət Hüseynovun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında mərhumun ölüm səbəbinin tədricən zəhərlənmə olduğunu iddia edib. 

Onun sözlərinə görə, S. Hüseynovun heç bir xəstəliyi olmayıb. Amma bir il öncə o, Türkiyədə taqətdən düşüb, zəifləməyə başlayıb.

"BBC Azərbaycan" İstanbulda səhhəti pisləşən mərhumun aparıldığı Arnavutköy Dövlət Xəstəxanasından öyrənib ki, hadisə ilə bağlı intihar, zəhərlənmə və ya zərbə şübhəsi olub. Buna görə də onun qeydiyyatı  məhkəmə işi kimi aparılıb.

Sabiq nazirin köməkçisinin iddialarını "Sherg.az"a şərh edən toksikoloq Azər Maqsudov bildirib ki, bu halla bağlı dəqiq bir şey demək üçün xəstəni müayinə etmək lazımdır: 

"Surət Hüseynovun zəhərlənib-zəhərlənmədiyi ilə bağlı məlumatı məhkəmə tibbi ekspertizasından almaq lazımdır. Ölüm hallarında zəhərlənmələrə məhkəmə tibbi ekspertləri baxır".

A. Maqsudov onu da qeyd edib ki,  zəhərlənməyə hansısa infeksiya da səbəb ola bilər:

"Əgər ağır qida infeksiyasıdırsa, zəhərlənməyə gətirib çıxarır".

Şahanə Tağızadə