Moped sürücülərinin diqqətinə: Aradan qaça bilməyəcəksiz!

Bundan sonra məsuliyyət daşıyacaqlar

  Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi moped sürücülərinə müraciət edib. Müraciətdə qeyd olunub ki, Milli Məclis “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik  avqustun 1-dən etibarən qüvvəyə minib. Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.
  Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq. Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur.
  "Sherg.az"a danışan nəqliyyat  eksperti Eldəniz Cəfərovun sözlərinə görə, yeni qanundan sonra  moped sürücülərində ən azı məsuliyyət yaranacaq. Artıq onlar səbəb olduqları qəzaya görə də cinayət məsuliyyəti daşıyacaqlar: 

“Adətən mopedlər hər hansı bir qəzaya səbəb olsalar da, hadisə yerindən qaçırdılar. Sürücü vəsiqəsi aldıqdan sonra isə onları axtarıb tapmaq heç də çətin olmayacaq. Dövlət nömrə nişanı veriləndən  sonra mopedlərin icbari sığorta məsələsi də aktuallaşacaq. Bu isə o deməkdir ki, qəza zamanı qarşı tərəfin sığorta ödənişləri həyata keçiriləcək. Əslində Azərbaycanda “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilən  əlavə və dəyişikliklər olmaya da bilərdi. Əgər onlar vaxtında yol hərəkəti qaydalarına riayət edib qəzalara səbəb olmasaydı.  Amma çox təəssüf ki, baş verən qəzaların əksəriyyəti yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozmasıi ilə əlaqəlidir.
  Moped sürən gənc vətəndaşlarımızın əksəriyyəti yol hərəkəti qaydalarından və mopedi yolun hansı zolağında idarə etməli olduğundan xəbərdar deyillər. Bir qayda var ki, vətəndaş mopedi avtomobil yolunda idarə edirsə, mütləq yolun sağ zolağında hərəkət etməli, başına dəbilqə qoymalı, mopedin ön-arxa fənərləri işlək və hər iki tərəfdən yan güzgüləri olmalıdır.
  Bununla bağlı müvafiq qurumlar iş görməlidirlər. Yol infrastrukturunun bərbad, qaranlıq, çala-çuxur olmasının da burada rolu az deyil”. 
  Ekspert deyib ki, əvvəllər mopedlərin mühərrikinin işçi həcmi 50 kub/sm-ə qədər, sürəti isə aşağı idi. Müasir mopedlərin isə mühərrik  həcmi 50 kub/sm olsa belə sürətləri 120 km/saata qədər gəlib çatır. Kuryerliklə məşğul olan moped istifadəçiləri isə elə bu sürətlə gedirlər. Şəxsən özün bunun şahidi olmuşam.  Yolun solu ilə 90km/ saatda sürətlə hərəkət etdiyim halda arxadan gələn moped mənə siqnal verir ki, kənara çəkil.  Gecə olduğu halda nə qabaq, nə arxa  işıqları yanır.   Məhz bu cür məsuliyyətsiz sürücülərə görə dövlət mopedlərə nömrə nişanı verilməsi zərurətini görüb.