"Azərişıq" və "Azəriqaz" müstəqil qərarlar verə bilməyəcək

Bundan sonra sayğacın düz, yoxsa səhv işləməsini Antiinhisar Dövlət Xidməti müəyyən edəcək

  “Uzun illərdi ki, kommunal sektorda, xüsusilə də, "Azərişıq" və "Azəriqaz"da sayğac məsələsi müzakirə predmeti olaraq qalır”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, bundan sonra sayğacın düz, yoxsa səhv işləməsini Antiinhisar Dövlət Xidməti müəyyən edəcək: “Müvafiq qurumlar tərəfindən sayğacların tez-tez dəyişdirilməsi, smart sayğacın mexaniki ilə əvəzlənməsi, sayğacların sərfiyyatı çox göstərməsi, bu qurumların sayğaclara əlavə cihaz və proqram təminatı yükləməsi, billinq sisteminin özləri tərəfindən yazılması, daxili sistemlərin auditi və s. həmişə müzakirə predmeti və "incə" məsələ olub.
  Vətəndaşlarda həmişə sayğac-sərfiyyat məsələsində aldadılacağı ilə bağlı narahatlıqlar olub və bu, davam edir.
  "Azəriqaz" və eləcə də digər kommunal qurumlar bütün sayğac-sərfiyyat məsələlərinə, sayğacların testdən keçirilməsinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
  İndi isə bu qurumlardan birisinin, "Azəriqaz"ın sayğacların yoxlanılması ilə bağlı səlahiyyətləri Antiinhisara verilib.
  Ötən gün "Azəriqaz"a məxsus “Sayğacların müayinəsi laboratoriyası”nın idarəetməsi Antiinhisar Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna verilib. Həm ölçmənin kim tərəfindən aparılması baxımından, həm də bu ölçməni həyata keçirəcək sayğacların alınması baxımından kifayət qədər ciddi məsələdir.
  Güman ki, bundan sonra "Azəriqaz", yaxud SOCAR milyonlarla vəsait tələb olunan sayğacların alınması üçün, smart, yoxsa mexaniki tip sayğacların alınması üçün müstəqil qərarlar verə bilməyəcək. Bu prosesdə Antiinhisar da iştirak edəcək.
  Eyni zamanda indiyədək xidməti göstərənin, təchizatçının əlində həm də onun ölçülməsini müyyən edən avadanlığın da olması maraq toqquşmaları yaradırdı.
  İndi isə bu məsələ müstəqil tərəfə verilib. Düşünürəm ki, bununla da kommunal sektorda ölçmə işlərində daha ağlabatan, daha etibarlı nəticələrin əldə olunması təmin ediləcək”.
  O.Gündüzün fikrincə, Antiinhisar bu prosesdə ictimai nəzarət imkanlarını yaradacaq, şəffaflığı təmin edəcək: “Buna inanmaq istəyirəm, əgər bu proseslər şəffaf, maraqlı tərəflərin iştirakı, ictimai nəzarət imkanları yaradılmadan aparılacaqsa, Antiinhisar üçün əlavə bir "sayğac" başağrısının da yaranacağını proqnozlaşdırmaq olar. Ümid edirəm, bununla da, bəlkə də "kommunal xidmətlərin vahid informasiya sisteminin" yaradılması ilə bağlı Prezidentin müvafiq göstərişlərinin icrası da nəhayət sürətlənər”.