İnsanların ikinci əl maşın bazarına marağı azalıb

Hazırda avtomobil parkının çox hissəsi köhnə avtomobillərdən ibarətdir

  Son bir ayda avtomobil satışında ciddi durğunluq müşahidə olunur. Nəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qərardan sonra alıcıların sayı ciddi şəkildə azalıb. 

Ekspertlərin müşahidəsinə görə, ötən illə müqayisədə nəqliyyat vasitələrinin qiymətində də artım var.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev isə “Sherg.az"a müsahibəsində deyib ki, durğunluğun əsas səbəbi istehsalçı şirkətlərin bazardakı tələbi qarşılaya bilməməsidir. Ölkədə tələb var, amma istehsalçı zavodlar yerli dillerləri avtomobillə təmin edə bilmirlər. Pandemiyadan sonra yaranan bu vəziyyət hələ də davam edir.
  “Toyoto RAV4” hibrid modelinə kifayət qədər tələb var, sadəcə ölkəyə məhdud sayda göndərilir. Təklif az olduğu üçün də bu modeli almaq istəyən alıcılar gözləmək məcburiyyətində qalırlar.
- Bəs, ikinci əl avtomobil bazarında vəziyyət necədir?
- İstismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılması ilə bağlı qərarın qəbulu, elektromobillərin təşviqatı da bazarda alıcılıq qabiliyyətinə təsir edir. Son zamanlar köhnə avtomobillərlə bağlı olan qərarlar insanların ikinci əl maşın bazarına olan marağının azalmasına səbəb olub. Alıcılar daha əlverişli şərtlərlə təzə maşın almaq istəyirlər. İkinci əl bazarındakı durğunluğun bir səbəbi də ölkədə köhnə avtomobillərin utilizasiyası ilə bağlı prosesin aktuallaşması və utilizasiya haqqında qanunun parlamentdə müzakirəyə çıxarılması, mediada ciddi müzakirə predmetinə çevrilməsi oldu. İkinci əl avtomobil almaq istəyən insanlar hələlik bu barədə veriləcək yekun qərarı gözləyirlər.
- İstehsalçı zavodlar niyə tələbi qarşılaya bilmir?
- Pandemiya zamanı bütün dünyada tətbiq olunan məhdudiyyətlər, iqtisadi aktivliyin azalması və istehsalın kütləvi məhdudlaşması bu sahəyə ciddi zərbə vurdu. Məhdudiyyət zamanı avtomobil istehsal edən zavodların da işində ləngimələr olduğundan sifariş aldıqları müqavilələri təmin edib, avtomobilləri vaxtında təslim edə bilmədilər. Nəticədə əməkdaşlıq etdikləri ölkələrdən gələn tələblər fonunda “kvota” məsələn, ayda 50 maşın idisə, indi zavod dünyada olan rəsmi distribüterlərin təmin edə bilmədiyi üçün kvotanı aşağı salıb. Bu problem demək olar bütün markalarda müşahidə olunur. Hətta ölkəmizdə çox satılan, tanınmış markaların “göz bəbəyi” hesab olunan modelləri “Showroom”da görsək də, “stok”larda olmur və ən azı 3 -5 aya gələcəyini deyirlər.
- Hökumət hibrid avtomobillər və elektromobillərin Azərbaycana gətirilməsini stimullaşdırır və bu məqsədlə bir sıra güzəştlər edib. Nəticəsi varmı?
- Bizim Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına elektromobillərlə bağlı çoxsaylı müraciətlər edilir. Təqdirəlayiq haldır ki, elektromobillərin ölkəmizə gətirilməsini stimullaşdırmaq üçün dövlət tərəfindən kifayət qədər təşviqedici addımlar atılıb. Düşünürəm ki, son addımlar Azərbaycanda avtomobil parkının yenilənməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, elektromobillərin idxalı həm 18 faizlik əlavə dəyər vergisindən, həm də 15 faizlik rüsumdan azad edilib. Eyni zamanda elektrik avtomobillərinə ilkin ödəniş 10 faiz, hibrid avtomobillərinə ilkin ödəniş 20 faizi təyin edilib. Bütün bunlar elektromobillərin Azərbaycanda təşviqi istiqamətində aparılan uğurlu işlərin tərkib hissəsi, avtomobil parkının yenilənməsi istiqamətində atılan ən mühüm addımlardandır. Lakin bizdə bu sahədə infrastrukturla bağlı problem bu sahənin inkişafına mane olur. Məsələn, Azərbaycanda elektromobillər üçün Elektrik Doldurma Məntəqələrinin (EDM) sayı kifayət qədər deyil. Ona görə də bir çox vətəndaşın elektromobilə marağı olsa da bu çatışmazlıq onu həvəsdən salır. Düzdür, indi özəl sektor nümayəndələri ictimai iaşə obyektlərinin qarşısında EDM-lər quraşdırır. Say məhdud olsa da, özəl sektorun dövlətin işinə dəstəyi alqışalayiqdir. Yaxın 1-2 il ərzində dövlətin də paytaxtdan kənarları da şarj alətləri ilə təmin edəcəyini zənn edirəm.
- Eyyub müəllim, son olaraq qiymətlərlə bağlı proqnozlarınız maraqlıdır...
- Yeni avtomobillərin bahalaşmasına səbəb istehsalçı tərəfin avtomobilin qiymətini qaldırması və gömrük, yol xərclərinin bahalaşmasıdır. Əks halda bazarda qiymətlər olduğu kimi qalır. Lakin təəssüfləndirici haldır ki, az qala hər ay logistika xərclərində artım müşahidə olunur. Bu da bazar qiymətlərinə təsir edir. Amma bəzi rəsmi dillerlər öz markalarından kəsərək avtomobillərin qiymətini stabil saxlamağa çalışırlar.
  İkinci əl avtomobillərin qiymətinə gəldikdə isə bu sahədəki vəziyyət köhnə avtomobillərə tutulacaq utilizasiya rüsumundan asılıdır. Ümid edirəm ki, yaxın illərdə istehsal tarixi köhnə avtomobillərin daxili bazara yox, üçüncü ölkələrə satılmasına nail olacağıq. Biz Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq bu məsələ ilə bağlı dövlət üçün bir layihə üzərində işləyirik. Hazırda Azərbaycanın avtomobil parkının çox hissəsi köhnə avtomobillərdən ibarət olduğu üçün yenilənməyə çox ehtiyac var. Asan iş olmasa da, prosesi mərhələli şəkildə icra etmək olar.