Bir gündə çimərliklərdə 42 uşaq itib  - Valideyn nəzarətsizliyi

Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.
  
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir: "Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.
  
Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.
DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir". 
  
Sosioloq Elçin Bayramlı isə deyib ki,  “Sherg.az"a açıqlamasında uşaqların çimərlikdə, dənizdə və ya hovuzda təhlükəsizliyi valideynlər üçün prioritet olmalıdır: 

“Lakin çox təəssüflər ki, son vaxtlar valideynlər arasında məsuliyyətsizlik halları həddindən çox artıb. Bu da özünü çox pis hadisələrlə büruzə verir. Uşaqların itməsi, ölməsi, açıq quyulara düşməsi kimi bədbəxt hadisələrin hamısı valideyn nəzarətsizliyi səbəbindən baş verir. Bu, elə bir  haldır ki, inzibati yolla və yaxud da hansısa bir mexanizmlə tənzimləmək mümkün deyil. Bunu ancaq valideynlər özləri dərk edib, məsuliyyətlərinin fərqinə varmalıdır. Hər istirahətə gedən valideynə bir polis təhkim edib onun uşağını təhlükələrdən qoruya bilmərik axı!? 


  Həftə sonu mən də çimərlikdə  idim. Çimərlik əməkdaşları fasiləsiz olaraq təhlükəsizlik tədbirləri icra edir, tez-tez səsgücləndirici ilə xəbərdarlıq edirdilər ki, uşaqlarınızı nəzarətsiz buraxmayın. Buna rəğmən az sonra  nəzarətçilərin çimərlikdə nəzarətsiz tapdığı  uşağın valideynini axtarmasına şahid olduq. Dənizin sahili kimi təhlükəli bir yerdə  uşağı necə gözdən qoymaq olar axı!? Yaxşı olar ki,  bu cür yerlərdə uşaqlarına nəzarət edə bilməyən valideynlər onları aparmasın. Valideynlərin məsuliyyət məsələsi bizdə qanunla tənzimlənmir. Amma bir çox ölkələrdə bu kimi hallar baş verdikdə valideyn sərt cəzalandırılır. Bizdə istər həyətdə, istər evdə, istər şəhərdə, küçədə gəzərkən “əşi, heç nə olmaz” prinsipi ilə uşağı tamamilə buraxırlar”.