42 dərəcə istilərdə işlər dayandırılmalıdır 

Tikintidə və digər sahələrdə açıq hava altında günəmuzd işləyən insanların bu hüquqları təmin edilmir


  Havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir. Üstəlik, həftənin sonunadək Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı, havanın temperaturunun 37-40 dərəcəyə çatacağı, zəif küləklərin əsəcəyi gözlənilir. 
  Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər: “Şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur. Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”.
  Qeyd edək ki, müvafiq qurumların xəbərdarlığına rəğmən  açıq havada çalışanlar, xüsusən də tikinti sektorunda işləyənlərin çoxu günorta saatlarında işlərini dayandırmır, adi qaydada işlərinə davam edirlər.
  Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Sherg.az"a açıqlamasında deyib ki,  havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir:

"Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. 
  Bu tələb kondisioner və digər soyuducu  vasitələrlə soyudulan qapalı  iş yerlərinə şamil edilmir. Vətəndaşlar 41 dərəcə isti olduğu halda açıq havada əməyə cəlb olunurlarsa, onlar ərazidə olan müfəttişliyə müraciət etməlidirlər".

  M.Qəhrəmanlının sözlərinə görə, hər nə qədər qanunvericilikdə  işçi haqları  qorunsa da, tikintidə və digər sahələrdə açıq hava altında günəmuzd  işləyən insanların bu hüquqları təmin edilmir: “Şirkətlər fəhlənin ehtiyac sahibi olmasından sui-istifadə edərək 40 dərəcəlik isti günlərdə belə onlardan iş tələb edir. Halbuki günün isti saatlarında açıq havada çalışmaq insan orqanizmi üçün  çox zərərlidir. Bir çox ölkələrdə isti havada açıq şəraitdə çalışanlara günəş şüasından qoruyan xüsusi geyimlər verilməlidir. Fəhlələr bol maye, su ilə təmin edilməlidir”.

  Əmək məsələləri üzrə ekspert Azər Quliyev isə bu barədə sosial media hesabında yazıb. O deyib ki, son dövrlərdə havaların olduqca isti keçməsi  - bu barədə əmək qanunvericiliyində olan normativ hüquqi aktların mütəmadi olaraq xatırlanması üçün zərurət yaradır: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 133-cü maddəsinə əsasən, soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması mütləqdir.  İşçilərə aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, soyuq iş vaxtlarında qızdırılmayan qapalı binalarda işlədikləri vaxt onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti, açıq iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu müddət üçün fasilələr verilir, iş dayandırılır.  Küləkli havalarda işlərin dayandırılması və  fasilələr verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə 2-ci əlavədə göstərilib. 
  Fasilələr iş vaxtına daxil edilir, bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.  İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı:  işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.  Əmək Məcəlləsinin bu tələblərini  pozan işəgötürənlər,  vəzifəli şəxslər üçün  intizam, inzibati, cinayət məsuliyyəti nəzərdə tutulub.  Lakin çox təəssüf ki, AR-nin Əmək Məcəlləsində nəzərdə tutulan bu  tələblərə praktikada əksər hallarda əməl olunmur. Bunun isə başlıca səbəbi Əmək Məcəlləsində olan və isti hava ilə əlaqədar - 41 dərəcədən çox olması  həddinin yüksək olmasıdır”. 

  Ekspert hesab edir ki, qanunvericilikdə müvafiq maddə ilə bağlı dəyişiklik olmalıdır: "Havanın temperaturu 40 dərəcədirsə, işçi açıq havada necə işləsin? O hədd aşağı salınmalıdır.  Belə çıxır ki, biz çox da isti olmayan ölkədə yaşayırıq və ölkəmizdə  temperatur çox nazir hallarda 41 dərəcədən yüksək olur. Halbuki 38 dərəcə selsinin özü belə açıq hava şəraitində işləyən insanların həyatı üçün kifayət qədər təhlükəli havadır. Yox, əgər isti hava şəraitli ölkədə yaşayırıqsa, onda havanın proqnozu müvafiq orqanlar tərəfindən düzgün göstərilmir. İşəgötürənlər  müxtəlif əsassız və qanunsuz səbəblərlə Əmək Məcəlləsinin bu tələbinə əməl etmirlər. Əmək Məcəlləsinin bu tələbinə dövlət və ictimai nəzarəti həyata keçirməli olan Əmək Müfəttişliyi və Həmkarlar ittifaqlarının bu sahəyə nəzarətləri zəifdir”.