"Tələbə ordusu" gəlir: Kirayə mənzillərin qiyməti artacaq?


  Yaxın günlərdə kirayə mənzil bazarında canlanma gözlənilir. Tələbələrin gəlməyinə sayılı həftələr qaldığını xatırladan ekspertlərin fikrincə, bu aktivlik qiymətlərdən də yan keçməyəcək. Daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik edən şəxslərin dediyinə görə, hər il ortalama hesabla kirayə bazarında 10 faizdən artıq bahalaşma olur. Onlar bildirib ki, hazırda baha qiymətə təklif olunan evlər tələbələr üçün əlçatan olmadığından onlar artıq universitetə yaxın ərazilərdə yox, daha çox münasib qiymətə olan evlərə üstünlük verirlər.
  Ekspertlər isə hesab edir ki,  tələbə yataqxanalarının fəaliyyətinin bərpası bu problemi müəyyən qədər həll edər. 
  Qeyd edək ki, əvvəlki illərdən təhsil alan tələbələrin əksəriyyəti yay tətilində rayonlarda qalmasalar belə aylıq kirayə haqqını ödəməklə evlərini saxlayıblar.
  Daşınmaz əmlak eksperti Ramil Qasımzadə “Sherg.az"a açıqlamasında deyib ki, kirayə mənzil bazarına tələbat  avqustun sonu, sentyabrın əvvəlində artacaq. Ondan sonrakı dövrdə isə qiymələrdə cüzi enmə müşahidə ediləcək: 

“Hazırda kirayə mənzil bazarında sabitlik  müşahidə edilsə də, bunun “fırtına öncəsi səssizlik” olduğunu güman edirəm. Cari ayın sonlarından etibarən paytaxta  “tələbə ordusu” gələcək və kütləvi tələb qiymətlərə təsir  edəcək.  Yerləşdiyi məkandan asılı olaraq hazırda 1 otaqlı mənzillərin qiyməti 300-400, 2 otaqlı mənzillər isə 400- 650  manat, 3 otaqlılar isə 500 manatdan baha qiymətə təklif olunur. Yeni tikili binalarda kirayə verilən mənzillərin bir kvadrat metrəsi 8-10  manata təklif edilir”. 
  Ekspertin sözlərinə görə, dərs ilinin  başlaması ilə əlaqədar növbəti aydan köhnə və ucuz mənzillərə tələb artdığı üçün belə evlərə maraq göstərən insanlar çətinlik çəkəcəklər: “Tələbələr adətən 1-2 otaqlı mənzillərdə qalmağa üstünlük  verdiyi üçün qiymət artımı da məhz bu istiqamətdə  olacaq. İldən-ilə evlərin qiyməti qalxdığı üçün 3-4 tələbə  birləşərək bir ev  tutub, kirayə haqqını bölüşürlər”. 
  R.Qasımzadə hesab edir ki, ay sonundan başlayan canlanma noyabr- dekabr ayına qədər davam edəcək və həmin aylarda  yenidən  stabilləşmə müşahidə ediləcək.